Arxeoloqlar Misirdə təxminən 1700 il yaşı olan əhəngdaşı məzar aşkar ediblər. Məzarda qədim yunan dilində yazılmış nadir dəfn şeiri də qorunub saxlanılıb. Bu barədə Live Science məlumat yayıb.
Tədqiqatçıların fikrincə, şeiri vəfat etmiş atasının xatirəsinə onun oğlu yazmış ola bilər.
Məzar Misirin Roma imperiyasının hakimiyyəti altında olduğu IV əsrə aiddir. Arxeoloji abidə Daxla vahəsində, qədim Motiş şəhərinin yaxınlığında, indiki Mut şəhəri ərazisində aşkar edilib.
Dəfn kompleksi bir kişi və qadın üçün inşa edilib. Arxeoloqlar daş lövhənin üzərində 19 sətirdən ibarət şeir aşkarlayıblar.
Yazıya əsasən, mərhum kişinin adı Pisextes olub. O, hörmətli şəxs kimi təqdim edilir və ehtimal ki, hakim vəzifəsində çalışıb. Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin nümayəndələri məzarda insan qalıqlarının aşkar edilib-edilmədiyini açıqlamayıblar.
Məqbərədə mərhumları qorumaq məqsədi daşıyan sehrli mətnlərlə yanaşı, heroqlif yazılar da qorunub. Onların bir qismi günəş tanrısının axirət dünyasına səyahətindən bəhs edən qədim Misir mətni “Amduat” ilə bağlıdır.
Arxeoloqlar burada qurban masası, ritual təmizlənmə üçün qablar, saxsı əşyalar və ən azı bir Roma imperatoru I Konstantinin təsviri olan sikkə də tapıblar. Konstantin 306–337-ci illərdə hakimiyyətdə olub.
Məhz onun dövründə xristianlıq Roma imperiyasında rəsmi tanınmağa başlayıb. Lakin indiyədək aşkar edilmiş məzarda xristian təsvirləri və ya mətnləri tapılmayıb.
Məzarın girişinə 14 pillə aparır. Giriş hissəsi qanadlı günəş diski, Osiris tanrısı və iki kobra təsvirləri ilə bəzədilib.
Lakin arxeoloqların fikrincə, ən mühüm tapıntı daş lövhədəki şeirdir.
Epigrammada Pisextes mehriban və müdrik insan, “həyatda məsləhətçi” kimi təsvir olunur. Şeirin son sətirlərində onun oğlu Sarapion vəfat etmiş atasına müraciət edir: “Dinlə, ata!”
Oğul atasından yas saxlayan övladlarının gətirdiyi dəfn libasiyalarını və təqdimlərini qəbul etməsini istəyir.
Nyu-Cersidəki Perspektiv Araşdırmalar İnstitutunun tədqiqatçısı, qazıntılarda iştirak etməyən Angelos Haniotis şeiri yüksək bədii səviyyəyə malik orijinal epigramma adlandırıb.
Onun sözlərinə görə, mətnin qrammatik quruluşu məşhur Homer poemalarının dilini xatırladır.
N.Talıblı
