Putinin Ukrayna açıqlaması mübahisə yaratdı –ISW: Rusiya ərazi itirib

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Rusiya Prezidenti Vladimir Putinin Rusiya qoşunlarının Ukraynada sentyabr ayında ərazi irəliləyişləri ilə bağlı açıqlamalarını təkzib edib.

ISW-nin növbəti hesabatında bildirilir ki, Rusiya Silahlı Qüvvələri sentyabr ayında Putinin iddia etdiyi kimi 1301 kvadrat kilometr ərazi ələ keçirməyib. İnstitutun hesablamalarına görə, əksinə, Rusiya qoşunları ay ərzində ümumilikdə 80,81 kvadrat kilometr xalis ərazi itkisi ilə üzləşib.

Hesabata əsasən, Rusiya hərbçilərinin daxil olduğu, lakin sonradan nəzarətə götürə bilmədiyi ərazilər də nəzərə alınarsa, sentyabr ayında Rusiyanın cəbhədə xalis ərazi itkisi 175,18 kvadrat kilometrə çatır.

Putin oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı bildirib ki, Rusiya qoşunları son bir ayda əvvəlki ayla müqayisədə 3,5 dəfə çox ərazi ələ keçirib.

Rusiya Prezidenti həmçinin Moskvanın hazırda Donetsk vilayətinin 89 faizinə nəzarət etdiyini iddia edib. ISW-nin məlumatında isə Rusiyanın Donbas ərazisinin təxminən 81 faizinə nəzarət etdiyi bildirilir.

Putin çıxışında Rusiyanın “müharibəyə başlamadığını”, Ukrayna ərazisinə müdaxilənin isə NATO və Ukraynanın hərəkətlərinə cavab olduğunu da deyib.

ISW ekspertləri hesab edir ki, Putinin açıqlamaları döyüşlərin gedişi barədə reallığa uyğun olmayan təsəvvür formalaşdırır. İnstitutun hesabatında qeyd olunur ki, Kremlin informasiya strategiyası Rusiya qoşunlarının bütün cəbhə boyunca sürətlə irəlilədiyi barədə yanlış təsəvvür yaratmağa yönəlib.

Amerikalı tədqiqatçıların fikrincə, Rusiya rəhbərliyinin açıqladığı rəqəmlərin həqiqətə uyğun olub-olmadığını Putinin özünün bilib-bilmədiyini müəyyən etmək mümkün deyil. ISW ehtimal edir ki, Rusiya prezidentinə cəbhədəki vəziyyətlə bağlı məlumatlar hərbi komandanlıq daxilində uzun müddətdir formalaşmış “yalan mədəniyyəti” çərçivəsində təqdim oluna bilər.

Hesabatda Putinin beynəlxalq ictimaiyyəti Rusiyanın deyil, Avropa liderlərinin təcavüzkar tərəf olduğu fikrinə inandırmağa çalışdığı da iddia edilir.

ISW bildirir ki, Rusiya rəsmiləri son dövrlərdə Avropa ölkələrinə qarşı müxtəlif təhdidlər səsləndiriblər və bu təhdidlər arasında nüvə silahından istifadə ehtimalı ilə bağlı bəyanatlar da yer alıb.

Beləliklə, ISW-nin sentyabr ayı üzrə hesablamaları Rusiya rəhbərliyinin açıqladığı ərazi qazancları ilə institutun cəbhədəki dəyişikliklərə dair qiymətləndirməsi arasında ciddi fərq olduğunu göstərir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.