Havaların soyuması ilə evlərdə kondisioner, su qızdırıcısı, elektrik radiatoru və digər məişət cihazlarının işləmə müddəti artır. Bu isə ailənin aylıq elektrik və qaz xərclərinə birbaşa təsir edir.
Xüsusilə elektriklə qızdırılan evlərdə noyabr-dekabr aylarında istehlakın 300 kVts həddini keçməsi hesabın daha sürətlə böyüməsinə səbəb ola bilər.
Elektrikin tarifi neçədir?
2026-cı ildən əhali üçün elektrik enerjisinin aylıq tarifləri belədir:
200 kVts-a qədər – 8,4 qəpik/kVts;
200–300 kVts – 10 qəpik/kVts;
300 kVts-dan yuxarı – 15 qəpik/kVts.
Bundan başqa, əhali üçün ayda 1 manat sabit tarif tətbiq edilir.
Məsələn, aylıq 200 kVts elektrik işlədən ailənin hesabı təxminən 17,80 manat, 300 kVts işlədən ailənin hesabı isə 27,80 manat olur.
400 kVts istehlakda isə hesab artıq 42,80 manata yüksəlir. 500 kVts istehlak edən ailədə aylıq ödəniş təxminən 57,80 manat təşkil edir.
Burada əsas məqam odur ki, 300 kVts-dan yuxarı istehlakın hər kilovat-saatı artıq 15 qəpikdən hesablanır. Yəni evdə əlavə elektrik qızdırıcılarının işlədilməsi hesabı daha sürətlə yüksəldə bilər.
Ən çox hansı cihaz xərc yaradır?
Məsələn, 2 kilovatlıq elektrik radiatoru gündə 4 saat işləsə, ay ərzində:
2 kVt × 4 saat × 30 gün = 240 kVts elektrik sərf edir.
Bu, təkcə bir radiatorun ay ərzində 240 kVts sərf etməsi deməkdir.
Ailə onsuz da soyuducu, işıqlandırma, televizor, kompüter, paltaryuyan və digər cihazlara ay ərzində 150–200 kVts xərcləyirsə, radiatorun qoşulması ümumi istehlakı 300–400 kVts səviyyəsinə çıxara bilər.
Kondisioneri isitmə rejimində işlətmək
Payızın sərin günlərində bir çox ailə elektrik radiatoru əvəzinə kondisioneri isitmə rejimində işlədir.
Məsələn, orta hesabla 1,2 kVt güc sərf edən kondisioner gündə 5 saat işləsə:
1,2 × 5 × 30 = 180 kVts
aylıq əlavə sərfiyyat yaradır.
Bu rəqəm kondisionerin modelindən, otağın temperaturundan, izolyasiyadan və kompressorun nə qədər müddət faktiki işləməsindən asılı olaraq dəyişir. Ona görə bu, nümunəvi hesablamadır.
Su qızdırıcısı da ciddi paya malikdir
Elektrik su qızdırıcısı, xüsusilə böyük həcmli boiler, evdə ən çox işləyən cihazlardan biridir.
Məsələn, 2 kVt gücündə su qızdırıcısının gündə 2 saat aktiv işlədiyini fərz etsək:
2 × 2 × 30 = 120 kVts aylıq sərfiyyat alınır.
Əgər cihaz temperaturu saxlamaq üçün gün ərzində dəfələrlə işə düşürsə, real sərfiyyat daha yüksək ola bilər.
Paltaryuyan və quruducu
Paltaryuyan maşının bir yuma proqramında sərf etdiyi elektrik proqramdan, temperaturdan və cihazın modelindən asılıdır. Nümunə üçün 0,7 kVts sərfiyyatla həftədə 5 yuma götürsək, ay ərzində təxminən 14–15 kVts elektrik alınır.
Quruducu isə daha çox enerji tələb edə bilər.
Məsələn, 2,5 kVt gücündə quruducu həftədə 3 dəfə, hər dəfə təxminən 1 saat işləsə:
2,5 × 12 = 30 kVts aylıq sərfiyyat yaranır.
Bu səbəbdən soyuq aylarda paltarların evdə qurudulması ilə bağlı quruducudan daha çox istifadə edən ailələrdə elektrik istehlakı da arta bilər.
Bir ailənin nümunəvi hesabı
Tutaq ki, bir evdə payız aylarında əvvəlki adi istehlak 150 kVts təşkil edir.
Ailə əlavə olaraq:
kondisioneri isitmə rejimində – 180 kVts;
su qızdırıcısını – 120 kVts;
elektrik radiatorunu – 240 kVts;
paltaryuyanı – 14 kVts;
quruducunu – 30 kVts
işlədir.
Bütün cihazların bu formada tam güclə işləməsi nəzəri nümunədir və real həyatda onların sərfiyyatı daha aşağı ola bilər.
Amma hesab göstərir ki, belə ssenaridə elektrik istehlakı 150 kVts-dan 700 kVts-dan yuxarı səviyyəyə çıxa bilər. Bu isə tarif pilləsinin yuxarı hissəsinə keçid deməkdir.
Qazda da əsas məsələ illik limitdir
Soyuq havalarda qazla qızdırılan evlərdə vəziyyət fərqlidir. Burada əsas məsələ aylıq deyil, illik istehlak həddidir.
2026-cı ildə əhali üçün:
1200 m³-dək – 12,5 qəpik/m³
1200–2500 m³ – 22 qəpik/m³
2500 m³-dən yuxarı – 30 qəpik/m³
tarif tətbiq olunur.
Bundan başqa, əhali üçün aylıq 1 manat sabit tarif var.
Bu o deməkdir ki, qazla qızdırılan evdə qış aylarında istehlakın yüksəlməsi təkcə həmin ayın hesabına deyil, il ərzində hansı tarif pilləsinə keçiləcəyinə də təsir edə bilər.
Bəs ailə nə edə bilər?
Elektrik hesabını azaltmağın ən sadə yolu yalnız cihazı az işlətmək deyil, onun işləmə müddətinə və temperaturuna nəzarət etməkdir.
Məsələn:
elektrik radiatorunu boş otaqda açıq saxlamaq;
su qızdırıcısını maksimum temperaturda işlətmək;
kondisioneri həddindən artıq yüksək temperaturda isitmə rejiminə qoymaq;
quruducudan hər xırda yuma üçün istifadə etmək;
istehlakı artıra bilər.
Digər tərəfdən, evin istilik izolyasiyası da böyük rol oynayır. Pəncərə və qapılardan istilik itkisi çoxdursa, qızdırıcı daha uzun müddət işləyəcək.
Yəni payızda kommunal xərcin artmasının səbəbi yalnız tarif deyil. Əsas məsələ evin nə qədər enerji tələb etməsi və hansı cihazların nə qədər müddət işləməsidir.
Azpost.info-nun hesablamasına görə, xüsusilə elektrik radiatoru + su qızdırıcısı + kondisioner eyni vaxtda aktiv istifadə olunursa, 300 kVts həddinin keçilməsi çox asanlaşır. Bu həddən sonra isə hər əlavə kilovat-saatın qiyməti daha yüksək tarif pilləsinə düşür.
S.Abdulla