Avropa İttifaqı Cənubi Qafqazı Avropa bazarına bağlayır –Orta Dəhlizə 12 milyard avro ayrıldı / BƏYANAT

Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirəcək yeni beynəlxalq nəqliyyat layihəsi həyata keçirəcək.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen layihəni sentyabrın 16-da Avropa İttifaqının vəziyyəti ilə bağlı illik çıxışı zamanı elan edib.

“Bu gün qarşılıqlı bağlılığın inkişafı üzrə yeni beynəlxalq layihəni elan edə bilərəm. Bu layihə Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirəcək. Söhbət “Orta Dəhliz” adlanan marşrutdan gedir”, – deyə fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Aİ “Global Gateway” proqramı çərçivəsində layihənin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etməyi planlaşdırır.

“Bizim məqsədimiz marşrutları şaxələndirmək və yüklərin daşınma müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır”, – Avropa Komissiyasının sədri deyib.

Orta Dəhliz nədir?

Orta Dəhliz Çinlə Avropanı birləşdirən və Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə ərazisindən keçən nəqliyyat marşrutudur.

Marşrutun inkişafı Asiya ilə Avropa arasında alternativ ticarət yollarının genişləndirilməsi baxımından nəzərdən keçirilir.

Layihənin həyata keçirilməsi Azərbaycanın da daxil olduğu Cənubi Qafqazın Avropa ilə Asiya arasındakı tranzit bağlantılarında rolunu daha da artırmaq potensialına malikdir.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.