1926-cı ildə verdiyi müsahibədə məşhur mühəndis və fizik Nikola Tesla smartfonların meydana çıxacağını heyrətamiz dəqiqliklə proqnozlaşdırıb. O, “jiletin cibinə yerləşən sadə cihaz vasitəsilə ani ünsiyyət” imkanından danışıb.
Azpost.info bildirir ki, 100 il əvvəl Tesla “Collier’s” jurnalına müsahibəsində bəşəriyyətin gələcəyinə dair geniş təsəvvürlərini bölüşüb.
“Naqilsiz texnologiyalar mükəmməlləşəndə bütün Yer kürəsi nəhəng beyinə çevriləcək. Əslində, o, artıq müəyyən mənada belədir. Biz məsafələrdən asılı olmayaraq bir-birimizlə dərhal əlaqə saxlaya biləcəyik. Üstəlik, televiziya və telefon rabitəsi sayəsində minlərlə kilometr uzaqda olsaq belə, sanki üz-üzə dayanmışıq kimi bir-birimizi aydın görə və eşidə biləcəyik. Bütün bunları həyata keçirməyə imkan verən cihazlar indiki telefonlarla müqayisədə olduqca sadə olacaq. İnsan belə bir cihazı jiletinin cibində gəzdirə biləcək”, – deyə Tesla bildirib.
Müasir smartfonlar həmin dövrün telefonlarından texniki baxımdan qat-qat mürəkkəb olsa da, Teslanın təsvir etdiyi gələcək mənzərəsi təxminən 100 il sonra reallıqla demək olar ki, tam üst-üstə düşür.
Teslanın naqilsiz texnologiyaların gələcəyi ilə bağlı digər fikirləri də müasir texnoloji yenilikləri xatırladır. Məsələn, onun təsvir etdiyi formada hələ elmi fantastika sahəsində qalan bəzi ideyalar 3D çap texnologiyasını xatırladır.
İxtiraçı hesab edirdi ki, naqilsiz texnologiyalar informasiya ötürülməsi, insanların və maddi obyektlərin daşınması, eləcə də enerjinin ötürülməsi vasitəsilə daha sıx əlaqələr yaradacaq.
Bu barədə “Focus” yazır.
Bununla belə, Teslanın gələcəklə bağlı təsəvvürlərinin müəyyən məhdudiyyətləri də var idi. Bu məhdudiyyətlər onun texnologiyaya həddindən artıq nikbin yanaşmasından irəli gəlirdi. O, inanırdı ki, gec-tez istənilən problemin texnoloji həlli tapılacaq. “Bəşəriyyətin üzləşdiyi problemlərin əksəriyyəti Yer kürəsinin nəhəng ölçüləri və ayrı-ayrı insanların, eləcə də xalqların bir-biri ilə sıx əlaqə qura bilməməsi ilə bağlıdır”, – deyə Tesla vurğulayıb.
Alim hesab edirdi ki, naqilsiz texnologiyalar müharibələrə, yoxsulluğa, xəstəliklərə, ətraf mühitin çirklənməsinə və cəmiyyətdəki narazılıqlara son qoymağa kömək edəcək.
O, elə bir gələcəyi təsəvvür edirdi ki, insanlar baş verən hadisələri – prezidentin andiçmə mərasimini, dünya çempionatının həlledici oyununu, dağıdıcı zəlzələni və ya döyüşün dəhşətlərini sanki hadisə yerindəymiş kimi görə və eşidə biləcəklər.
Tesla inanırdı ki, ani rabitə sayəsində dövlət sərhədləri “demək olar ki, aradan qalxacaq” və bu, planetdə yaşayan müxtəlif xalqların birləşməsi və harmonik birgəyaşayışı istiqamətində böyük addım olacaq.
N.Talıblı
