İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb.
Bununla da hökumət qurmaq üçün tələb olunan çoxluğu təmin edə bilməyib.
JDN nəşrinin Mərkəzi Seçki Komissiyasının səslərin 100 faizinin hesablanmasından sonra açıqladığı məlumatlara istinadən yaydığı xəbərə görə, müxalifət bloku 48 mandat əldə edib. Ərəb partiyaları isə ümumilikdə 19 yerlə təmsil olunacaqlar.
Netanyahunun “Likud” partiyası 27 mandat qazanaraq seçkidə birinci olub. Baş nazirin əsas rəqibi Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası 21 mandatla ikinci yeri tutub. Keçmiş baş nazir Naftali Bennetin “Beyahad” partiyası isə 12 mandat əldə edib.
İsraildə hökuməti kim quracaq?
İsraildə hökumət formalaşdırmaq üçün 120 deputatdan ibarət Knessetin ən azı 61 üzvünün dəstəyini qazanmaq lazımdır. Hazırkı nəticələrə əsasən, iki əsas siyasi blokdan heç biri təkbaşına bu həddə çata bilməyib.
Buna görə də növbəti mərhələdə koalisiya danışıqları həlledici əhəmiyyət daşıyacaq. Siyasi qüvvələr çoxluğu təmin etmək üçün kiçik partiyalarla və ya ayrı-ayrı deputatlarla razılığa gəlməyə çalışa bilərlər.
Əgər heç bir blok müstəqil şəkildə hökumət qura bilməsə, İsrail prezidenti parlamentə düşən partiyaların nümayəndələri ilə məsləhətləşmələr aparacaq. Daha sonra onun qiymətləndirməsinə görə, koalisiya yaratmaq şansı daha yüksək olan deputata hökuməti formalaşdırmaq tapşırılacaq.
Davamlı koalisiya yaratmaq cəhdləri nəticəsiz qalarsa, 90 gün ərzində yeni seçkilərin təyin edilməsi tələb olunur.
Beləliklə, seçkinin nəticələri İsraildə hökumətin gələcəyini koalisiya danışıqlarından asılı vəziyyətə salıb.
N.Talıblı
