İran ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə göndərdiyi məktuba hələ cavab verməyib.
Bu barədə məlumatlı mənbə “Fars” agentliyinə bildirib.
Mənbənin sözlərinə görə, ABŞ və İran rəsmiləri arasında məktub və mesaj mübadiləsi qeyri-adi hal deyil. Belə təmaslar müxtəlif dövrlərdə, o cümlədən İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin dövründə və ABŞ prezidenti Barak Obamanın administrasiyası zamanı da baş verib. Obama da İranın ali rəhbərinə məktub göndərmişdi.
Mənbə Vensin həqiqətən Rzaiyə məktub çatdırdığını təsdiqləyib. Bununla belə, Tehranın hələlik cavab göndərmədiyini vurğulayıb.
O, mediada məktubun məzmunu ilə bağlı yayılan ehtimalların doğruluğunu da təkzib edib. Məktubda hansı məsələlərin müzakirə oluna biləcəyi barədə əlavə məlumat açıqlanmayıb.
Bundan əvvəl “The Wall Street Journal” ABŞ rəsmilərinə və vəziyyətlə tanış mənbələrə istinadən yazıb ki, vitse-prezident Cey Di Vens prezident Donald Trampın tapşırığı ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərib. Məqsəd Vaşinqtonla Tehran arasında danışıqları bərpa etmək olub.
Lakin daha sonra Donald Tramp Vensə İranla danışıqları yenidən başlatmaq barədə göstəriş vermədiyini bildirib.
Nadir Talıblı
