ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın bilavasitə yaxınlığında yerləşdirilən hərbi gəmilərinin sayı bir həftə ərzində 17-dən 21-ə yüksəlib.
Bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarında bildirilir.
Hazırda İranın cənub-şərqində, Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki aviadaşıyıcı zərbə qrupu döyüş növbətçiliyindədir. Bu qruplara USS George Washington və USS George Bush aviadaşıyıcıları rəhbərlik edir. Hər bir aviadaşıyıcıda 48 qırıcı təyyarə yerləşir.
Aviadaşıyıcılarla yanaşı, İran yaxınlığında bir kreyser, 11 raket esminesi və dəniz piyadalarının ekspedisiya batalyonunu daşıyan üç böyük desant gəmisi yerləşdirilib.
Bu arada, Yəməndəki münaqişə fonunda Qırmızı dənizdə ABŞ-ın iki raket esminesi fəaliyyət göstərir. ABŞ Hərbi Dəniz Qüvvələrinin daha iki esminesi isə Hind okeanının şimal-qərb hissəsində yerləşir.
ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı da bölgədə 20-dən çox Amerika döyüş gəmisi mövcud olub.
