Azərbaycanda uşağa görə hansı ödənişlər var?– Ailələrə verilən müavinətlər və məbləğlər

Azərbaycanda uşağın dünyaya gəlməsi ailəyə yalnız 600 manatlıq birdəfəlik ödəniş qazandırmır. Uşağın yaşından, ailənin gəlirindən, uşaqların sayından, valideynlərin sosial statusundan və uşağın xüsusi qayğıya ehtiyacının olub-olmamasından asılı olaraq müxtəlif aylıq və birdəfəlik sosial ödənişlər də nəzərdə tutulub.

Bəs 2026-cı ildə Azərbaycanda uşağa görə hansı müavinətlər verilir və ailə hansı hallarda bu ödənişlərdən yararlana bilər?

Uşağın doğulmasına görə – 600 manat

Ən geniş tətbiq olunan ödəniş uşağın anadan olmasına görə verilən 600 manatlıq birdəfəlik müavinətdir. Bu ödəniş hər doğulan uşaq üçün ayrıca verilir. Yəni əkiz və ya daha çox uşaq doğulduqda məbləğ uşaqların sayına uyğun hesablanır. Müavinət uşağın doğumu dövlət qeydiyyatına alındıqdan sonra təyin edilir və hazırda proaktiv qaydada, yəni vətəndaşın ayrıca müraciəti olmadan elektron sistem üzərindən təyin olunur.

Bir yaşınadək uşağı olan aztəminatlı ailəyə – 140 manat

Ailənin gəliri aşağıdırsa və ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malikdirsə, bir yaşınadək uşağa görə ayda 140 manat əlavə müavinət verilir. Bu ödəniş uşağın bir yaşı tamam olan ayın sonunadək təyin edilir. Burada əsas şərt ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququnun olmasıdır.

Uşağa qulluq edən işləyən valideynə – 44 və 28 manat

Qismən ödənişli sosial məzuniyyətə çıxan sığortaolunan şəxs üç yaşadək uşağa qulluğa görə də müavinət ala bilər.

Məbləğ:

-uşaq 1,5 yaşadək – ayda 44 manat;

-uşaq 1,5 yaşdan 3 yaşadək – ayda 28 manat.

Əlilliyi müəyyən edilmiş üç yaşadək uşağa qulluğa görə isə bu məbləğlərin ikiqatı ödənilir. Müavinət sığortaolunanın qismən ödənişli sosial məzuniyyətinin rəsmiləşdirilməsi əsasında avtomatlaşdırılmış qaydada təyin edilir.

Beşdən çox uşağı olan ailələrə – hər uşağa 140 manat

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara uşaqların hər birinə görə aylıq 140 manat müavinət verilir. Bu hüquq müvafiq uşağın bir yaşı tamam olduqda yaranır və ödəniş uşağın 18 yaşı tamam olan ayın sonunadək davam edir. Məsələn, ailədə 6 uşaq varsa, şərtlərə uyğun gəldiyi halda bu müavinət üzrə aylıq ödəniş 840 manat təşkil edə bilər.

Müddətli hərbi xidmət qulluqçularının uşaqlarına – 140 manat

Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının uşaqlarına da hər uşaq üçün ayda 140 manat müavinət nəzərdə tutulub.

Valideynlərini itirmiş uşaqlar və ailə başçısını itirməyə görə ödəniş

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına ayda 140 manat müavinət verilir. Vəfat etmiş şəxsin uşaqlarına da ailə başçısını itirməyə görə aylıq sosial müavinət nəzərdə tutulub. Bu ödəniş hər ailə üzvü üçün 140 manatdır. Əyani təhsil alan uşaqlarda ödəniş təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaq şərtilə davam edə bilər.

Övladlığa götürülən uşaqlara – 240 və ya 600 manat

Valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaq övladlığa götürüldükdə onun üçün ayda 240 manat müavinət ödənilir. Əgər övladlığa götürülən uşağın 18 yaşınadək əlilliyi müəyyən edilibsə, müavinətin məbləği 600 manatdır. Bu ödəniş uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir.

Himayədar ailələr üçün daha yüksək ödəniş

Himayədar ailəyə verilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinət uşağın yaşından asılı olaraq dəyişir:

Uşağın yaşı Aylıq müavinət
0–6 yaş 355 manat
7–13 yaş 375 manat
14–18 yaş 395 manat

18 yaşınadək əlilliyi müəyyən edilmiş himayədar uşaqlar üçün isə məbləğ daha yüksəkdir: 500, 600 və 650 manat. Bundan başqa, himayədar ailəyə verilmiş uşaqlar üçün mövsümi geyim alınmasına görə ildə 4 dəfə, hər dəfə 200 manat ödəniş də nəzərdə tutulub.

Əlilliyi olan uşağa qulluq edən şəxsə – 120 manat

Əlilliyi olan uşağa qulluq edən şəxs üçün də ayrıca aylıq Prezident təqaüdü mövcuddur. Hazırda bu ödəniş 120 manatdır.

Ailə nə qədər ala bilər?

Burada vacib məqam odur ki, bu ödənişlərin hamısı hər ailəyə eyni vaxtda verilmir. Hər müavinətin ayrıca hüquqi şərti var. Məsələn, yeni uşağı dünyaya gələn adi ailə üçün əsas ödəniş 600 manatlıq birdəfəlik müavinətdir. Ailə aztəminatlıdırsa və ünvanlı sosial yardım almaq hüququ varsa, bir yaşadək uşağa görə əlavə 140 manat aylıq ödəniş də yarana bilər.

Beşdən çox uşağı olan ailədə isə uşaqların sayından asılı olaraq aylıq ödəniş daha yüksək ola bilər. Himayədar ailələr, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürənlər, müddətli hərbi xidmət qulluqçularının uşaqları və əlilliyi olan uşaqlara qulluq edən şəxslər üçün də ayrıca sosial təminat mexanizmləri mövcuddur.

 Azərbaycanda “uşağa görə vahid aylıq müavinət” sistemi yoxdur. Dövlət dəstəyi bir neçə fərqli mexanizm üzrə qurulub: doğum zamanı birdəfəlik ödəniş, aztəminatlı ailələr üçün əlavə yardım, uşağa qulluq müavinəti, çoxuşaqlı ailələrə ödəniş, eləcə də xüsusi sosial statusu olan uşaqlar və ailələr üçün müavinətlər.

Bu səbəbdən konkret ailənin nə qədər sosial ödəniş ala biləcəyini müəyyənləşdirmək üçün uşağın yaşı, ailədə uşaqların sayı, ailənin gəliri, valideynlərin iş və sığorta statusu və uşağın xüsusi statusu ayrıca nəzərə alınmalıdır.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.