ABŞ-ın sabiq prezidenti Barak Obama ölkədə keçirilən aralıq seçkilərin nəticələrinə münasibət bildirib. O, Amerika xalqının bölücülük deyil, insanları birləşdirən siyasət və qarşılaşdıqları problemlərə konkret həll yolları təklif edən liderlər istədiyini vurğulayıb.
Obama bu barədə sosial şəbəkədəki paylaşımında qeyd edib ki, seçkilərin nəticələri ölkənin müxtəlif bölgələrində namizədlərin irəli çıxması sayəsində mümkün olub.
“Amerika xalqı aydın mesaj verdi”
Sabiq prezident bildirib ki, amerikalılar cəmiyyəti parçalamaq əvəzinə insanları bir araya gətirən siyasət istəyirlər: “Bu gecə Amerika xalqı aydın mesaj verdi: onlar insanları bir-birindən ayıran deyil, birləşdirən siyasət, eləcə də qarşılaşdıqları problemlərə konkret həll yolları təklif edən liderlər istəyirlər.
Bu nəticələr yalnız ölkənin bütün bölgələrində, o cümlədən əvvəllər qələbə şansı az hesab edilən yerlərdə güclü namizədlərin mübarizəyə qoşulması sayəsində mümkün oldu. Onlar fərqli mühitlərdən gəlir, müxtəlif siyasi baxışları təmsil edirdilər. Lakin onları ortaq dəyərlər, ictimai xidmətə inam və təmsil etdikləri dairələrin, ştatların sakinlərinin maraqlarını hər şeydən üstün tutmaq öhdəliyi birləşdirirdi”.
Obama seçki təşkilatçılarına da təşəkkür etdi
Barak Obama seçkilərin problemsiz keçirilməsinə töhfə verən minlərlə seçki rəsmisinə və könüllüyə də minnətdarlığını bildirib. O, hər iki partiyanın nümayəndələrinin seçki prosesində iştirakını xüsusi qeyd edib: “Demokratiyamızın ən mühüm funksiyalarından birini yerinə yetirərək seçkilərin rəvan keçirilməsinə kömək edən hər iki partiyadan olan minlərlə seçki rəsmisinə və könüllüyə də minnətdarlığımızı borcluyuq”.
Sabiq prezident ABŞ-da hazırkı administrasiyanın hakimiyyətdə daha iki il qalacağını xatırladaraq, demokratların bundan sonrakı fəaliyyət istiqamətlərini də açıqlayıb. “Hazırkı administrasiyanın hakimiyyətdə daha iki ili olsa da, indi bizim vəzifəmiz qollarımızı çırmalayıb işə başlamaq, imkanımız çatan hər yerdə dəyişikliklər etmək, daha böyük zərərin qarşısını almaq və gələcək üçün zəmin hazırlamaqdır”.
Obama bununla demokratları qarşıdakı iki ildə əldə etdikləri imkanlardan istifadə etməyə, ölkədə baş verən proseslərə təsir göstərməyə və gələcək siyasi mübarizəyə hazırlaşmağa çağırıb.
Nadir Talıblı
