Pezeşkian ABŞ-ı ittiham etdi:“Region ölkələrini bir-birinə düşmən etmək istəyir”

İran Prezidenti Məsud Pezeşkian Tehranın müsəlman qonşuları ilə heç bir probleminin olmadığını bildirib və ABŞ-ı regionun dost və qardaş ölkələrini bir-birinə qarşı qoymağa çalışmaqda ittiham edib.

Pezeşkian bu barədə şənbə günü Hindistanda keçirilən BRICS sammiti çərçivəsində Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşündə danışıb.

İran prezidenti Yaxın Şərqdəki gərginliyin səbəblərindən danışarkən ABŞ və Avropanın siyasətini, həmçinin İsrailin fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, Qərbin “hegemon yanaşması” və İsrailin həyata keçirdiyi hərəkətlər regionda gərginliyin artmasına səbəb olur.

Pezeşkian bildirib ki, Qərb ölkələri Yaxın Şərqdə müstəqil dövlətlərin mövcud olmasını istəmir.

“Müsəlman qonşularımızla problemimiz yoxdur”

İran lideri qonşu və digər müsəlman ölkələri ilə münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Tehran bu əlaqələri davamlı və möhkəm əsasda inkişaf etdirmək niyyətindədir.

Pezeşkian bildirib ki, İran region ölkələri ilə qarşılıqlı əməkdaşlığın, xüsusilə də dostluq münasibətlərinin gücləndirilməsində maraqlıdır.

“İran heç bir səbəb olmadan hücuma məruz qaldı”

İran prezidenti ABŞ və İsraillə son müharibədən də danışıb.

Pezeşkianın sözlərinə görə, İran “heç bir səbəb olmadan” hücuma məruz qalıb. O, hücumlar nəticəsində ölkə rəhbərinin, uşaqların, komandirlərin və alimlərin öldürüldüyünü iddia edib. İran lideri bildirib ki, hücumların bir hissəsi qonşu ölkələrin ərazisindən həyata keçirilib. Buna görə Tehran, onun sözlərinə görə, özünü müdafiə etmək və hücumlarda istifadə olunan hərbi bazalara zərbələr endirmək məcburiyyətində qalıb.

Bununla belə, Pezeşkian İranın müharibə istəmədiyini bir daha bəyan edib.

“Biz müharibəyə və onun davam etdirilməsinə can atmırıq”, – İran prezidenti vurğulayıb.

“Regiona jandarm lazım deyil”

Pezeşkian Yaxın Şərqin təhlükəsizliyində xarici qüvvələrin iştirakına da qarşı çıxıb.

“Bizə regionda jandarm lazım deyil”, – deyən İran prezidenti bildirib ki, bölgə ölkələrinin ərazi bütövlüyü və təhlükəsizliyi onların özləri tərəfindən təmin edilməlidir.

Malayziya İrana dəstəyini açıqladı

Malayziyanın Baş naziri Ənvər İbrahim isə ABŞ və İsrailin İrana zərbələrini kəskin şəkildə pisləyib.

O, Malayziyanın İranın suverenliyini dəstəklədiyini bildirib və qeyd edib ki, Kuala-Lumpur müharibənin əvvəlindən bu məsələdə mövqeyini açıq şəkildə ifadə edib.

Ənvər İbrahim İranın ərazi bütövlüyünə və suverenliyinə “dərin hörmət” bəslədiklərini vurğulayıb.

Malayziyanın baş naziri həmçinin İran hakimiyyətinin və xalqının müqavimətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bir çox başqa ölkələr bir neçə gün ərzində məğlub ola bilərdi, lakin İran hücumlara müqavimət göstərməkdə davam edib.

Ənvər İbrahim İran-Malayziya münasibətlərinin, xüsusilə ticarət, iqtisadiyyat və təhsil sahələrində daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.