Həyatında nə edəcəyini bilmədiyi, gələcəyinin hansı istiqamətdə getdiyinə əmin olmadığı dövrləri bir çox insan yaşayır. Bəzən insan gündəlik işlərini əvvəlki kimi davam etdirir, lakin daxilən hara getdiyini və növbəti addımının nə olmalı olduğunu anlaya bilmir.
Mütəxəssislərin fikrincə, insanın daxili vəziyyəti bəzən onun adi danışığında da özünü göstərir. “YourTango” bu vəziyyəti ifadə edə bilən 8 cümləni təqdim edib.
“Mən nə etdiyimi bilmirəm”
Bu ifadə insanın özünü çarəsiz hiss etdiyini və bundan sonra nə edəcəyi barədə aydın təsəvvürünün olmadığını göstərə bilər. Xüsusilə adətən problemlərinin həllini özü tapmağa çalışan insan bunu tez-tez deyirsə, diqqət yetirmək lazımdır.
“Mənə elə gəlir ki, hamıdan geri qalmışam”
İnsanın özünü davamlı olaraq başqaları ilə müqayisə etməsi özünəinam hissini zəiflədə bilər. Ətrafındakı insanların artıq uğur qazandığını, karyera qurduğunu və ya şəxsi həyatını qaydaya saldığını düşünən insan özünü yerində sayırmış kimi hiss edə bilər.
Lakin kənardan görünən mənzərə heç də həmişə reallığı əks etdirmir. Başqaları da öz qərarları və gələcəyi ilə bağlı şübhələr yaşaya bilər.
“Nəyinsə çatışmadığını dəqiq hiss edirəm”
Daxili boşluq hissi həyatın monoton rutinə çevrildiyi zaman ortaya çıxa bilər. İnsan dəyişiklik istədiyini anlayır, amma konkret olaraq nəyi dəyişməli olduğunu bilmir.
Bu zaman dəyişiklik etmək istəyinin də azalması vəziyyəti daha ağır hiss etdirə bilər.
“Mən çevrildiyim insanı tanımıram”
Bu cümlə insanın indiki vəziyyəti ilə əvvəlki özünü arasında böyük məsafə hiss etdiyini göstərə bilər. Həyat tərzində, prioritetlərdə və davranışlarda baş verən dəyişikliklər bəzən insanda öz şəxsiyyəti ilə əlaqəsini itirdiyi təəssüratı yaradır.
Belə vəziyyət uzun müddət davam edərsə, insan öz psixoloji durumuna daha ciddi diqqət yetirməlidir.
“Kaş hər şeyə yenidən başlaya biləydim”
Həyatında uzun müddət uğursuzluq və narazılıq yaşayan insan hər şeyi sıfırdan başlamaq istəyə bilər. Bu halda gündəlik həyatdakı kiçik dəyişikliklər ona kifayət etmir və həyatını tamamilə yenidən qurmalı olduğunu düşünür.
“Bilmirəm, nəsə qaydasında deyil, yoxsa sadəcə yorulmuşam”
Yorğunluq həmişə yalnız fiziki olmur. Güclü emosional gərginlik də insanı enerjisiz və motivasiyasız qoya bilər.
Bu səbəbdən insan bəzən sadəcə istirahətə ehtiyacı olduğunu, yoxsa vəziyyətin daha dərin emosional səbəblərlə bağlı olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.
“Kaş kimsə mənə nə etməli olduğumu desə”
Növbəti addımın nə olacağını bilməyən insan ətrafındakılardan hazır həllər axtarmağa başlaya bilər. Daim qərar vermək məcburiyyəti, xüsusilə insan stress və qeyri-müəyyənlik içindədirsə, onu daha da yorur.
“Görəsən, nə vaxtsa hər şey yaxşı olacaq?”
Vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə dair davamlı şübhələr güclü emosional tükənmə və ümidsizlik hissindən xəbər verə bilər.
Belə vəziyyətdə insan öz hisslərini görməzdən gəlməməlidir. Bəzən ilk addım yaxın insanla sadə söhbət etmək və ya peşəkar dəstəyə müraciət etmək olur.
Mütəxəssislər bildirirlər ki, müəyyən müddət ərzində özünü itirmiş və ya gələcəyi ilə bağlı əmin olmayan hiss etmək mütləq ciddi problemin göstəricisi deyil. Həyatda insanın hansı istiqamətdə irəliləməli olduğunu müvəqqəti olaraq bilmədiyi mərhələlər ola bilər.
Lakin bu vəziyyət uzun müddət davam edir, gündəlik həyata, münasibətlərə və motivasiyaya ciddi təsir göstərirsə, ona daha diqqətlə yanaşmaq lazımdır.
Sunay Aydın