41 il həbsdə qaldı:DNT nəticəsi 71 yaşlı məhbusun taleyini dəyişdi

ABŞ-ın Yuta ştatında məhkəmə 41 il həbsdə, o cümlədən onilliklər ərzində ölüm hökmü kameralarında saxlanılan 71 yaşlı Duqlas Stüart Karterin girov müqabilində azadlığa buraxılmasına qərar verib. Bu barədə CBS News məlumat yayıb.

Qərar yeni DNT analizinin Karterə aid genetik materialla heç bir uyğunluq aşkar etməməsindən sonra qəbul edilib.

Karter 1985-ci ildə o vaxt Provo şəhərinin polis rəisinin qohumu olan Eva Olesenin qətlinə görə ölüm cəzasına məhkum edilmişdi. Qadın qarət zamanı güllələnib və bıçaq xəsarətləri alıb.

İstintaq Karteri hadisə yerinə birbaşa bağlayan hər hansı fiziki sübut aşkar etməmişdi. Andlılar onu əsasən Karterin imzaladığı etiraf və onun qətllə öyündüyünü iddia edən iki şahidin ifadələri əsasında təqsirli bilmişdilər. Sonradan hər iki şahid ilkin ifadələrindən imtina edib.

Karter bütün bu illər ərzində günahsız olduğunu bildirib və etirafının polis təzyiqi altında alındığını deyib.

İşdə yeni dönüş ötən il Yuta Ali Məhkəməsinin yeni məhkəmə prosesi təyin etməsi ilə baş verib. Məhkəmə istintaqçılar və prokurorlardan birinin qəsdən törətdiyi çoxsaylı pozuntulara istinad edib.

Sentyabr ayında Yuta dairə prokurorluğu maddi sübutların yeni analizinin nəticələrini əldə edib. Qapı dəstəyindən götürülmüş DNT, həmçinin Olesenin öldürüldüyü bıçağın dəstəyində aşkarlanan genetik material Karterə uyğun gəlməyib.

Hakim Derek Pullen bildirib ki, yeni nəticələr Karterə qarşı ittihamları daha da zəiflədir. Bununla belə, o vurğulayıb ki, ağlabatan andlıların Karteri yenə də təqsirli hesab edə biləcəyi ehtimalını tamamilə istisna etmək olmaz.

Karterin azadlığa buraxılmasının şərtlərindən biri elektron GPS qolbağından istifadə etməsidir. Bundan başqa, ona mərhumun qohumları ilə əlaqə saxlamaq qadağan edilib.

Vəkili Nil Hamilton bildirib ki, azadlığa çıxdıqdan sonra Karter oğlunun ailəsinin yaxınlığında yaşayacaq. O, həmçinin onilliklər davam edən həbsdən sonra psixoloji yardım alacaq.

Çikaqoda anadan olan Karter 1985-ci il fevralın 27-də Olesen öldürülən zaman anası ilə birlikdə Yutada yaşayırdı. İstintaq cinayətin qarət zamanı törədildiyini ehtimal etmişdi.

Bir neçə ay sonra Karter Tennessi ştatının Neşvill şəhərində saxlanılıb. Məhkəmə sənədlərinə görə, Provo polisində dindirilərkən o, etirafı imzalayıb. Karter sonradan bildirib ki, polis əməkdaşlarının dəfələrlə hədələməsindən sonra yalan etiraf verməyə məcbur olub.

Vəkilinin sözlərinə görə, Karter polis tərəfindən iki gün ərzində dostu ilə birlikdə saxlanılıb. Həmin şəxs də həbs edilmişdi. Müdafiə tərəfi iddia edir ki, Karter dostunu xilas etməyə çalışdığı üçün cinayəti törətdiyini etiraf etməyə razılaşıb.

1985-ci ildəki ilk hökmündən sonra Karter 1992-ci ildə keçirilən təkrar prosesin nəticəsində yenidən ölüm cəzasına məhkum edilib. Sonrakı illərdə onun çoxsaylı apellyasiya şikayətləri Yuta məhkəmələri tərəfindən rədd olunub.

İşdə mühüm dönüş 2011-ci ildə baş verib. İki əsas şahid Meksikada tapılıb. Onlar ilkin məhkəmə prosesində polisin göstərişi ilə yalan danışdıqlarını, hüquq-mühafizə orqanlarından pul və hədiyyələr aldıqlarını bildiriblər.

Şahidlərin sözlərinə görə, polis əməkdaşları Karteri ittiham etmədikləri təqdirdə onları və oğullarını deportasiya etməklə də hədələyiblər.

On ildən artıq davam edən məhkəmə çəkişmələrindən sonra Yuta Ali Məhkəməsi ötən il yeni proses keçirilməsinə qərar verib. Məhkəmə polis və prokuror tərəfindən “qəsdən törədilmiş çoxsaylı pozuntulara” yol verildiyini qeyd edib.

Karterin müdafiəsi həmçinin bildirib ki, şahidlər hadisə yerindən qaçan ağdərili bir kişi görüblər. İstintaqçının isə digər mümkün şübhəlilərə işarə edən məlumatları gizlətdiyi iddia olunur.

Onların arasında öldürülən qadının əri Orla Olesen də olub. O, polisə həyat yoldaşını evlərində ölü vəziyyətdə tapdığını və qadının əllərinin arxadan bağlandığını bildirib.

Prokurorlar yeni DNT nəticələrindən aşkarlanmış nümunələrə uyğun gələcək digər şəxslərin müəyyənləşdirilməsi üçün istifadə edib-etməyəcəklərini hələ açıqlamayıblar.

Eva Olesenin yaxınları Karterin azadlığa buraxılmasına qarşı çıxıblar. Mərhumun gəlini Tereza Olesen məhkəmədə bildirib ki, ailə DNT üzrə qəti uyğunluq aşkarlanacağına ümid edirdi.

“Bu, onun orada olmadığı anlamına gəlmir”, – deyə o bildirib və istintaqın davam etdirilməli olduğunu vurğulayıb.

Karterin yeni məhkəmə prosesinin əvvəlcə 2027-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin ötən həftə Yuta dairə prokurorluğu onun üçün yenidən ölüm cəzası tələb etmək niyyətindən imtina edib.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.