Azərbaycan-Türkiyə arasında milyardlarla dollarlıq layihələr –Ceyhun Bayramovdan mühüm açıqlamalar

Azərbaycan və Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2026-cı ilin ilk 8 ayında iki ölkə arasında iqtisadi əməkdaşlığın həcmi artıq 3,2 milyard dollar təşkil edib.

Ceyhun Bayramov Azərbaycanın Türkiyəyə investisiyalarının 20 milyard dollara, Türkiyənin Azərbaycana investisiyalarının isə 18 milyard dollara çatdığını bildirib.

“Azərbaycanda azad edilmiş ərazilər də daxil olmaqla, 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir”, – nazir qeyd edib.

Yeni 10 illik layihələr hazırlanır

Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Türkiyə arasında növbəti onilliklərə hesablanan yeni layihələr üzərində iş aparılır.

Onun sözlərinə görə, əsas istiqamətlərdən biri alternativ enerji sahəsidir.

“Alternativ enerji sahəsində Azərbaycanda istehsal olunan alternativ enerjinin Qara dəniz üzərindən Avropa bazarına çatdırılması, Naxçıvanı Türkiyə ilə birləşdirən enerji kabelini də qeyd etmək istərdim. Bu layihələr Avropa bazarına Türkiyə üzərindən tranzit olaraq alternativ enerji çatdırılmasıdır”, – Bayramov deyib.

Nazir Hökumətlərarası Komissiyanın fəaliyyətinə də böyük önəm verdiklərini vurğulayıb.

TDT-də əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov Azərbaycan-Türkiyə münasibətlərində humanitar sahənin də xüsusi əhəmiyyət daşıdığını bildirib.

Nazirin sözlərinə görə, görüş zamanı çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

“Gələn ay TDT-nin növbəti Zirvəsi keçiriləcək. Buna hazırlıq müzakirə edildi. Bu təşkilatda həmrəyliyin daha da gücləndirilməsi Azərbaycan və Türkiyə üçün hər zaman önəm kəsb edir”, – o qeyd edib.

Yaxın Şərq və Cənubi Qafqaz gündəmdə olub

Ceyhun Bayramov regionda gedən proseslərin Azərbaycanı və Türkiyəni narahat etdiyini bildirib.

“Yerləşdiyimiz coğrafiyada baş verən proseslər bizi narahat etməyə bilməz”, – nazir deyib.

O bildirib ki, görüşdə Yaxın Şərqdəki vəziyyət, münaqişənin genişlənmə potensialı və Azərbaycanla Türkiyənin bu istiqamətdə ata biləcəyi addımlar barədə fikir mübadiləsi aparılıb.

“Cənubi Qafqazda baş verən proseslər, sülh gündəliyi, növbəti atılması tələb olunacaq addımlar barəsində fikir mübadiləsi apardıq”, – Bayramov bildirib.

Nazir əlavə edib ki, baş verən proseslərlə bağlı türkiyəli həmkarını məlumatlandırıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.