İranın İordaniyadakı Muvaffak Salti aviabazasına endirdiyi raket zərbələri nəticəsində bir neçə ABŞ hərbi təyyarəsi zədələnib.
CBS News vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, aviabazada yerləşən təxminən 8 ədəd F-15 qırıcısı yüngül zərər görüb. Təyyarələr daha sonra yenidən istismara qaytarılıb.
Zərbə nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus A-10 Thunderbolt hücum təyyarələrindən biri isə daha ciddi zədələnib və onun qanadı qopub.
İranın İordaniyaya zərbələri nəticəsində ABŞ hərbçiləri arasında ölən və ya yaralananların olduğu barədə məlumat verilməyib.
ABŞ 30-dan çox “Patriot” raketi buraxıb
Məlumata görə, İranın hücumundan müdafiə olunmaq üçün İordaniyada yerləşən ABŞ qüvvələri 30-dan çox “Patriot” zenit raketi buraxıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İranın 5 neft tankerini məhv etdiyini açıqlamasından sonra İordaniyadakı aviabazaya raket zərbəsi endirib.
ABŞ daha əvvəl İran qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə hücum etməyə cəhd göstərməsinə cavab olaraq 5 İran tankerini məhv etdiyini bildirmişdi.
Bundan sonra SEPAH 8 tankerə, 2 hərbi gəmiyə və İordaniyadakı ABŞ aviabazasına zərbələr endirdiyini açıqlayıb.
Muvaffak Salti aviabazası ABŞ-ın regiondakı mühüm hərbi obyektlərindən biridir və İrana qarşı əməliyyatlarda istifadə olunur.