Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23 (Last updated: 24 Oktyabr 2026 - 18:28)
dakar esas foto

2027-ci ildə Bakı İslam dünyasının mühüm siyasi toplantılarından birinə ev sahibliyi edəcək. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Zirvə Görüşü Azərbaycanda keçiriləcək, ölkəmiz isə təşkilata sədrliyi təhvil alacaq.

Sammitdə yalnız siyasi məsələlər deyil, həmçinin iqtisadiyyat, təhsil, elm, mədəniyyət, humanitar əlaqələr, enerji və texnologiya sahələrində birgə layihələrin həyata keçirilməsi gündəmdə olacaq.

Azərbaycan 57 üzv dövləti birləşdirən bu nəhəng platformanın ali toplantısına ev sahibliyi etməklə İslam dünyasında birləşdirici və barışdırıcı bir missiya nümayiş etdirməyi hədəfləyir.

İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə verib, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynayıb, məqsəd və prinsiplərinə sadiq qalıb, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak edib. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurub.

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının bu il Bakıda keçirilmiş 20-ci Sessiyasının iştirakçılarına müraciətində qurumla əməkdaşlığı yüksək qiymətləndirib: “İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul edib. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk”.

Bu hadisə Azərbaycanın müsəlman dövlətləri ilə münasibətlərində yeni mərhələ olmaqla yanaşı, 35 il əvvəl baş vermiş maraqlı tarixi hadisəni də yenidən gündəmə gətirir: Azərbaycan İƏT-ə necə üzv oldu?

Müstəqilliyin ilk aylarında verilən qərar

Azərbaycan 1991-ci il dekabrın 8-də Seneqalın paytaxtı Dakarda keçirilən İslam Konfransı Təşkilatının sammitində quruma tamhüquqlu üzv qəbul edilib. Həmin vaxt Azərbaycan keçmiş sovet respublikaları arasında təşkilata üzv olan ilk ölkə idi.

Bu qərar müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün mühüm diplomatik addım idi. Ölkə beynəlxalq əlaqələrini qurmağa çalışır, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün dəstək axtarırdı.

Azərbaycanın İƏT-ə üzvlüyü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə xüsusi rol oynayıb.

1991-ci ildə o zaman İslam Konfransı Təşkilatı adlanan İƏT-in Dakarda keçirilən sammitində Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və o zamankı kommunist rəhbərliyinin rəsmisindən ibarət nümayəndə heyəti iştirak edib.

Sammitdə Azərbaycanın üzvlüyü əvvəlcədən əsas müzakirə mövzusu olmasa da, toplantı zamanı bu imkan yaranıb.

Lakin bunun üçün Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibovun razılığı və imzası zəruri idi. Kommunist partiyasının rəsmisi belə müzakirənin başlanmasına qəti etiraz edirlər. Onlar Şeyxülislam Allahşükür Paşazadəyə təcili Bakıya qayıtmağı təklif edirlər.

Allahşükür Paşazadə isə yaranmış fürsətdən istifadə edərək Azərbaycanın təşkilata qəbul olunması üçün addım atıb. QMİ sədri prezident Ayaz Mütəllibovun adından sənədi imzalayır. SSRİ-nin hələ mövcud olduğu bir zamanda bu addım çox riskli qərar idi.

İƏT-ə üzv olmaq 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil ölkə kimi qəbul edilməsi demək idi. Məhz həmin toplantıda Pakistanın Baş Naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.

Şeyxülislam sonrakı müsahibələrində bu hadisəni həyatının ən yaddaqalan məqamlarından biri kimi xatırladıb. “Azərbaycanı təşkilata üzv qəbul etdilər. Müsəlman dövlətlərinin rəhbərləri mənə yaxınlaşaraq hamısı bir-bir təbrik etdi. O zaman ilk dəfə Azərbaycanın müstəqilliyini hiss etdim. Azərbaycan əlifba sırasına görə başa keçirildi və bayrağımız birinci sıraya qoyuldu. O gün ölkəm, xalqım adına çox qürur duydum”.

Şeyxin bu addımından xəbər tutan SSRİ rəhbərliyi, DTK və rəsmi Bakı buna birmənalı yanaşmır. QMİ sədri isə baş verə biləcək təhlükəni adlamaq üçün üç gün Bakıya qayıtmır. Sonra SSRİ-nin dağılması ilə nəticələnən Belovejsk sazişinin imzalanması ilə siyasi ab-hava dəyişir və QMİ sədri ölkəyə qayıdır.

Qarabağ məsələsində İƏT-in mövqeyi

Azərbaycanın təşkilatla əlaqələrinin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan münaqişəsi olub. 1992-ci ildə BMT Baş Assambleyasının sessiyası çərçivəsində İƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin koordinasiya görüşünün yekun sənədində münaqişə ilə bağlı ayrıca müddəa yer alıb. 1993-cü ilin aprelində isə Kəraçidə keçirilən xarici işlər nazirlərinin konfransında Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair qətnamə qəbul edilib.

İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatlar sırasında Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb.

Sonrakı illərdə təşkilatın sənədlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyə dəstək ifadə olunub.

Azərbaycan rəhbərliyi İƏT-in qəbul etdiyi qətnamə və bəyanatların, eləcə də işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə verdiyi dəstəyin əhəmiyyətini xüsusi vurğulayıb.

Bakı sammitində hansı məsələlər müzakirə olunacaq?

İƏT-in rəsmi təqviminə əsasən, 16-cı İslam Zirvə Görüşünün 2027-ci il iyunun 23–24-də Bakıda keçirilməsi nəzərdə tutulur. Sammitə hazırlıq məqsədilə yüksək vəzifəli şəxslərin və xarici işlər nazirlərinin görüşləri də həmin ay Bakıda planlaşdırılıb.

Təşkilatın gündəliyi yalnız siyasi məsələlərlə məhdudlaşmır. İƏT çərçivəsində iqtisadi əməkdaşlıq, ticarət, təhsil, elm, mədəniyyət, humanitar əlaqələr, enerji və texnologiya kimi istiqamətlər də müzakirə olunur. 2027-ci il sammitində təşkilatın 2026–2035-ci illəri əhatə etməsi gözlənilən yeni fəaliyyət proqramının qəbul edilməsi də nəzərdə tutulur.

Azərbaycan üçün sədrliyin əhəmiyyəti yalnız beynəlxalq tədbirə ev sahibliyi etməkdən ibarət deyil. Bu, ölkənin 57 üzv dövləti birləşdirən platformada əməkdaşlıq təşəbbüslərini irəli sürməsi, ortaq iqtisadi və humanitar layihələrin inkişafına töhfə verməsi üçün də imkan yaradır.

35 illik münasibətlərin yeni mərhələsi

Azərbaycan 1991-ci ildə İƏT-ə üzv olarkən qarşısında müstəqilliyini möhkəmləndirmək, beynəlxalq dəstək qazanmaq və xarici əlaqələrini genişləndirmək vəzifələri dayanırdı. Bu gün isə ölkə təşkilatın zirvə toplantısına ev sahibliyi etməyə və ona sədrlik etməyə hazırlaşır.

Dakardakı üzvlük qərarı ilə başlayan münasibətlər sonrakı illərdə siyasi, diplomatik və humanitar əməkdaşlıq istiqamətlərində inkişaf edib. 2027-ci il sammiti həmin əlaqələrin növbəti mərhələsi olacaq. Onun real nəticələri isə qəbul ediləcək qərarların və irəli sürüləcək təşəbbüslərin üzv ölkələr arasında konkret əməkdaşlığa çevrilməsindən asılı olacaq.

Aydın Əliyev

 

AzPost.az

Post navigation

Previous: Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb
Next: Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

Oxşar xəbərlər

neriman
  • Din

“Quran”da hicab məsələsi –

User 12 Oktyabr 2026 - 17:30
seyx esas
  • Din

Şeyxülislam Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

User 06 Oktyabr 2026 - 22:05
ilham dini05
  • Din

Azərbaycanın İslam həmrəyliyi mesajı –

User 05 Oktyabr 2026 - 23:45

xƏBƏR

ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Təsəvvür edin: Ayın səthindəsiniz. Ətrafınız boz torpaq, qayalar və saysız-hesabsız kraterlərdir. Başınızı qaldırıb qara kosmosa baxırsınız və...
Read more about Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.