ABŞ-ın Anthropic şirkəti süni intellekt modeli Claude-dan İran və onunla əlaqəli strukturlar tərəfindən kəşfiyyat, hərbi və repressiv məqsədlərlə istifadə edildiyini açıqlayıb.
Şirkətin araşdırmasına görə, bu hallar 2025-ci ilin sonlarından 2026-cı ilin avqustuna qədər qeydə alınıb.
Anthropic bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli istifadəçilərdən biri Claude vasitəsilə avtomatlaşdırılmış kəşfiyyat aləti yaradıb. Sistem İsraildə yaşayan və Qərb ölkələrindəki yəhudi diasporasının yüzlərlə nümayəndəsi barədə açıq mənbələrdən məlumat toplayıb və təhlil edib.
Toplanan məlumatlardan potensial hədəflərin siyahılarının genişləndirilməsi, həmçinin İsrail və ABŞ vətəndaşları, o cümlədən dövlət qulluqçuları və qeyri-hökumət təşkilatlarının əməkdaşları barədə ətraflı profillərin hazırlanması üçün istifadə olunub.
ABŞ hərbçiləri və gəmiləri izlənilib
Anthropic-in məlumatına görə, başqa bir iranlı istifadəçi Claude-dan hərbi məqsədlərlə yararlanıb. Süni intellekt vasitəsilə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin mövqeləri izlənilib, hərbçilər müəyyənləşdirilib və dəniz infrastrukturunun zəif nöqtələri araşdırılıb.
Şirkət hesab edir ki, bu hallar süni intellektin artıq yalnız məlumatların təhlilində deyil, mürəkkəb əməliyyatların təşkilində də istifadə oluna bildiyini göstərir. Bununla belə, konkret hədəflərin seçilməsi ilə bağlı son qərarın insan tərəfindən verildiyi vurğulanıb.
Husilər Claude-dan raket layihəsində istifadə edib
Araşdırmada Yəməndəki husilərlə bağlı ayrıca epizod da yer alıb.
Məlumata görə, bir qrup mühəndis raket texnologiyaları üzərində işləyərkən Claude-dan proqram təminatı üzrə mütəxəssislərin əvəzi kimi istifadə edib. Onlar 2 min kilometrdən artıq mənzilə malik idarəolunan ballistik raket, həmçinin hipersəsli planlaşdırıcı qurğu ilə təchiz edilmiş variant hazırlamağa çalışıblar.
Uğursuz sınaqdan sonra mühəndislər baş verənlərin səbəblərini təhlil etmək üçün süni intellektə müraciət ediblər. Anthropic isə bu layihələrin real döyüş şəraitində istifadəyə çatdırıldığına dair təsdiqlənmiş sübut aşkarlamadığını bildirib.
İran daxilində də süni intellektlə izləmə aparılıb
Claude-dan İran daxilində hakimiyyətə qarşı çıxan şəxslərin izlənilməsi üçün də istifadə edilib.
İki təhlükəsizlik bölməsi 16 hesab yaradaraq sosial şəbəkələrdəki paylaşımları təhlil edib və minlərlə vətəndaş haqqında profillər hazırlayıb. Bölmələrdən biri isə namaz vaxtlarını göstərən tətbiq kimi təqdim edilən, əslində istifadəçilər barədə məlumatları gizli toplamaq üçün nəzərdə tutulan zərərli brauzer əlavəsi hazırlayıb.
İranla bağlı digər epizodlar isə informasiya müharibəsinə aiddir. Araşdırmaya əsasən, təbliğatçılar saxta şəxslər və şəbəkələr yaradıb, bəzi yalan məlumatları isə auditoriyanın etibarını artırmaq üçün tanınmış Qərb araşdırma mərkəzlərinin adına çıxıblar.
Anthropic həmçinin “Mücahidin-e Xəlq” təşkilatının Claude-dan minlərlə paylaşımın təhlili əsasında real fəalın təqlid edilməsi üçün istifadə etdiyini açıqlayıb.
Şirkətin hesabatında BƏƏ-dəki hakimiyyətlə əlaqəli strukturların isə BMT qurumları üçün saxta şahid ifadələrinin hazırlanmasında Claude-dan istifadə etdiyi qeyd olunur.
Anthropic İsrail-Sinqapur şirkətlərindən birinin də İran və Fars körfəzi ölkələrində istifadəçiləri təhlil edən platforma üzərində təcrübə apardığını bildirib. Sistem insanların siyasi mövqelərini müəyyənləşdirməli və yüzlərlə saxta profil yaratmalı idi. Lakin Anthropic platformaya çıxışı layihə real şəxslərə qarşı tətbiq edilməzdən əvvəl bloklayıb.
N.Talıblı