Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir.
Bu barədə Türkmənistan Xəzər Dənizi İnstitutunun direktoru Murat Atacanov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Xəzərin dayazlaşması sahilyanı beş dövlətin — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hamısı üçün ümumi problemdir.
“Xəzər dənizinin dayazlaşması aktual məsələlərdən biridir və bu, Xəzəryanı beş dövlət üçün ortaq çağırışdır. Problem təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, neft-qaz infrastrukturunun fəaliyyətinə də təsir göstərir”, – deyə Atacanov vurğulayıb.
O qeyd edib ki, dənizin dərinliyinin və sahil xəttinin formasının dəyişməsi sahilyanı istehsal obyektləri, gəmilərin hərəkəti üçün nəzərdə tutulan kanallar və liman infrastrukturu üçün əlavə risklər yarada bilər. Bu risklər artıq özünü göstərməkdədir.
Bundan başqa, Xəzərin dayazlaşması dəniz platformalarının, sualtı boru kəmərlərinin və digər dənizdə yerləşən qurğuların istismarını da çətinləşdirə bilər.
Beləliklə, Xəzər dənizinin səviyyəsinin və sahil xəttinin dəyişməsi region ölkələri üçün yalnız ekoloji deyil, həm də iqtisadi və infrastruktur baxımından ciddi çağırışdır.
