qaz nəqli
Rusiyanın Türkiyəyə boru kəmərləri ilə nəql etdiyi təbii qazın həcmi payız aylarında nəzərəçarpacaq dərəcədə artıb.
Bu barədə “Qazprom”un mətbuat xidməti MAX platformasında məlumat yayıb.
Noyabrın ilk günlərində Türkiyəyə qaz tədarükü əvvəlki iki ayın eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə çox olub.
“Operativ məlumatlara əsasən, noyabrın ilk beş günündə Türkiyədəki istehlakçılara göndərilən qazın həcmi oktyabr və sentyabr aylarının eyni dövründəki göstəriciləri təxminən dörd dəfə üstələyib. Bununla yanaşı, “Qazprom”un Türkiyəyə oktyabr ayı üzrə ümumi qaz tədarükü sentyabrla müqayisədə 78 faiz artıb”, – deyə şirkətdən bildirilib.
“Qazprom”un rəhbəri Aleksey Millerlə Türkiyənin energetika naziri Alparslan Bayraktarın görüşü oktyabrda keçirilən Rusiya Enerji Həftəsi çərçivəsində baş tutub. Tərəflər qaz sektorunda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Jurnalistlərin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Rusiya Türkiyəyə boru kəmərləri vasitəsilə 12,1 milyard kubmetr qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz azdır. 2025-ci ilin yekununda isə Rusiyanın Türkiyəyə qaz ixracı 21,16 milyard kubmetr təşkil edib.
Oktyabrın sonunda Rusiya prezidenti Vladimir Putin Türkiyəyə nəql olunan Rusiya qazının həcminin 30 milyard kubmetrə qədər çatdığını bildirib. O, eyni zamanda vurğulayıb ki, Moskva Azərbaycanı Türkiyənin enerji bazarında rəqib hesab etmir və Bakı ilə əməkdaşlıqda maraqlıdır.
S. Abdulla
