Rusiya və Ukrayna arasında müharibənin dayandırılması istiqamətində yeni diplomatik təşəbbüs gündəmə gəlib. ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. Bu görüş baş tutarsa, Vaşinqtonun müharibənin dayandırılması istiqamətində diplomatik səylərində yeni mərhələ başlaya bilər.
Danışıqların əsas diqqət mərkəzində atəşkəs, cəbhə xəttində vəziyyət, işğal olunmuş ərazilərin gələcəyi və müharibədən sonrakı təhlükəsizlik təminatları dayanacaq. Lakin tərəflərin mövqeləri arasındakı ciddi fərqlər razılaşmanın əldə olunmasını çətinləşdirir.
Görüşdə kimlər iştirak edəcək?
Reuters-in məlumatına görə, danışıqlarda ABŞ-ı prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və əsas danışıqçılardan biri Cared Kuşner təmsil edəcək. Rusiya Prezidenti Vladimir Putin Uitkoffla Sankt-Peterburqda keçirilən görüşdən sonra yeni üçtərəfli danışıqlar raunduna razılıq verib. Müzakirələrin gündəliyinə müharibənin dayandırılması, müharibədən sonrakı təhlükəsizlik razılaşmaları, gərginliyin azaldılması və humanitar məsələlər daxildir. ABŞ rəsmiləri bu görüşləri Trampın Rusiya ilə Ukrayna arasında davamlı sülh razılaşmasına nail olmaq səylərinin bir hissəsi kimi təqdim edirlər.
Əsas maneə: ərazi və təhlükəsizlik məsələləri
Danışıqların ən çətin hissəsi Ukraynanın ərazi bütövlüyü və gələcək təhlükəsizliyi ilə bağlı olacaq. Kiyev mümkün sülh razılaşmasının güclü təhlükəsizlik təminatları ilə müşayiət edilməsini istəyir. Zelenski daha əvvəl Ukrayna ordusunun uzunmüddətli müdafiə qabiliyyətinin qorunması üçün təminatların və maliyyələşmənin vacibliyini vurğulamışdı. Moskva ilə Kiyevin mövqeləri isə hələ də bir-birindən uzaqdır. Rusiya işğal etdiyi ərazilərlə bağlı iddialarından geri çəkilmək niyyətində olduğunu göstərməyib. Ukrayna isə ərazi güzəştlərini qəbul etməyin ölkənin suverenliyi və gələcək təhlükəsizliyi üçün ciddi risklər yaradacağını düşünür. Buna görə də danışıqların keçirilməsi özlüyündə tərəflərin razılaşmaya yaxınlaşması demək deyil. Əsas məsələ onların hansı şərtlərlə atəşkəsə və daha sonra siyasi razılaşmaya hazır olmasıdır.
Avropa danışıqlardan kənarda qala bilərmi?
Digər mühüm məsələ Avropanın prosesdə hansı rolu oynayacağıdır. Rusiya tərəfi əvvəlki açıqlamalarında Avropa ölkələrinin Əbu-Dabi danışıqlarına qatılmasının nəzərdə tutulmadığını bildirmişdi. Finlandiya Prezidenti Aleksandr Stubb isə Avropa ölkələrinin prosesdə iştirak edəcəyini söyləmişdi. Bununla belə, ABŞ nümayəndələrinin Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı və NATO təmsilçiləri ilə ayrıca görüşlər keçirməsi planlaşdırılır. Bu müzakirələrdə Ukraynaya təhlükəsizlik təminatları, Avropanın gələcək təhlükəsizlik sistemi və Ukraynanın bərpasına iqtisadi dəstək məsələləri nəzərdən keçiriləcək. Bu məqam vacibdir. Çünki Ukrayna üçün təhlükəsizlik təminatları yalnız Moskva və Kiyevin razılaşması ilə məhdudlaşmır. Müharibədən sonra Ukraynanın müdafiəsinin necə təşkil ediləcəyi, Qərbin hansı öhdəlikləri götürəcəyi və Rusiyanın gələcəkdə yenidən hücuma keçməsinin qarşısının necə alınacağı Avropanın da iştirakını tələb edən məsələlərdir.
Tramp müharibəni bitirə biləcəkmi?
Donald Tramp administrasiyası müharibənin dayandırılmasını xarici siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edir. Vaşinqton qış başlamazdan əvvəl diplomatik irəliləyiş əldə etməyə çalışır. Ancaq ABŞ-ın təzyiq imkanları olsa da, müharibənin taleyini müəyyən edən əsas qərarlar yenə də Moskva və Kiyevin razılığından asılıdır. Reuters yazır ki, Rusiya və Ukrayna mümkün sülh razılaşmasının şərtləri ilə bağlı hələ də ciddi fikir ayrılığı yaşayır. Trampın son vaxtlar Kiyevə razılaşma əldə etmək üçün təzyiqi artırması da bu prosesin mürəkkəbliyini göstərir.
Əbu-Dabi görüşündən dərhal sülh sazişi gözləmək real görünmür. Daha mümkün nəticə tərəflərin danışıqları davam etdirmək, humanitar məsələlərdə razılıq əldə etmək və müəyyən sahələrdə gərginliyi azaltmaq barədə razılaşmasıdır. Belə addımlar ümumi atəşkəsə aparan yolun başlanğıcı ola bilər. Lakin ərazi məsələsi və Ukraynanın gələcək təhlükəsizlik təminatları həll edilmədən müharibənin tam dayandırılması çətin olacaq. Əgər tərəflər bu məsələlərdə mövqelərini yaxınlaşdıra bilməsələr, Əbu-Dabi danışıqları da əvvəlki diplomatik cəhdlər kimi nəticəsiz qala bilər.
Nəticə etibarilə, noyabrın 10–11-də keçiriləcək görüş müharibənin bitəcəyini deyil, diplomatik prosesin yenidən aktivləşdiyini göstərir. Trampın əsas məqsədi tərəfləri razılaşma masasına gətirməkdir. Amma Putinin və Zelenskinin hansı güzəştlərə hazır olduğu, xüsusilə ərazi və təhlükəsizlik məsələlərində nə qədər irəli gedə biləcəyi müharibənin gələcəyini müəyyən edəcək.
Nadir Talıblı
