İngiltərədə hepatit C ilə mübarizədə tarixi nəticə –100 mindən çox insan müalicə olunub

koronavirus
koronavirus

İngiltərə hepatit C virusunun aradan qaldırılması istiqamətində mühüm nəticə əldə edib. Ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2030-cu il üçün müəyyən etdiyi əsas hədəflərdən birinə vaxtından əvvəl çataraq hepatit C ilə mübarizədə dünyada ön sıralara çıxıb.

BBC-nin məlumatına görə, İngiltərə Milli Səhiyyə Xidmətinin (NHS) açıqladığı rəqəmlər göstərir ki, 2015-ci ildən etibarən ölkədə hepatit C diaqnozu qoyulan 100 mindən çox insan müalicə alıb.

Hepatit C qaraciyəri zədələyən virus infeksiyasıdır və əsasən yoluxmuş qanla təmas nəticəsində yayılır. Xəstəlik uzun müddət heç bir aşkar əlamət verməyə bilər. Bu səbəbdən insanların vaxtında testdən keçirilməsi xəstəliyin aşkarlanması və müalicəsində mühüm əhəmiyyət daşıyır.

ÜST 2016-cı ildə hepatit C ilə mübarizə üzrə qlobal strategiya çərçivəsində 2030-cu ilədək məlum hepatit C hallarının 80 faizinin müalicə olunması hədəfini müəyyənləşdirib. İngiltərə isə bu göstəriciyə artıq çatdığını açıqlayıb.

Ölkədə görülən tədbirlər nəticəsində hepatit C ilə əlaqəli ölüm hallarında da ciddi azalma qeydə alınıb. Məlumata görə, 2016-cı ildən bəri xəstəliklə əlaqəli illik ölüm sayı 36 faiz azalıb.

Böyük Britaniyanın səhiyyə naziri İvett Kuper İngiltərənin hepatit C-nin tamamilə aradan qaldırılması istiqamətində dünyada aparıcı mövqedə olduğunu bildirib.

Onun sözlərinə görə, xəstəliyin aşkarlanmasında müxtəlif test imkanlarının genişləndirilməsi mühüm rol oynayıb. Xəstəxanaların təcili yardım şöbələrində qan analizlərinin aparılması, ailə həkimlərinə müraciət zamanı testlərin keçirilməsi və insanların evdə istifadə edə bilməsi üçün pulsuz testlərin təqdim olunması əvvəllər diaqnoz qoyulmamış xəstələrin müəyyənləşdirilməsinə imkan verib.

İngiltərənin təcrübəsi göstərir ki, hepatit C ilə mübarizədə yalnız müalicə deyil, xəstəliyin erkən aşkarlanması və test imkanlarının əlçatan olması da həlledici amillərdəndir. Ölkə qarşıdakı mərhələdə əsas diqqəti yeni yoluxmaların qarşısının alınmasına və xəstəliyin tamamilə aradan qaldırılmasına yönəldir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.