Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada müharibənin yaxın aylarda başa çata biləcəyini bildirib. Onun sözlərinə görə, münaqişənin bütün tərəfləri artıq müharibədən “yorulub”.
“Bu, mənim şəxsi fikrimdir. Hamının nə gücü, nə də resursları qalıb. Hamı yorulub”, – deyə Lukaşenko IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropada artıq eskalasiyanın kimdən qaynaqlandığını anlamağa başlayıblar. Lukaşenko xatırladıb ki, 2022-ci ildə qarşıdurma cəmi bir neçə həftə ərzində başa çata bilərdi. “Lakin Kiyevin britaniyalı ‘dostları’ Ukraynaya silah verərək ‘sonuncu ukraynalıya qədər’ döyüşməyi tələb etdilər. Sülhə nail olmaq və minlərlə insanın həyatını xilas etmək üçün real şans əldən verildi”, – Belarus prezidenti deyib.
Lukaşenko Rusiya və Ukrayna arasında sülh danışıqlarının Minskdə bərpa olunmasını təklif edib. “Gəlin, burada görüşək və danışaq. Heç bir vasitəçilik olmadan”, – deyə o bildirib. Bununla belə, Belarus prezidenti vasitəçi rolunu öz üzərinə götürmək istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, 30 il ərzində bu cür fəaliyyətlə məşğul olmaqdan “yorulub”.
Lukaşenko Trampı Nobel Sülh mükafatına layiq gördü
Lukaşenko eyni zamanda ABŞ prezidenti Donald Trampın Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətindəki səylərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ABŞ lideri avropalıların nüvə münaqişəsinə yol açmasına imkan verməyib. “Tramp həqiqətən də Avropanı nüvə münaqişəsi ilə nəticələnə biləcək Üçüncü Dünya müharibəsindən çəkindirir”, – Belarus prezidenti bildirib.
Lukaşenko əlavə edib ki, bu fəaliyyətinə görə Tramp Nobel Sülh mükafatına layiqdir.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək. Bu barədə daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.
Tərəflərin münaqişənin dayandırılması, müharibədən sonrakı təhlükəsizlik razılaşmaları və gərginliyin azaldılması məsələlərini müzakirə edəcəyi gözlənilir.
