Sudanda arxeoloqlar orta əsrlər Nubiyasının ən böyük xristian tikililərindən biri hesab edilən İsa Məsihin Böyük Kilsəsinin yeni qalıqlarını aşkar ediblər. Tədqiqatçılar kilsənin ilkin döşəmə səviyyəsinə ilk dəfə çataraq burada monumental pilləkən və mühüm memarlıq elementləri tapıblar.
Bu barədə IFL Science nəşri məlumat yayıb.
Qazıntılar orta əsrlərdə xristian Makuriya krallığının mərkəzi olmuş Qədim Donqola şəhərində aparılır. Tədqiqatda Varşava Universitetinin və Sudanın Qədim Abidələr və Muzeylər üzrə Milli Korporasiyasının mütəxəssisləri iştirak edirlər.
İlkin hesablamalara görə, tikilinin eni təxminən 47 metr, uzunluğu 57 metr, hündürlüyü isə 21 metrə çata bilərdi. Pilləkənin yaxınlığındakı bəzi divarların 11 metrə qədər hissəsi bu günədək qorunub saxlanılıb.
Ekspedisiyanın rəhbəri, Varşava Universitetinin Aralıq dənizi Arxeologiyası Mərkəzinin professoru Artur Obłuski bildirib ki, bu bina Vaşinqtondakı məşhur Ağ Evdən daha böyük olub. Tədqiqatçının fikrincə, İsa Məsihin Böyük Kilsəsi təkcə Nubiyada deyil, Afrikanın daha geniş ərazilərində də digər dini tikililər üçün memarlıq nümunəsi rolunu oynamış ola bilər. Alim onun mümkün tarixi əhəmiyyətini Konstantinopoldakı, indiki İstanbulda yerləşən Müqəddəs Sofiya kilsəsi ilə müqayisə edib.
Qədim Donqola Nil çayının şərq sahilində yerləşir. VI əsrdə Makuriya krallığının xristianlığı qəbul etməsindən sonra şəhər mühüm dini və mədəni mərkəzə çevrilib. Burada çoxsaylı kilsələr, monastırlar və monumental tikililər inşa edilib. Şəhərin çiçəklənmə dövrü XIV əsrə qədər davam edib.
Hazırkı qazıntılar zamanı arxeoloqlar Böyük İsa Kilsəsinin yuxarı səviyyəsində daha kiçik bir kilsənin qalıqlarını da aşkar ediblər. Tikilinin böyük hissəsi qorunmasa da, mütəxəssislər üzərində rəsmlər olan suvaq parçaları və yunan dilində yazılmış kitabələr tapıblar. Tapıntılar divarların nəfis təsvirlərlə bəzədildiyini göstərir. Arxeoloqlar indiyədək o qədər çox rəngli suvaq fraqmenti toplayıblar ki, onların saxlanılması üçün altı böyük rəf bölməsi tələb olunub. Aşkar edilən yazılardan biri Bibliyada adı çəkilən peyğəmbər Samuelin anası Annanın duasının bir hissəsidir. Mətn yunan dilində, səliqəli kitab xətti ilə yazılıb. Hərflərin hündürlüyü cəmi yarım santimetrə yaxındır.
Varşava Universiteti 1960-cı illərdən etibarən Qədim Donqolada arxeoloji tədqiqatlar aparır. Lakin Sudanda davam edən silahlı münaqişələr bu ərazidə araşdırmaları çətinləşdirir.
UNESCO-nun məlumatına görə, 2023-cü ilin aprelində ölkədə vətəndaş müharibəsi başlayandan bəri Sudanda 100-dən çox mədəni irs obyekti zədələnib, talan edilib və ya dağıdılıb.
Qədim Donqola hələlik bu dağıntılardan yayına bilib. Davam edən qazıntılar Afrikada orta əsrlər xristianlığının ən mühüm mərkəzlərindən birinin tarixini yenidən üzə çıxarmağa imkan verir.
N.Talıblı
