Azərbaycanda investisiyanın istiqaməti dəyişir– Prezidentdən 5 əsas sahə üzrə mesaj

Azərbaycan qarşıdakı illərdə investisiyaların cəlb edilməsində yalnız neft-qaz sektoruna deyil, bərpaolunan enerji, logistika və nəqliyyat, rəqəmsal infrastruktur, elektrik enerjisi və mədən sənayesinə də xüsusi diqqət yetirəcək.

Azpost.info-nun məlumatına görə, Prezident İlham Əliyev bu barədə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışında bildirib.

Dövlət başçısının çıxışında Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı bir neçə əsas istiqamət önə çıxıb. Onun sözlərinə görə, indiyədək görülən işlər, sabit iqtisadiyyat və formalaşdırılmış maliyyə sistemi gələcək inkişaf üçün baza yaradıb.

30 ildə Azərbaycana 360 milyard dollardan çox sərmayə

Prezident bildirib ki, son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Bunun təxminən yarısını birbaşa xarici investisiyalar təşkil edir.

İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq bir çox beynəlxalq şirkət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir və əsas məqsəd bu imkanlardan istifadə etməklə uzunmüddətli və dayanıqlı iqtisadi artımı təmin etməkdir.

Bu baxımdan əsas hədəflərdən biri iqtisadiyyatda neft-qaz sektorundan kənar sahələrin inkişaf etdirilməsidir.

Bərpaolunan enerji: Xəzərdə 157 giqavat potensial

Prezidentin açıqladığı əsas istiqamətlərdən biri bərpaolunan enerjidir.

Onun sözlərinə görə, Azərbaycanın xüsusilə Xəzər dənizində böyük külək enerjisi potensialı var. Təkcə Azərbaycanın Xəzər sektorunda külək enerjisi potensialı 157 giqavat qiymətləndirilir. Məqsəd elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi, qənaət olunan qazın isə ixraca yönəldilməsidir. Prezident bildirib ki, qarşıdakı beş ildə bərpaolunan enerji layihələri geniş şəkildə reallaşdırılacaq.

Azərbaycan bununla həm daxili enerji tələbatını təmin etməyi, həm də gələcəkdə elektrik enerjisinin ixrac imkanlarını genişləndirməyi hədəfləyir.

Yeni elektrik xətləri tikiləcək

Çıxışda elektrik enerjisi infrastrukturunun genişləndirilməsi də ayrıca vurğulanıb.

Prezidentin sözlərinə görə, Azərbaycanda mövcud elektrikötürücü xətlərin gücü gələcək tələbat üçün kifayət etmir. Buna görə yeni elektrikötürücü xətlərin yaradılması və mövcud şəbəkələrin genişləndirilməsi üzərində iş aparılır.

Burada iki istiqamət nəzərdə tutulur: istehsal olunan enerjidən ölkə daxilində, o cümlədən süni intellekt və məlumat mərkəzləri kimi yeni texnologiya sahələrində istifadə etmək və elektrik enerjisini xarici bazarlara çıxarmaq.

Azərbaycanın yeni tranzit üstünlüyü

Prezident logistika və nəqliyyatı iqtisadiyyatın digər mühüm hərəkətverici qüvvəsi kimi göstərib. Azərbaycanın açıq dənizə çıxışının olmamasına baxmayaraq, qonşu ölkələrlə əməkdaşlıq, nəqliyyat infrastrukturu və regional bağlantılar ölkəyə yeni imkanlar yaradır.

İlham Əliyev bildirib ki, qlobal təchizat zəncirlərində yaranan problemlər fonunda logistika və nəqliyyat gələcəkdə daha böyük əhəmiyyət qazana bilər.

Bu istiqamətdə söhbət yalnız yolların, limanların və körpülərin tikintisindən getmir. Prezident rəqəmsallaşmanın, gömrük prosedurlarının sadələşdirilməsinin və yükdaşımaların emal prosesinin sürətləndirilməsinin də vacibliyini vurğulayıb.

Mədən sənayesində yeni mərhələ

Azərbaycanın investisiya cəlb etmək istədiyi digər sahə mədən sənayesidir.

Prezident bildirib ki, bir neçə gün əvvəl dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı qəbul edilib. Proqram 2027–2030-cu illəri əhatə edir və mineral resurslardan daha səmərəli istifadə, emal və istehsal imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Bu sahənin inkişafı xammal hasilatından daha yüksək əlavə dəyər yaradan istehsala keçid baxımından əhəmiyyət daşıyır.

Neft-qaz hələ də əsas olaraq qalacaq

Prezident çıxışında neft və qaz sektorunun rolunun azalmadığını da xüsusi vurğulayıb.

Onun sözlərinə görə, bu il bir sıra yeni müqavilələr imzalanıb və yeni müqavilələrin də imzalanması gözlənilir. Buna görə neft-qaz sektoru Azərbaycan iqtisadiyyatında dominant mövqeyini qoruyacaq və yeni investisiyaların maliyyə mənbələrindən biri olaraq qalacaq.

Prezident daha əvvəl bağlanmış neft-qaz müqavilələrinin də investor etimadında rolunu qeyd edib. Onun sözlərinə görə, 30 il əvvəl bağlanmış müqavilələrdə bu günə qədər dəyişiklik edilməməsi investorlar üçün mühüm amildir.

İnvestisiya xəritəsində yeni istiqamətlər

Beləliklə, Prezidentin forumdakı çıxışında Azərbaycanın gələcək investisiya xəritəsinin bir neçə əsas istiqaməti görünür: bərpaolunan enerji – logistika və nəqliyyat – elektrik infrastrukturu – rəqəmsallaşma və məlumat mərkəzləri – mədən və metallurgiya  neft-qaz.

Azərbaycanın təqdim etdiyi modeldə neft-qaz sektoru hələ də mühüm maliyyə və ixrac mənbəyi olaraq qalır. Eyni zamanda, əldə olunan gəlirlər və mövcud infrastruktur hesabına iqtisadiyyatın digər sahələrinə yeni investisiyaların cəlb edilməsi hədəflənir.

Prezidentin sözlərinə görə, əsas məqsəd iqtisadiyyatın uzunmüddətli və dayanıqlı inkişafını təmin etmək, neft-qazdan kənar sahələrdə mövcud potensialdan daha geniş istifadə etməkdir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun builki mövzusu da məhz qlobal iqtisadi dəyişikliklər fonunda Cənubi Qafqazın bağlantı və investisiya imkanlarına həsr olunub. Prezidentin forum iştirakçılarına müraciətində də ötən il Azərbaycanda ümumi dəyəri 10 milyard dollardan çox investisiya sazişlərinin imzalandığı, bunun 7 milyard dollardan çoxunun qeyri-neft sektoruna aid olduğu bildirilib.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.