Türkiyə və Azərbaycan müdafiə sənayesi məhsullarının tədarükünə dair bir sıra müqavilələr bağlayıb, həmçinin qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün bildirib ki, sazişlərin ümumi dəyəri 500 milyon dolları ötür.
Onun sözlərinə görə, müqavilələr çərçivəsində Azərbaycana müxtəlif aviasiya, pilotsuz uçuş, radar və raket sistemlərinin tədarükü nəzərdə tutulur.
Belə ki, Türkiyənin TUSAŞ şirkəti Azərbaycana HÜRKUŞ təyyarələrinin tədarükü ilə bağlı müqavilə imzalayıb. ASELSAN şirkəti ilə isə ALP-100 radarının tədarükünə dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Bundan əlavə, BAYKAR Azərbaycana Mızrak dolanan sursatını və Antidot sistemini tədarük edəcək. ROKETSAN şirkəti isə Barbaros sahil müdafiə sisteminin tədarükünə dair müqavilə bağlayıb.
Görgün bildirib ki, imzalanan sazişlər “iki ölkənin müdafiə imkanlarının gücləndirilməsinə töhfə verəcək”.
