İran Hindistan, Çin, İraq və Qətər gəmilərinə Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Əmir Həyat Müqəddəm ISNA agentliyinə müsahibəsində bildirib.
Deputatın sözlərinə görə, hazırda bu dörd ölkənin gəmiləri Hörmüz boğazından sərbəst keçə bilir və ABŞ qüvvələri də onların qarşısını almır.
Müqəddəm bildirib ki, istisnalar Tehranla həmin dövlətlərin qarşılıqlı maraqları ilə bağlıdır. Hindistan gəmilərinin keçidinə icazə verilməsi İrana Hindistandan dərman preparatlarının idxalını asanlaşdırır. Çin gəmilərinin maneəsiz hərəkətinə şərait yaradılması isə Pekinin siyasi dəstəyini təmin etmək məqsədi daşıyır.
Bununla yanaşı, İran Hindistan və Çin gəmilərindən Hörmüz boğazından keçid üçün ödəniş alır. Qətər gəmiləri isə ödənişsiz buraxılır. Deputat İraq gəmilərinin tranzit üçün pul ödəyib-ödəmədiyini dəqiqləşdirməyib.
Hörmüz boğazı İran və Oman arasında yerləşir və dünyanın ən mühüm neft-qaz nəqli marşrutlarından biridir. Fars körfəzi ölkələrindən beynəlxalq bazarlara göndərilən enerji resurslarının əhəmiyyətli hissəsi bu boğazdan keçir.
Bu açıqlama İranın ABŞ və İsraillə davam edən qarşıdurması fonunda səsləndirilib. İrana qarşı hərbi əməliyyat 2026-cı il fevralın 28-də başlayıb. Apreldə tərəflər atəşkəs barədə razılığa gəlsələr də, diplomatik səylərin nəticəsiz qalmasından sonra iyulda hərbi əməliyyatlar yenidən bərpa olunub.
