Rusiya XİN-dəki dairələr deyəsən “Qarabağ” səhifəsini bağlaya bilmirlər.
Mariya Zaxarovanın Qarabağı xatırladaraq İrəvanı günahkar çıxarması rus diplomatiyasının ənənəvi gedişidir. Rusiya XİN-nin bu açıqlaması əslində Ermənistan cəmiyyətinin revanşist dairələrinə hesablanıb.
Mesaj isə aydındır: Paşinyana iqtisadi təzyiqləri nəticə verməyən Moskva yenidən “Qarabağ kartı”na əl atıb.
Rusiya bununla eyni zamanda Cənubi Qafqazda “tarixi mövcudluğunu” xatırladır, Bakı və İrəvan arasında sülh sazişi prosesində “qapı arxasında” qalmaq istəmədiyini nümayiş etdirir.
Putinin bu günkü zəngi də Ukrayna ilə müharibənin coğrafiyasının genişlənməsi fonunda maraqlıdır.
Kreml Paşinyandan geoplitik seçim etməyi tələb edir. Bu, açıq-aydın Ermənistana təzyiqdir. Çünki Paşinyanın belə seçim etməyə nə siyasi gücü, nə də geopolitik dəstəyi var.
Bakı isə İrəvanla danışıqlarda, həmçinin enerji-logistika savaşlarında öz maraqlarını güclü və ardıcıl şəkildə müdafiə edə bilir.
Rusiya XİN-nin “qəfildən” Qarabağı yada salması, Putinin Paşinyandan “seçim et!” tələbi regionda böyük güclərin qarşıdurmasının indikatorlarıdır. Amma bu qarşıdurmada Qarabağın yenindən xatırlanması yolverilməzdir. “Qarabağ səhifəsi” artıq bağlanb.
Azərbaycan XİN-nin sərt bəyanatı göstərdi ki, Bakı belə demarşlara çox sərt gedişlə cavab verməyə hazırdır. Putinin zənginin bir məqamı da bununla bağlı narahatlığından dolayı ola bilər.
Kremldə “özfəaliyyət” həmişə Rusiya üçün problem yaradıb.
Xaqani SƏFƏROĞLU