Saat 22:00-dan sonra smartfondan adi vaxtdan daha uzun müddət istifadə edən yeniyetmələr orta hesabla 64 dəqiqə gec yuxuya gedir və 20 dəqiqə az yatırlar. Bundan əlavə, onların yuxusu yatdıqdan qısa müddət sonra daha tez-tez pozulur.
Bu nəticəyə JAMA Pediatrics jurnalında araşdırmanın nəticələrini dərc edən alimlər gəliblər.
Tədqiqat müəllifləri orta yaşı təxminən 15 olan 425 yeniyetmənin, demək olar ki, 7 600 gecə ərzində toplanmış məlumatlarını araşdırıblar. Məlum olub ki, iştirakçılar saat 22:00-dan sonra smartfondan adi vaxtdakından daha çox istifadə etdikləri gecələr vaxtında yuxuya getməkdə və yuxunu fasiləsiz davam etdirməkdə daha çox çətinlik çəkiblər.
Alimlər telefon istifadəsinin müddəti ilə yuxu arasındakı əlaqəni də müəyyən ediblər. Saat 22:00-dan sonra telefondan istifadə müddətinin fərdi orta göstəricidən hər əlavə bir dəqiqə artması daha gec yuxuya getmə və ümumi yuxu müddətinin azalması ilə əlaqələndirilib.
Uşaq və yeniyetmə psixiatrı, yuxu təbabəti üzrə mütəxəssis Daniel Biqmanın sözlərinə görə, smartfondan istifadə yeniyetmələrin yatmağa sərf edə biləcəkləri vaxtı azaltmaqla yanaşı, beyin fəaliyyətini də aktiv saxlayır. Sosial şəbəkələr, videolar, yazışmalar, bildirişlər və ekran işığı hiss orqanlarını stimullaşdırır, orqanizmin istirahətə hazırlaşmasına mane olur. Ekran işığı həmçinin bioloji saata, yuxu və oyaqlıq dövrünə təsir göstərir.
Araşdırma göstərib ki, problemlər təkcə saat 22:00-dan sonra telefondan istifadə ilə məhdudlaşmır. Yatmazdan 5–15 dəqiqə əvvəl ekrana baxmaq da gecə ərzində oyanma hallarının artması ilə əlaqəlidir.
Yuxu çatışmazlığı və onun tez-tez pozulması diqqəti və konsentrasiyanı zəiflədə, əsəbiliyi, narahatlığı və emosional reaksiyaların kəskinliyini artıra bilər. Bundan əlavə, yeniyetmələr gündüz yuxululuq, motivasiyanın azalması və qərar qəbul etməkdə çətinliklərlə üzləşə bilərlər.
Tədqiqatçılar hesab edirlər ki, axşam saatlarında smartfondan istifadənin, xüsusilə saat 22:00-dan sonra və yatmazdan dərhal əvvəl məhdudlaşdırılması yeniyetmələrin yuxu keyfiyyətini yaxşılaşdıra bilər.
Bununla yanaşı, mütəxəssislər valideynlərə uşaqları telefonlarını əllərindən almaqla hədələməməyi, əvəzində yatmazdan əvvəl daha sakit məşğuliyyətlər təklif etməyi məsləhət görürlər. Məsələn, kitab oxumaq, musiqi dinləmək, rahatlaşdırıcı hərəkətlər etmək və ya dartınma məşqləri ilə məşğul olmaq faydalı alternativlər ola bilər.
N.Talıblı
