Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski ilə görüşüb.
Azpost.info APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında elm və ali təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Görüşün əsas mövzularından biri Azərbaycan-Rusiya birgə Universitetinin yaradılması məsələsi olub.
Tərəflər həmçinin Azərbaycan abituriyentlərinin Rusiya universitetlərində təhsil almağa artan marağını qeyd ediblər.
Məlumata görə, 1 oktyabr 2025-ci il tarixinə Rusiyada bütün təhsil formaları üzrə, Rusiya təhsil müəssisələrinin xarici filialları istisna olmaqla, 10 mindən çox Azərbaycan vətəndaşı ali təhsil proqramlarında təhsil alır.
Müqayisə üçün, 1 oktyabr 2024-cü il tarixinə Rusiyada ali təhsil alan azərbaycanlı tələbələrin sayı 9744 nəfər olub.
Beləliklə, bir il ərzində Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 10 min nəfərlik həddi keçib.
Azərbaycan-Rusiya birgə universitetinin yaradılması ilə bağlı müzakirələr isə iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın yeni mərhələyə keçə biləcəyinə işarə edir. Belə bir ali təhsil müəssisəsinin yaradılması azərbaycanlı tələbələr üçün Rusiyanın təhsil imkanlarına çıxışı genişləndirə, eyni zamanda iki ölkənin universitetləri arasında elmi və akademik əlaqələri gücləndirə bilər.