Dəmir çatışmazlığı təsdiqləndikdə qırmızı ət və heyvanın daxili orqanları faydalı hesab olunur. Lakin bu məhsullar qanazlığının müalicəsini əvəz etmir.
Bu barədə terapevt Maksim Qubka “Gazeta.ru”ya danışıb.
Həkim qeyd edib ki, bu məhsullardakı heme dəmiri dənli bitkilərdən, tərəvəzlərdən və paxlalılardan alınan dəmirlə müqayisədə orqanizm tərəfindən daha yaxşı mənimsənilir.
Mütəxəssisin tövsiyə etdiyi ən uyğun seçimlər yağsız mal əti, dana əti, qoyun əti və ov heyvanlarının ətidir. Ən çox dəmir qaraciyər və digər daxili orqanlarda olur. Lakin A vitamininin yüksək miqdarı səbəbindən bu məhsulları hər gün yemək məsləhət deyil. Hamilə qadınlara və hamiləlik planlaşdıranlara isə retinolun yüksək səviyyəsinə görə qaraciyər adətən tövsiyə edilmir.
Gündəlik qidalanmada həftədə bir neçə dəfə təxminən 100–150 qram bişmiş yağsız qırmızı ət yemək, onu balıq, quş əti, yumurta və paxlalılarla növbələşdirmək daha məqsədəuyğundur.
Dəmir almaq məqsədilə kolbasa, sosiska və hisə verilmiş ət məhsullarının miqdarını artırmaq düzgün deyil. Çünki emal olunmuş ətin tərkibində çoxlu duz və doymuş yağlar var.
Dəmirin daha yaxşı mənimsənilməsi üçün əti C vitamini ilə zəngin qidalarla birlikdə yemək faydalıdır. Çay və qəhvəni isə yeməkdən bir-iki saat sonra içmək məsləhət görülür.
Ət yeyərkən eyni vaxtda çoxlu süd məhsulları qəbul etmək də dəmirin sorulmasına mane ola bilər. Ağır dəmir çatışmazlığı anemiyası zamanı isə yalnız pəhriz, adətən, kifayət etmir. Buna görə həkim hemoqlobinin azalmasının səbəbini müəyyən etməli və ehtiyac olduqda dəmir preparatları təyin etməlidir.
Maqnezium və kalium çatışmazlığı ürəyə necə təsir edir?
Maqnezium və kalium çatışmazlığı arterial təzyiqin kəskin dəyişməsinə və ürək ritminin pozulmasına səbəb ola bilər.
Kardioloq Yuliya Lisakova NEWS.ru-ya açıqlamasında bildirib ki, bu minerallar ürəkdə elektrik impulslarını və qan damarlarının tonusunu tənzimləyir. Mütəxəssis çatışmazlıq zamanı qida rasionuna balqabaq tumu, lobya, qaysı qurusu və banan əlavə etməyi tövsiyə edib. Onun sözlərinə görə, maqnezium hüceyrələrə kaliumu saxlamağa kömək edir. Bu iki mineralın birlikdə fəaliyyəti ürək ritminin normal qalmasını təmin edir.
