“Starship” ildə 10 milyon ton yükü orbitə daşıyacaq –İlon Mask açıqladı

İlon Maskın
İlon Maskın

ABŞ-ın “SpaceX” şirkəti gələcəkdə “Starship” kosmik sistemi vasitəsilə ildə 10 milyon tona qədər yükü Yer orbitinə çatdırmağı planlaşdırır.

Bu barədə şirkətin rəhbəri İlon Mask “SpaceX”in rüblük maliyyə hesabatının təqdimatından sonra keçirilən audiokonfransda bildirib.

Mask qeyd edib ki, hazırda şirkət “Falcon” raketləri ilə ildə təxminən 2,5 min ton yükü orbitə daşıyır. Onun sözlərinə görə, digər bütün şirkətlərin birlikdə orbitə çıxardığı yük isə təxminən 300 ton təşkil edir. Beləliklə, Yer orbitinə göndərilən yüklərin 80-90 faizi “SpaceX”in payına düşür.

“Starship” layihəsinin bu göstəricini kəskin şəkildə artıracağını vurğulayan İlon Mask bildirib ki, yeni kosmik sistem əvvəlcə ildə 1 milyon tondan çox, uzunmüddətli perspektivdə isə 10 milyon tona qədər yükü orbitə çıxarmaq imkanına malik olacaq.

Xatırladaq ki, iyul ayında “SpaceX” “Starship”in prototipi ilə 13-cü sınaq uçuşunu həyata keçirib. Şirkət ilk dəfə olaraq gəminin V3 versiyası vasitəsilə 20 “Starlink” peykini orbitə çıxarmağa nail olub. Missiyadan sonra “Starship” Hind okeanına uğurla eniş edib.

Şirkətin planına görə, “Starship” təkcə peyklərin orbitə çıxarılması üçün deyil, həm də pilotlu kosmik uçuşlar, Ay və Mars missiyaları, eləcə də daha uzaq kosmik ekspedisiyalar üçün universal platforma kimi istifadə olunacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.