Alimlər xəbərdarlıq edirlər ki, oktyabrın son günlərində Yer kürəsində maqnit qasırğası gözlənilir.
Azpost.info bildirir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, geomaqnit aktivliyinin artması artıq bu gün – oktyabrın 30-da başlayacaq. Oktyabrın 31-də isə G1 səviyyəli maqnit qasırğası gözlənilir. Alimlər ayın sonunda maqnit qasırğasının qısa müddətə G2 səviyyəsinədək güclənə biləcəyini də istisna etmirlər.
Qasırğanın nə qədər davam edəcəyi hələlik məlum deyil. İlkin proqnozlara görə, bu hadisə qısamüddətli olacaq və noyabrın əvvəlində geomaqnit vəziyyət sabitləşəcək.
Maqnit qasırğaları zamanı bəzi hallarda mobil və radio rabitəsində müəyyən problemlər yarana bilər.
Belə günlərdə insanlar daha çox səhhətlərinin pisləşməsindən, baş ağrısından, diqqətin yayınmasından və yuxu pozuntularından şikayət edirlər. Xroniki xəstəlikləri olanlar və immun sistemi zəif şəxslər risk qrupuna daxildir.
Həkimlər maqnit qasırğasının mümkün mənfi təsirlərini azaltmaq üçün sağlam həyat tərzinə riayət etməyi tövsiyə edirlər. Belə günlərdə stressdən və ağır fiziki yüklənmədən uzaq durmaq lazımdır. Yağlı, qızardılmış, duzlu və acı qidaların qəbulunu azaltmaq, əvəzində daha çox tərəvəz və meyvə yemək məsləhət görülür.
Qəhvə, siqaret və alkoqoldan imtina etmək, daha çox maye – adi su və ya bitki çayları içmək tövsiyə olunur.
Otaqları mütəmadi havalandırmaq və imkan daxilində açıq havada qısa gəzintilərə çıxmaq da faydalıdır. Həmçinin hər gün eyni saatda yatmağa çalışmaq və kifayət qədər yuxu almaq vacibdir.
Sunay
