“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qayıdışa aparan yol” layihəsinin icrasını yekunlaşdırıb. Layihə zamanı eyni adlı 2 maarifləndirici televiziya verilişləri təşkil olunub.
QHT.az xəbər verir ki, verilişin qonaqları BƏCİB-in idarə heyəti üzvü, təqaüddə olan general-mayor, “Xaosdan Zəkaya Doğru” və “Qayıdışa Aparan Yol” kitablarının müəllifi Hüseyn Əlixanov, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist, 2024-cü ildə Xocalıya köçən Səriyyə Müslümqızı, BƏCİB-in İdarə Heyəti üzvləri- şəhid pokovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, BDU-nun professoru, əməkdar jurnalist Allahverdi Məmmədli və “Xankəndi” Məcburi Köçkünlərə Kömək İB-in sədri Xatirə Vəliyeva olmuşlar. Xüsusilə gənc nəsildə tarixi qavrayışın artması, cəmiyyətin ümumi vətənpərvərlik səviyyəsinin yüksəlməsinə yönəlmiş verilişlər zamanı dövlətmizin müstəqillik uğrunda keçdiyi çətin dövrlər, xalqın mübarizəsi, zəfər və böyük qayıdışla bağlı söhbətlər aparılıb.
Üç ay davam edən layihə zamanı Bakının Qaradağ rayonunun “Qobu Park-2” yaşayış kompleksində və digər yerlərdə şəhid ailələri, müharibə əlilləri və digər əlilliyi olan şəxslər, məcburi köçkünlərlə görüşlər keçirilmiş, onların mövcud problemlərinin qeydiyyatı aparılmış, maarifləndirmə məqsədi ilə onları maraqlandıran suallar cavablandırılmışdır. Onların problemlərin həlli üçün aidiyyəti dövlət qurumlarına müraciət edilmişdir. Layihənin icrası zamanı görülən işlər KİV-lərdə və sosial şəbəkələrdə işıqlandırılıb.
Layihə rəhbəri Tahir Xudiyevin dediyi kimi, qayıdışa aparan yol göstərir ki, azadlığa və sülhə gedən yol həm qəhrəmanlıq, həm də mənəvi güc yoludur. Qarabağa qayıdış Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcıdır. Qeyd edilib ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB layihədənkənar vaxtlarda da imtiyazlı şəxşlərin müraciəti əsasında onlarla görüşüb maarifləndirmə işləri aparır, sosial problemlərinin həllinə dəstək göstərir, lazım gəldikdə ictimai vəkillik də edir.
