Azərbaycanda 220 minə yaxın əcnəbi yaşayır– Qanunsuz miqrasiya ilə bağlı son rəqəmlər

Azərbaycanda hazırda yaşayan əcnəbilərin sayı 210–220 min nəfər arasında dəyişir. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, ölkədə qanunsuz miqrasiya vəziyyəti nəzarət altındadır və ciddi təhlükə yaratmır.

AZPOST xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur zamanı məlumat verib.

Onun sözlərinə görə, bəzi ölkələrdə qanunsuz miqrasiya ciddi sosial və təhlükəsizlik problemlərinə səbəb olsa da, Azərbaycanda vəziyyət idarəolunan səviyyədədir.

Vüsal Hüseynov bildirib ki, ölkədə yaşayan əcnəbilərin sayı mövsümdən asılı olaraq dəyişir. Yay aylarında turist axınının artması səbəbindən bu göstərici yüksəlir. Ümumi statistika fonunda qanunsuz yaşayan şəxslərin sayı isə nisbətən azdır.

9 min 757 inzibati qərar qəbul edilib

Dövlət Miqrasiya Xidmətinin rəisi qeyd edib ki, hesabat dövründə qanunsuz miqrasiyaya qarşı görülən tədbirlər çərçivəsində 9 min 757 inzibati qərar qəbul olunub.

Bu qərarlar əsasən Dövlət Miqrasiya Xidmətinin apardığı yoxlamalar və elektron informasiya sistemləri vasitəsilə aşkarlanan, daha sonra hüquqi statusu tənzimlənən əcnəbilərlə bağlı olub.

800-ə yaxın əcnəbi deportasiya olunub

Rəsmi məlumata görə, hesabat dövründə 800-ə yaxın əcnəbi barəsində inzibati qaydada ölkədən çıxarılma, yəni deportasiya qərarı qəbul edilib.

Vüsal Hüseynov bildirib ki, deportasiya olunan şəxslər üçün Azərbaycana giriş qadağasının müddəti törədilən inzibati pozuntunun xarakterindən asılı olaraq bir il, iki il, beş il və ya qanunvericilikdə nəzərdə tutulan digər müddətlər üçün müəyyən edilir.

Xidmət rəisinin sözlərinə görə, hesabat dövründə qanunsuz miqrasiyanın təşkili və digər miqrasiya yönümlü qanunsuz əməllərlə bağlı 4 fakt hüquq-mühafizə orqanlarına təqdim edilib.

Bu hallara üçüncü ölkələrə qanunsuz keçid məqsədilə şəxslərin Azərbaycana gətirilməsi, müxtəlif vədlərlə aldadılaraq ölkəyə dəvət olunması, maddi maraq müqabilində qanunsuz miqrasiya sxemlərinə cəlb edilməsi və nəticədə onların qanunsuz vəziyyətə salınması daxildir.

Bu il 399 nəfərin readmissiyası həyata keçirilib

Vüsal Hüseynov bildirib ki, cari il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib. Onlardan 306 nəfəri əsasən Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana qaytarılan Azərbaycan vətəndaşlarıdır.

O əlavə edib ki, yaxın vaxtlarda növbəti readmissiya tədbirinin çarter reysi ilə həyata keçirilməsi planlaşdırılır. Bu barədə yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.