Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52 (Last updated: 13 Noyabr 2026 - 20:54)
e08

Nəzirməmməd Zöhrablı

 Jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab tanınmış sənətçi, NiEl  orkestrinin yaradıcısı və bədii rəhbəri, muğamat, mahnı, aşıq musiqisi, estrada, klassik musiqi əsərlərinin ifaçısı, onlarla mahnı və kliplərin müəllifi, 10 albom, çoxsaylı konsert proqramları ilə tamaşaçıların görüşünə gəlmiş, Türkiyədə, Ukraynada, Rusiyada, İran İslam Respublikasında dəfələrlə konsert proqramları ilə Azərbaycan mədəniyyətini təbliğ etmiş Elçin Hüseynovun həyat və yaradıcılığından bəhs edir.

…Mədəniyyət insanın yaddaşında, davranışında və başqalarına münasibətində də yaşayır. Sənətkarın səhnədə yaratdığı əsərlərlə həyatda daşıdığı dəyərlər bir-birini tamamlayanda onun yaradıcılığını daha yaxından anlamaq mümkün olur. Bu kitabda Elçin Hüseynovun sənət yolu ilə yanaşı, onu yetişdirən mühitə, ailəsinə və insanlara münasibətinə də eyni baxış bucağından nəzər salınır.

Kitabın dili aydın və rəvandır. İnanırıq ki, Azərbaycan musiqi mədəniyyətinin, xalqımızın humanist keyfiyyətlərinin bir çox çalarlarına işıq salan kitab, dəyərlərimizin təbliğinə xidmət etməklə hər bir azərbaycanlının stolüstü vəsaitinə çevriləcək, kitabxanasında özünə yer tapmaqla gələcək nəsillər üçün də qorunacaqdır.

  Mədəniyyət elə bir xəzinədir ki, xərcləndikcə azalmaz, əksinə, daha da zənginləşər.

                                                      Üzeyir Hacıbəyov

Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

                                                        Hüseyn Cavid

 

Suyun torpaqdan süzülməklə təmizləndiyi, durulduğu kimi, mədəniyyətimiz də tarixi və çağdaş qaynaqlardan süzülüb keçdikcə özünə yeni-yeni çalarlar qazandırır. Qazandırır ki, bütün zamanlarda qəlbən humanist meyllərə fokuslanan Azərbaycan xalqının daha sivil, daha mədəni, daha insanpərvər kəsimi yetişsin. Mədəniyyət özünü təkcə hansısa möhürlənmiş sənətin üzərində göstərmir. Mədəniyyət paralel olaraq insanın şəxsiyyətli, vətənpərvər, ziyalı kimi yetişməsinə əvəzsiz töhfələr bəxş edir.

…Mədəniyyət, mədəni dəyərlər bir bucaq altında işini bitirmir, yaxud yalnız bir boğçanı doldurmaqla kifayətlənmir. Mədəniyyət daim hərəkətdə, inkişafda, ZAMAN və İNSAN məfhumları kontekstində durmadan irəliləyir, yenilənir. Onu yaradıb, yaşadıb, yeni məcralara çatdıranda…

Yuxarıda sitat gətirdiyimiz mədəniyyət, ədəbiyyat xadimlərinin fikirləri və ardınca qeyd etdiyimiz yanaşmalar prizmasından dəyərləndirmələrimizi Azərbaycanın tanınmış sənətçisi, öz gərgin əməyi, istedadı, çalışqanlığı, zəhmətkeşliyi bahasına ərsəyə gətirdiyi NiEl orkestrinin bədii rəhbəri, həzin, lirik, gözəl səsi və bu səsin üzərində yaratdığı təkrarsız sənət əsərləri ilə mədəni dəyərlərimizi ölkəmizdə və qardaş Türkiyə Respublikasında,  həmçinin MDB məkanının ən böyük ölkəsi olan Rusiyada, Ukraynada, İran İslam Respublikasında ləyaqətlə, vicdanla təmsil edən müğənni, xeyriyyəçi Elçin Hüseynovun həyat və sənət yoluna işıq salacağıq. “50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ” layihəsinin təqdimat günlərində. Bu layihə həm də Elçin Hüseynovun xalqı, milyonlarla tamaşaçısı qarşısında 50 illik həyat, 30 illik sənət hekayəsinin hesabatıdır.

               HACIİSMAYILLIDAN BAŞLAYAN CIĞIR…

İlk tanışlığımızdan intellektual bazası məni cəlb edir Elçinin. Qeyd etməliyəm ki, hazırda belə müğənnilərin sayı çox azdı. Xüsusilə şou-biznesin “sərhədləri” vurub dağıtdığı, mizan-tərəzinin itdiyi bir dönəmdə. İlk suallarıma missiyasını daşımağı boyun borcu bildiyi öz sənətinə aid erudisiyalı yanaşma sərgiləməsi diqqətimi bir qədər də çəkir. Vaxt itirmədən əvvəlcə onun təhsili ilə maraqlanıram. Məlum olur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  Kulturologiya fakültəsinin Mədəniyyətşünaslıq ixtisası üzrə ali təhsilli məzunudur. Bu yerdə qəhrəmanımızla ilgili qısa bir tanıtma yerinə düşür:

       -Elçin Əlipənah oğlu Hüseynov 19 dekabr 1976-cı ildə Azərbaycan Respublikası Cəlilabad rayonunun Hacıismayıllı kəndində ziyalı ailəsində anadan olub. 1993-cü ildə Hacıismayıllı kənd orta məktəbini, paralel olaraq Cəlilabad şəhərindəki musiqi məktəbini “əla” və “yaxşı” qiymətlərlə bitirib.

      1993-1996-cı illərdə Cəlilabad Rayon Mədəniyyət Mərkəzində müğənni kimi fəaliyyət göstərərək, rayon səviyyəsində keçirilən dövlət tədbirləri və mədəni-kütləvi digər proqramların icrasında yaxından iştirak edib. Bu tədbirlərdə aktiv iştirakına görə onun gənc müğənni kimi ilk addımları mütəmadi olaraq Cəlilabad rayon icra hakimiyyətinin başçısı və rayonun təhsil və mədəniyyət qurumları tərəfindən qiymətləndirilib, bir çox fəxri fərmanlarla təltif edilib. Bu ilkin ifalar, çıxışlar ona auditoriya qarşısında davranmağı, repertuar seçməyi və səhnədə məsuliyyət daşımağı öyrədib.

       30 ildən artıq peşəkar müğənni kimi fasiləsiz yaradıcılıqla məşğul olan Elçin Hüseynov bu müddət ərzində özünün yaratdığı və rəhbərlik etdiyi “NiEl” orkestri ilə birlikdə ölkəmizdə respublika səviyyəsində müxtəlif konsert proqramlarında, rayon və kəndlərdə, hərbi hissələrdə, ahıllar evi, uşaq evlərində keçirilən dövlət tədbirlərində çoxsaylı çıxışlar edib.

      1997-1998-ci illərdən etibarən respublika miqyaslı televiziya və radio efirlərində mütəmadi çıxış edən müğənninin keçirdiyi solo-konsertlərin audiovizual yazısı AzTV Qapalı Səhmdar Cəmiyyətinin,   bəstəkar mahnıları, xalq mahnıları, təsnif və muğamlardan ibarət lent yazıları isə Azərbaycan Dövlət Radiosunun fondlarında saxlanılır. Əlbəttə ki, bütün bunlar onun peşəkar yaradıcılıq uğurlarının əsas göstəricilərindəndir.

      Lakin sənətçinin yaradıcılığının əhatə etdiyi sfera təkcə Azərbaycan hüdudları çərçivəsində məhdudlaşmayıb. O, ayrı-ayrı zamanlarda Türkiyə, Rusiya, İran İslam Respublikası, Ukrayna, Almaniya və digər ölkələrdə keçirilən tədbirlərdə iştirak edərək Azərbaycan musiqisini və mədəniyyətini yüksək səviyyədə təmsil edib.

       Yaradıcılığı ilə mədəniyyət tariximizdə öz cığırını açan Elçin Hüseynov indiyədək geniş tamaşaçı auditoriyası üçün 10 musiqi albomu, 100-dən çox mahnı və 30-dan artıq ekran işi ərsəyə gətirib.

Yeri gəldikcə, Elçin Hüseynovun yaradıcılıq yolu, uğurları barədə məlumatların bütün detallarını təfsilatı ilə oxucuların diqqətinə çatdıracağıq.

      “Daima öz üzərimdə işləməyi, yeni musiqi layihələri və proqramlarla tamaşaçı qarşısına çıxmağı yaradıcılığımın əsas prinsiplərindən biri hesab edirəm” – bu sözlər 50 yaşlı müğənninin əsas həyat devizidir.

“ELÇİN YAXŞI OXUYUR…MAHNILARI…”

Elçin həm də çox maraqlı həmsöhbətdir. Onun həyat tarixçəsinin bəzi məqamlarını sizlərlə bölüşmək istəyirik. Yeri gəlmişkən, müsahibim istər həyat hekayələri, istərsə də sənətinin konturları baxımından geniş ictimaiyyətə çox açıq olması təəssüratını yaradır məndə. Onun musiqinin bütün janrları haqqında bilgili olması isə söhbətlərimizə körpü salmaqda xüsusi rol oynamış olur. Adi kənd uşağının zümzüməsindən başlayan sənətə vurğunluq və davamlı təhsil müsahibimi çox mətləblərdən hali edib. Qəribədir ki, ifaçıların bir çoxunun başına gələn “valideyn təpkisi” həyatının dramatikləşməyə başlayan dönəmlərində ondan da yan keçməyib. Öz səsinin ahənginə vurulub arabir yol gedə-gedə özü də avtomobilində zümzümə etməkdən zövq alan mərhum atası Hacı Əlipənah kişi oğlunun müəlliminin “Elçin yaxşı oxuyur, ancaq dərslərini yox, mahnıları…” ibarəli sözlərindən sonra evdə əsl mərəkə qopur. Tənqidlər zamanla Elçin özünü əsl müğənni kimi təsdiq etdikcə səngiyir… İlk çıxışlardan başlayaraq günbəgün artan tamaşaçı sevgisi isə onu getdikcə sənətə daha çox bağlayır.

SABİR MİRZƏYEV, TEYMUR ƏMRAH MƏKTƏBLƏRİNİN REAL MƏNZƏRƏSİ

…Muğamat, xalq mahnıları, aşıq musiqisi, estrada, pop, rok, klassik musiqi barədə geniş məlumatlıdır. Bunlara nail olmaq üçün ardıcıl təhsil yolu keçib: “Peşəkar musiqi hazırlığımı daha da təkmilləşdirmək məqsədilə xanəndə, Azərbaycanın Əməkdar artisti,  “Çahargah” muğamının məşhur ifaçısı Sabir Mirzəyevdən muğam dərsləri almışam. Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Bəzi günlərdə Sabir müəllimin dərsi başlamazdan öncə, tənəffüs zamanı sakit bir guşədə ustada yaxınlaşıb ondan kiçik həcmli bir qəzəli xahişlə Şur, Çahargah, Segah və ya başqa muğamlarımızın üstündə ifa etməsini istəyirdim. Ustad əvvəllər “dərs başlasın, edərik” deyib bir qədər vaxt udmaq istəsə də, sonralar bunu bir növ vərdişə çevirdik. Bu təklik məqamından istifadə edib qəzəl parçasını ona oxutdurur və səsini diktofona yazırdım. Bir neçə gün sonra həmin qəzəli özüm ifamda hazırlayıb növbəti dərslərin birindən əvvəl ona təqdim edəndə isə həddindən artıq sevinirdi. Mənim bu çalışqanlığım və səsimin rəngi ona o qədər xoş gəlmişdi ki, sonralar daha etiraz-filan etmir, əksinə ona yaxınlaşmağımı həvəslə gözləyirdi…”

Elçin Hüseynov söyləyir ki, o, təkcə muğam dərsləri ilə kifayətlənməyib, eyni zamanda digər Əməkdar artist Teymur Əmrahdan vokal dərsləri alıb, vokal sənətinin də incəliklərini mənimsəyib. Bu tədrislər ona səs imkanlarını daha yaxşı tanımaq, nəfəs və ifa texnikası üzərində işləmək imkanları öyrədib.

Xalq artistləri Teymur Mustafayevdən, Məmmədbağır Bağırzadədən, Sabir Əliyevdən, Agadadaş Agayevdən, Əməkdar artistlər Baloğlan Əşrəfovdan, Məhəbbət Kazımovdan, Elcin Cəlilovdan və bir çox görkəmli sənətkarlardan bəhrələndiyini də minnətdarlıqla qeyd edir.

Həyatında milli peşəkar musiqi zövqünün formalaşmasında böyük ustadların ifalarını davamlı dinləməsinin də mühüm rolu olub. Xalq artistləri Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov, Canəli Əkbərov və Ağaxan Abdullayevin ifalarına dönə-dönə qulaq asıb. Aşıq sənətində Aşıq Şakirin yaradıcılığını xüsusi maraqla izləyib. Klassik mahnı və estrada ifaçılığı sahəsində isə Xalq artistləri Şövkət Ələkbərova, Elmira Rəhimova, Flora Kərimova, İlhamə Quliyeva, Akif İslamzadə, Gülaga Məmmədov və Zeynəb Xanlarovanın sənətindən bəhrələnib. Zeynəb xanıma musiqi sənətimizin canlı əfsanəsi kimi dərin ehtiram bəsləyir.

Birbaşa aldığı dərslər və illərlə dinlədiyi ifalar sənətçinin təcrübəsini çox zənginləşdirib. Öyrənməyi davam etdirmək, ustadla məsləhətləşmək və öz ifalarına yenidən qulaq asmaq onun üçün peşəkar inkişafın vacib stimullarındandır.

Öyrənməyi, yeri gələndə həmkarlarından soruşmağı həmişə vacib hesab edir. Ustadları dinləməyi, onlarla məsləhətləşməyi, ifaçılıq sənəti barədə bilgilənməyi, bu sənəti həm praktiki, həm də nəzəri baxımdan mənimsəmək üçün indi də çəkinmədən çabalar göstərməyi özünün həyat kredosu hesab edir. Bu, çox müsbət, təqdirəlayiq bir addım, nümunəvi düşüncə tərzidir. Qeyd edir ki, bir gün muğamatın vətəninin hansı ölkə olması ilə bağlı az qala mübahisə həddinə çatacaq polemika ilə üz-üzə qalıb: “Çəkinmədən götürüb hörmətli xalq artistimiz, muğam incimizi bütün dünyada təbliğ edən ustad xanəndə Alim Qasımova zəng etdim. Alim müəllim dedi bir çox xalqların buna öz yanaşması var. Cənubi Azərbaycanda da oxunur. Amma bir qədər mübahisəli də olsa Hind raqaları da bizim muğamatımıza bənzəyir. Ümumən götürəndə, muğamat Şərq xalqlarına məxsus bir sənət növüdür”.

 

DOĞMALIĞIN DƏYƏRİ – VƏTƏNPƏRVƏRLİYİN, AZƏRBAYCANÇILIĞIN NÜVƏSİ…

Əziz oxucular, yeri gəlmişkən Elçinin 50 illik yubileyi və 30 illik sənət həyatının bəzi konturlarını əks etdirəcək film hazırlanır. Bu filmdə Alim Qasımovun da onun şəxsi keyfiyyətləri və sənəti barəsində açıqlamalarını, məxsusi qeydlərini, ürək sözlərini eşidəcəksiniz. Filmin çəkilişləri isə qardaş Türkiyənin tarixlər şahidi İstanbul şəhərində, Azərbaycanda, Rusiyada, eləcə də onun həyat və sənət yolunun bilavasitə bağlı olduğu digər məkanlarda müxtəlif çaplı azərbaycanlı və türk sənət dostlarının, onu yaxından tanıyanların, illərlə yollarının  kəsişdiyi bir çox tanınmış insanların xatirələri, eləcə də şəxsi keyfiyyətləri və sənəti barədə düşüncələrin ekranlaşdırılması əsasında baş tutacaq. Əlbəttə ki, çəkilişlərin doğulub boya-başa çatdığı, bu gün də həddən ziyadə bağlı olduğu doğma Hacıismayıllı kəndindən başlanması şərtilə. O, bu niyyətinin səbəblərini də tamaşaçılarına, sevənlərinə çox maraqlı və hərarətli sözlərlə açıqlayır: “İlk çəkilişlərin məhz doğulub boya-başa çatdığım kənddə aparılması mənim üçün xüsusi önəm daşıyır. Çünki Hacıismayıllı sadəcə doğulduğum ünvan deyil. Bura uşaqlığımın keçdiyi, ilk arzularımın yarandığı, sevincimin və kədərimin izlərini yaşadan doğma yurdumdur. Hacıismayıllı mənim ata ocağım, yaddaşım, mənəvi sığınacağım və həyat yolumun başlanğıcıdır. İnsan harada yaşasa, hansı zirvələrə yüksəlsə də, qəlbinin bir parçası həmişə doğulduğu torpaqda qalır.

Və bütün bu yolun başlanğıcında bir ünvan dayanır:

Doğma Hacıismayıllı…

Hekayəm doğma ocağımdan başlayır…”

Elçin, həyatının, dünyaya ilkin baxışının istinad nöqtəsi, onu qoynundan pərvazlandırıb Azərbaycana və dünyaya çıxaran Hacıismayıllını arzularını qanadlandıran ən müqəddəs məkan hesab edir. Doğulduğun torpağa, yurda bağlanmaq, onu bu qədər ürəkdən sevmək, böyük ölçüdə VƏTƏNPƏRVƏRLİYİN, AZƏRBAYCANÇILIĞIN nüvəsinin varlığı kimi dəyərləndirilir. Yarıməsrlik həyatında doğmalığa, doğmalara bu qədər bağlılığının davamının ona 70, 80, 90, 100 illik yubileylərində də nəsib olmasını Uca Yaradandan diləyirik.

      Hər hansı bir sahədə etalon insanlar təkcə özlərinin, doğmalarının, el-obanın deyil, bütün xalqımızın yaddaş xəzinələrində özlərinə yer edirlər. Şübhəsiz ki, belə nümunələr gələcəyin azərbaycanlıları arasında çoxlu sayda namus-qeyrətli, vətənpərvər, xeyirxah insanların yetişməsinə vəsilə olacaqdır.

 

  KLASSİK AZƏRBAYCAN ƏSƏRLƏRİ ELÇİN HÜSEYNOVUN SƏSİNDƏ

Elçin Hüseynovun sosial platformalardakı repertuarını “vərəqləyirəm”. Qarşıma öncə SSRİ Xalq artisti, böyük bəstəkar Arif Məlikovun şair Həmid Abbasın sözlərinə yazdığı “Gəl bizim dağlara” mahnısı çıxır. Görkəmli sənətkar Akif İslamzadənin həyat verdiyi bu lirik tonlu sənət əsərinin Elçinin səsinin rəngində xüsusi çalarları var. Dinləməkdən doymursan. Yaxud Emin Sabitoğlunun Dədə Qorqud filminə yazdığı, ilk ifaçısı Xalq artisti Yalçın Rzazadə olan, el arasında “Beyrəyin mahnısı” və ya “İncə bellim” kimi tanınan əsəri, həmçinin İstiqlal Şairi Əhməd Cavadın sözlərinə bəstələdiyi “Şükriyyə” əsərini xüsusi performansla təqdim etməsindən zövq almaya bilmirsən.

Ənvər Əlibəylinin sözlərinə Rauf Hacıyevin bəstəsi, Xalq artistləri Rəşid Behbudov, Flora Kərimova kimi sənətkarların ifa etdiyi “Azərbaycanım”əsərini interpretasiya ilə o qədər şövqlə, elə ustalıqla ifası Elçinin sənət dünyasının orbitlərində heç də boşuna vaxt itirmədiyinin əyani göstəricisidir.

Bu siyahını kifayət qədər artırmaq da mümkündür. Məsələn, bəstəkar-şairə Xanım İsmayılqızının sözlərinə Xalq artisti Faiq Sücəddinovun bəstələdiyi “Yalan” mahnısını, musiqisi Qəmbər Hüseynliyə, sözləri Zeynal Xəlilə məxsus, ilk ifaçısı həzin səsli Nərminə Məmmədova olan “Ay işığında” mahnısını, saysız-hesabsız xalq mahnılarımızı, digər əsərləri də Elçin Hüseynov bu 30 illik sənət dünyasının baxış bucağından tamaşaçılara təqdim edib və hazırda da bu prosesləri uğurla davam etdirir.

Müğənninin yuxarıda da qeyd etdiyimiz kimi, bir sıra janrlarda özünü sınaması və hər bir sınağının uğurlarla sonuclanması, onun yaradıcılığının çoxşaxəli prizmadan dəyərləndirilməsi üçün möhkəm əsaslar yaradır. Belə ki, Azərbaycan xalqının, eləcə də bütün türk dünyasının tarixi köklərinə ilgili aşıq musiqisinə bağlılığı da yaradıcılığında xüsusi yer tutur. Aşıq Şakirin yaddaşlarda yaşayan “Nə bağ bildi, nə də bağban”, həmçinin “Nar ağacı, nar çiçəyi”, “Şirvan gözəlləməsi” və “Şirvan şikəstəsi” onun ifasında mütəmadi səslənən nümunələrdəndir. Repertuarında bu ənənəni davam etdirən bir sıra başqa aşıq havaları və mahnıları da var. Bu ifalar dinləyicini tamamilə fərqli bir aləmə aparır, onun nostalji hisslərini oyadır, gözləri önündə xatirələrini, uşaqlığını, gəncliyini, qədim toylarımızdakı adət-ənənələri canlandırır.

Türk xalqları, türk dünyası, eləcə də Türkiyə-Azərbaycan qardaşlığının incənətimizdə inikasına misal olaraq, onun oxuduğu “Rüyalarda buluşuruz”, “Mavi-mavi”, “Yol ver dağlar”, “Bu adam benim babam”, digər tanınmış peşəkar müğənni Sevda Yəhyayeva ilə birgə duet şəklində ifa etdiyi “Ayrılıqdan vaz keçelim” və s. kimi saysız-hesabsız Türk şərqilərini qeyd etməmək mümkünsüzdür. Türk şərqilərinə xüsusi sayğısı, onları yüksək səviyyədə ifa edə bilməsi hələ 2003-cü ildə 27 yaşında qardaş ölkənin ünlü sənətçisi, musiqiçi, prodüser, söz yazarı, bəstəkar və pianoçu Çingiz Kurtoğlunun diqqətindən yayınmır.

ÇİNGİZ KURTOĞLU – ELÇİN HÜSEYNOV DOSTLUĞU – YAXIN, UZAQ TÜRKİYƏ…

Elçin, “Elçin Hüseynovun səsi gəncliyimin səsidir, səsimiz bir-birinə çox bənzəyir” söyləyən Çingiz Kurtoğlu ilə çox keçmir ki, İstanbulda görüşür. Bu görüşlə onların arasında kifayət qədər sıcaq, çox səmimi bir dostluq münasibəti başlayır. Həmyerlimizi səsindən bəyənib onunla əlaqə quran Çingiz bəy yaxından tanış olduqca onun xüsusi bir ailə tərbiyəsi, mədəni-əxlaqi dəyərlərimizin daşıyıcısı olduğunu, ədəb-ərkanını görür və bunu dilinə də gətirir.  Xüsusilə özünün də Bakıya təşrif buyuraraq iştirak etdiyi Elçinin həyatda ən xoşbəxt günü – toyu ərəfəsində: “Sən çox şəxsiyyətli, ədəbli, tərbiyəlisən. Çox yaxşı bir ailə tərbiyəsi almısan.  Onun üçün sənin həyat yoldaşın da çox mutlu (xoşbəxt) olacaq”. Böyük sənətkarın bu sözləri Elçin üçün dost münasibəti ilə yanaşı, ata ocağından aldığı tərbiyəyə verilən qiymət kimi də dəyərlidir. Əlbəttə ki, bu dəyərləndirmənin həmçinin Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanin şəxsi dostu, onun seçki kampaniyalarındakı konsert proqramlarının əsas aparıcısı, hətta övladının toyunda belə Ərdoğan bəyin “nigah şahidi” kimi  iştirak etdiyi böyük sənətkarın dilindən səsləndirilməsi də özlüyündə çox böyük fəxarət hissləri yaradır.

Yeri gəlmişkən, Çingiz Kurtoğlu Bakıya növbəti gəlişinin ilk günü – 23 may 2008-ci ildə Elçinlə birlikdə “Son gecə” adlı konsert proqramı ilə çıxış edib və onlar bu konsertdə birlikdə “Yorqun yıllar” (Yorğun illər) adlı duetlərini təqdim ediblər. Konsertdən bir gün sonra – 24 may 2008-ci il tarixində böyük sənətkar Çingiz Kurtoğlu artıq yaxın dostu olan Elçinin həyatının ən gözəl, yaddaqalan günü – şadlıq məclisinin əsas müğənnisi qismində toyu idarə edib.

 

ELÇİN HÜSEYNOV – NİEL ORKESTRİ TANDEMİ

      Elçin Hüseynovun yaradıcılıq yolu NiEl Orkestri ilə sıx bağlıdır. Onun yaratdığı və rəhbərlik etdiyi kollektiv mahnıların səslənməsində, konsert proqramlarının hazırlanmasında və canlı ifaların təqdimatında mühüm rol oynayır.

Bu da danılmaz faktdır ki, orkestr rəhbərliyi fərdi ifaçılıqdan əlavə məsuliyyət tələb edir. Proqramın qurulması, musiqiçilərin birgə işi, məşqlər və səhnədə ümumi ahəngin yaranması davamlı hazırlıqla mümkün olur. Bütün bunları bir araya gətirə bilməmək səhnədə də, toy məclislərində də tamaşaçı zövqünün korlanmasına səbəb olur.

Elçin söhbətlərində kollektivinin əməyini ayrıca qeyd edir. Mahnıların hazırlanmasında və konsertlərin uğurla baş tutmasında iştirak edən insanların zəhmətini yüksək qiymətləndirir.

Otuzillik fəaliyyəti ərzində NiEl Orkestri ilə müxtəlif konsertlərdə, rayon və kənd tədbirlərində, hərbi hissələrdə, ahıllar və uşaq evlərində təşkil olunan proqramlarda çıxış edib. Bu görüşlərin hər biri onun sənət dünyasında ayrıca təcrübə və xatirə kimi xüsusi yer tutur.

MAHNILAR…KONSERTLƏR…BƏSTƏLƏR…ALBOMLAR…PROJELƏR…

     Bu qeydləri Elçin Hüseynovun özünün bəstələdiyi, rəhbərlik etdiyi NiEl orkestrinin müşayiəti ilə oxuduğu, sözləri Elçin Məhərrəmova məxsus “Sultanım” adlı həzin musiqi təranəsinin səslənməsi fonunda yazıram…bənzərsiz, gözəl ifa insanın bütün əsəblərini sakitləşdirir, ovqatında duyğusallıq hissləri yaradır və səni sabahlara daha nikbin baxmağa həvəsləndirir. Elçinin özünəməxsusluğu öz yaradıcılığında, mahnılarında bənzərsizliyindədir əslində. Hamıya hörmətlə yanaşıb, sənətin incəliklərinə yiyələnmək, klassikaya, janrından asılı olmayaraq bütün ustad sənətkarlara xüsusi ehtiram göstərməklə bərabər, sənətdə yalnız özünün yolunu getmək istəyi və bacarığı onun şakəridir. Ardınca “Dəlixanadan məktub” nağılvari romantik mahnı, “Dön mənə bax” şən mahnı, “Doğrudanmı qocalıram” muğam parçası,  “Yandım yar”, “Niyə itirdin” lirik mahnısı və s. onlarca ifası isə onun sənət dünyasındakı danılmaz uğurlarının əyani göstəricisidir. Bu mahnılarda sevgi, ayrılıq, ana məhəbbəti, vətən duyğusu və həyat haqqında düşüncələr ifadə olunur.

Elçin bəstəkarlıqla da məşğul olur. Onun repertuarında öz musiqi müəllifliyi ilə yaranmış onlarla bəstə nümunələri də yer alır.

30 ildən artıq Azərbaycan musiqi sənətində müğənni və “NiEl” orkestrinin rəhbəri kimi fəaliyyət göstərən Elçin Hüseynovun qazandığı nailiyyətləri, reallaşdırdığı çoxsaylı projeləri sadalamaqla qurtarmaq mümkün deyil. Amma bəzi daha çox yaddaqalan uğurları ilə sizləri tanış etmək istəyirik, əziz oxucular!

Elçin Hüseynov ölkə daxilində və xaricdə keçirilən dövlət və beynəlxalq miqyaslı tədbirlərdə Azərbaycan musiqisinin yüksək səviyyədə təmsilçiliyinə nail olmuşdur. Sənətçinin yaradıcılığı ümumən 10 musiqi albomunu, 100-dən artıq mahnı və 30-dan artıq ekran işini əhatə edir, eyni zamanda televiziya və radio efirlərində, eləcə də genişmiqyaslı solo konsert proqramlarında fəal çıxışları ilə yaddaşlarda və arxiv fondlarında öz layiqli yerini tutur.

O, yuxarıda qeyd etdiyimiz klassik sənət əsərləri, xalq mahnıları ilə yanaşı, müxtəlif mövzuları əhatə edən “Ana”, “Ay qız”, “Səndən başqa”, “Həyatım”, “Niyə itirdin”, “Bu gün bizim”, “Badə”, “Sultanım”, “İki ürək”, “Bir də gəlmə”, “Zaçsepila (rus dilində)”, “Halay (türk dilində)”, “Ey Vətən”, “Dağlara gedək”, “Sarışınım”, “Qara zülfün darayım”, “Yalan”, “Cavanlıq”, “Dəlixanadan məktub”, “Zalım həyat”, “Məhəbbət”, “Gözüm yoldadır”,  “Sənin baxışların”, “Azərbaycan”, “Dünya” və başqa xeyli sayda musiqi nümunələri ilə xalqımıza, tamaşaçılarına incəsənət xidməti göstərmişdir. Bu mahnıların içərisində onun öz müəllifliyi ilə yaradılmış musiqi sənəti nümunələri onlarladır.

Diskoqrafiya fəaliyyətinə gəlincə isə Elçin Hüseynov 2000-ci ildən etibarən “Anama qurban”, “Hansını sevim görən”, “Ay qız, sən oyna”, “Baba”, “Bir kimsəm də yox”, “İki ürək”, “Öyrətdim”, “Yalanın adı”, “Sən ağlama”, “Abi” adlı 10 musiqi albomu ilə sevənlərinin görüşünə gəlib.

Elçin Hüseynov hələ gənc yaşlarından özünü daha böyük projelərdə sınayaraq 26 yaşında Bakı şəhərindəki Şəhriyar adına Mədəniyyət Mərkəzində ilk solo konsertlə çıxış edir. Üstündən heç bir il ötməmiş növbəti solo konsert proqramı ilə tamaşaçılarını sevindirir.  2004-cü ildə isə artıq dostluqları və işbirlikləri haqqında müfəssəl məlumatlandığınız Türkiyəli məşhur sənətçi Çingiz Kurtoğlu ilə birlikdə “İki dövlət, bir millət” adlı çox anşlaqlı konsert proqramında səhnəni bölüşür. 2006-cı ildə “NiEl” məkanında növbəti solo konsertlə pərəstişkarlarını sevindirən sənətçi 2008-ci ildə yenidən Çingiz Kurtoğlu ilə bir araya gəlir. Dost-qardaş sənətçilər bu dəfə  “Son gecə” adlı konsert ideyasını gerçəkləşdirirlər.

Öz üzərində daim çalışan Elçin bu uğurları ilə kifayətlənməyərək 2010-2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər zamanı bir sıra rayonlarda silsilə konsert proqramları ilə çıxışlar edir.

Sənətçinin daha iki konsert proqramı isə NiEl orkestrinin müşayiəti ilə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində baş tutur. Belə ki, o, əvvəlcə 19 sentyabr 2017-ci il tarixində Tehrandakı “Vizarəti Kişvər” sarayında “Azərbaycan musiqisinin təqdimatı” adlı konsertini təşkil edir. Lakin Tehrandakı çoxsaylı tamaşaçıların arzusunu nəzərə alaraq cəmisi bir il sonra – 2018-ci ildə yenidən “Vizarəti Kişvər” sarayında növbəti konsert proqramı ilə sevənlərinin görüşünə gəlməli olur.

Bu çıxışlarla o, fərqli auditoriyalar qarşısında Azərbaycan musiqisini təqdim etmək imkanı əldə edib. Hər görüşdə mahnıların dinləyicidə doğurduğu hissləri görmək onun üçün yeni-yeni yaradıcılıq həvəsi oyadıb.

“ATAMIZ BİZƏ EL-OBAYA XİDMƏT KİMİ MƏNƏVİ MİRAS QOYUB”

     “Hər insanın həyatında onu özünə qaytaran bir başlanğıc, qəlbində əbədi yaşatdığı doğma ocaq və yoluna işıq tutan mənəvi köklər var” – milli-mənəvi dəyərlərimizin qorunması, yaşaması və inkişafını xüsusi dəyərləndirən Elçin Hüseynovun cəmiyyətimizə ismarıclarındandı bu sözlər. Mən bu fikirlərlə tanış olmamışdan da Elçinlə söhbətimizdə, onun həyatında müsbət mənada kiçicik belə bir rolu olmuş hər kəsi dəyərləndirdiyini sezmişdim. Təbii ki, bu yanaşma ömrünün ilkin nöqtəsindən – mərhum atası Hacı Əlipənah Hüseynovdan, Raya anadan başlayaraq digər doğmalarına, hacıismayıllılara, dərs aldığı və ya sadəcə bəhrələndiyi ustad xanəndə və müğənnilərə və başqalarına münasibətlərdən başlayır. Onu da qeyd edim ki, bu nəcib niyyətli əlamət də çox az sənətkarın qoruduğu humanist əməllərdəndir. Elçin təvazökarlıq göstərərək gördüyü heç bir işi yalnız öz adına çıxmaq, yalnız öz adı ilə bağlamaq istəmir. Bu işlərdə az və çox bütün rolu, əziyyəti olanların əməyini dəyərləndirir. Həyatına və sənətinə təsir etmiş insanları qətiyyən unutmur. Müəllimlərinin, ilk efir çıxışlarına dəstək olanların, onun püxtələşməsində cüzi belə rolu olan sənət yoldaşlarının və NiEl kollektivinin üzvlərinin adlarını  minnətdarlıqla sadalayır. Bu sırada professor, görkəmli şair və əziz dostu Vüqar Əhmədin dəstəyini xüsusi qeyd edir. Vüqar müəllim AzTV-nin musiqi proqramları baş redaksiyasında redaktor müavini işlədiyi dövrdə onu efirlərə dəvət edib. Elçinin dövlət televiziyasında ilk konsertlərinin və mahnılarının yayımlanmasında, ifalarının geniş tamaşaçı auditoriyasına çatdırılmasında Vüqar Əhmədin böyük rolu olub. Sənətçi yaradıcılıq yolunun həmin mərhələsində göstərilən diqqəti və yaradılan imkanları bu gün də dərin minnətdarlıqla xatırlayır.

İllər əvvəl göstərilmiş diqqət də onun yaddaşında öz yerini qoruyur. Sənət yolunun müxtəlif mərhələlərində aldığı məsləhətləri, bir çıxış üçün yaradılmış imkanı və birlikdə görülmüş heç bir işi unutmamağa çalışır.

Bu münasibət mahnıların hazırlanmasına da aiddir. Söz müəllifinin, bəstəkarın, aranjimançının və musiqiçinin əməyinə hörmətlə yanaşır. Hazır ifanın arxasında həmin insanların birgə zəhmətinin dayandığını xüsusi vurğulayır.

Bəs bu şükranlığın arxasında dayanan səbəblər nədir? Onun tərcümeyi- halından dolayı təfəkkürünə həkk olunmuş fikirlərinə, çoxsaylı xeyriyyə məqsədli əməllərinə diqqət etdikcə kitabda qətiyyən yol verilməyən mübaliğələr və  bu sözlərin əsl mənzərəsi gözləriniz önündə canlanacaq. Yeri gəlmişkən, Hüseynovlar nəslinin Hacıismayıllının ilk sakinlərindən və qurucularından olması da qürurverici faktlardandır. Elçinin babaları və ulu babaları kəndin bünövrəsini qoyan insanlar sırasında olublar. Bu nəslin keçmişi kəndin yaranması və inkişafı ilə bağlı olduğundan Hacıismayıllının tarixindən danışılarkən Hüseynovların adı da xüsusi ehtiramla çəkilir. Həmsöhbətimsə bu yolun davamçısı ola bildiklərinə görə çox məmnun görünür:

– Həm babalarım, həm də rəhmətlik atam Hacı Əlipənah Hüseynov ad və soyadla yanaşı, övladlarına böyük bir mənəvi miras qoyublar. Onlar övladlarına insanlara, el-obaya xidmət etməyi, ehtiyacı olana dayaq durmağı, xeyirxahlığı həyat tərzimizə çevirməyi və doğulduğumuz torpağı heç zaman unutmamağı tövsiyyə ediblər.

       Atamızın qeyd etdiyim mirası bizim üçün maddi sərvətdən daha dəyərlidir. Bu miras vicdanla yaşamaq, halal zəhmətə inanmaq, elin dərdinə şəriklik və ata ocağının adına layiqli övlad olmaq məsuliyyətidir. Bu gün biz dörd qardaş — Niyaz, Əlibaba, Rahim və mən — ailəmizin dəyərli böyüyü Niyaz qardaşımızın ağsaqqallığı ilə atamızın bizə əmanət etdiyi bu yolu davam etdirməyə çalışırıq.

Elçin, söhbətimiz zamanı əvvəlcə bu barədə danışmaq istəməsə də, mənim təkidlərimlə daha sonra el-obanın rahatlığı üçün reallaşdırdıqları xeyirxah əməllər, xeyriyyə işlərin bir qismi haqqında da söhbət açır:

-İllər ərzində doğma Hacıismayıllı kəndimizdə məscidin tikintisinə, kəndə ilk dəfə içməli bulaq suyunun çəkilməsinə, qəbristanlığın park formasında abadlaşdırılmasına, yolların yaxşılaşdırılmasına, işıqlandırma və abadlıq işlərinə, digər ictimai tədbirlərin görülməsinə imkanımız daxilində dəstək olmuşuq.  Hacıismayıllıda atamın və digər kənd agsaqqallarının illər öncə tikdirdikləri məscidin yenidən inşa edilməsinin təşəbbüsçüsü bizim  ailə olub. Qardaşlarımla bu təşəbbüsün reallaşdırılmasına və məscidin inşasına böyük dəstək göstərmişik.

Elçin, ümumiyyətlə doğma kənddə gördükləri işləri ailədən gələn ənənənin davamı kimi dəyərləndirir. Onun sözlərinə görə, doğma yurdunda yaşayış şəraitinin yaxşılaşdırılması da ailənin diqqət yetirdiyi məsələlərdəndir. Sovet dövründə kəndin mərkəzində içməli su olmayıb. Ona görə də ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra oraya ilk dəfə bulaq suyu çəkdiriblər. Belə ki, həmin ərazidə böyük və səliqəli “Əlipənah bulağı” tikdirib, digər küçələrə isə buradan su götürən kiçik su xətləri və su kranları quraşdırıblar. Bu işlər kənd sakinlərinin gündəlik su ehtiyacının ödənilməsini təmin edib. Üstəlik, kənd yerlərində müasir infrastrukturun hələ geniş yayılmadığı bir dövrdə Hacıismayıllıda kanalizasiya sistemi də quran qardaşlar doğma kəndin qayğılarına dəstəklərini bu gün də davam etdirirlər.

Elçin kəndə bağlılıqlarının bir səbəbini də ataları Əlipənah kişinin bu doğma torpaqda uyuması ilə izah edir. Qardaşlar üçün doğma yurda xidmət ailənin keçmişinə ehtiram göstərmək və gələcək nəsillərin yaşayacağı kəndin qayğısına qalmaqdır. Onlar atalarından aldıqları bu mənəvi mirası, ənənəni övladlarına ötürməyin də böyük məsuliyyət olduğunu dərk edirlər.

Bu söhbətləri dilinə gətirərkən bir qədər kövrələn sənətçi ata ocağı və öz ailəsi barədə də məlumatları oxucularımızla bölüşdü. Məlum oldu ki, atası Hacı Əlipənah İzzət oğlu Hüseynov SSRİ dönəmində Hacıismayıllı kəndində briqadir vəzifəsində çalışıb. Sonralar Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki dost-tanışları ilə ticarət əlaqələri qurub və kənddə xeyriyyəçilik əməlləri ilə tanınıb. 2012-ci ildə dünyasını dəyişib.

Anası Raya Səmid qızı Hüseynova evdar qadındır. Səkkiz övlad böyüdüb, sonralar isə 28 nəvənin də qayğısını çəkir. Elçinin yaddaşında ata ocağı həm də ananın zəhməti, ailəni bir arada saxlayan diqqət və gündəlik fədakarlıq anlamındadır. Ailədə dörd qardaş, dörd bacı olublar. İndi onların hərəsinin öz ailəsi, öz ocağı var. Elçinin evində isə atasının adını yaşadan Əli və Pənah adlı iki oğul, anasının adını daşıyan Raya və Röya adlı iki qız övladı böyüyür.

Ailənin birgə fəaliyyəti sahibkarlıq sahəsində də davam edir. Elçin Hüseynov qardaşları ilə birlikdə restoran biznesi ilə məşğul olduqlarını qeyd edir. “NiEl Group”un təqdim etdiyi “NiEl Luxury” və “NiEl Arena” restoranları qardaşlar tərəfindən birgə idarə olunur. Bu işdə də ailədə əsası qoyulan məsuliyyətə, qarşılıqlı etimada və birgə əməyə önəm verilir.

“50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ” KİTAB VƏ FİLMDƏ TARİXİLƏŞƏCƏK

Qeyd etdiyimiz kimi, 19 dekabr 2026-cı ildə Elçin Hüseynov ömrünün 50, səhnə fəaliyyətinin 30-cu yubileyli ildönümlərini qeyd edir. Bu münasibətlə 24 dekabr 2026-cı ildə NiEl Arenada “50 İLLİK ÖMÜR — 30 İLLİK SƏNƏT” adlı bu iki əlamətdar gün münasibətilə möhtəşəm qala-konsert keçiriləcək. Paralel olaraq yubileylərlə bağlı sənətkarın həyat və yaradıcılıq yolundan bəhs edən əlinizdə tutduğunuz kitab və geniş sənədli film hazırlanıb. Onu da diqqətinizə çatdırırıq ki, Elçinin həyat və yaradıcılıq yoluna həsr olunan kitab və sənədli film eyni adı daşıyır: “50 İLLİK ÖMÜR — 30 İLLİK SƏNƏT”.

Yubiley gecəsində kitabın və sənədli filmin təqdimatı ilə yanaşı, Türkiyənin tanınmış sənətkarı, “Türk musiqisinin Babası” kimi sevilən Çingiz Kurtoğlu ilə Azərbaycanın tanınmış və sevilən sənətkarı Elçin Hüseynovun yeni dueti təqdim olunacaq, həmin mahnıya çəkilmiş klip nümayiş etdiriləcək.

Kitabla film eyni ömür yoluna fərqli vasitələrlə nəzər salır. Xatirələr yazılarla açılır, doğma məkanlar, insanların səsləri və sənətçinin həyatından epizodlar  görüntülərlə ekranda tamamlanır.

Filmin hekayəsi Hacıismayıllıdan başlayır. Çəkilişlər Azərbaycanda, Türkiyənin İstanbul şəhərində, Rusiyada və Elçinin həyat və sənət yolunun bağlı olduğu digər məkanlarda aparılır. Onu yaxından tanıyan insanların xatirələri, sənət dostlarının düşüncələri və öz müsahibələri bu həyat hekayəsini dolğunlaşdırır.

Sənədli filmdə ədəbiyyat və incəsənət xadimləri Alim Qasımovun, Baba Vəziroğlunun, Röya Ayxanın, Abbas Bağırovun, Gülyanaq Məmmədovanın, prodüser Anar Mədətovun, Həmidə Ömərovanın, Nüşabə Ələsgərlinin və başqalarının Elçin Hüseynov haqqında dəyərli sözləri yer alır. Eyni zamanda Çingiz Kurtoğlu da filmdə dostu Elçin haqqında səmimi fikirlərini bölüşür.

Bu görkəmli insanların sənətçinin həyatına, yaradıcılığına və şəxsi keyfiyyətlərinə dair söylədikləri onun portretini fərqli baxışlarla cızır. Alim Qasımovun ustad münasibəti ilə dediyi dəyərli sözlər, Çingiz Kurtoğlunun uzunillik dostluqdan gələn xatirələri və digər sənət dostlarının düşüncələri filmin mənəvi dəyərini daha da yüksəklərə qaldırır.

 

     LAYİHƏNİ GERÇƏKLƏŞDİRƏN KOMANDA

Sənətçi ənənəsinə sadiq qalaraq kitabı çapa hazırlayanlara və artıq çəkiliş, emal və montaj mərhələlərində olan filmin yaradıcı qrupuna təşəkkür etməyi də unutmur:

-İlk növbədə, sizlərə və film-layihəsinin ərsəyə gəlməsi üçün çalışan hər kəsə — kitabı yazıb çapa hazırlayan jurnalist-publisist Nəzirməmməd Zöhrablıya, filmi hazırlayanlar – başda rejissorumuz Emin Abışov və texniki heyətin rəhbəri Rövşən Quluyev olmaqla, bütün yaradıcı heyətə və çəkiliş komandasına dərin təşəkkürümü bildirirəm. Bizə göstərdikləri doğmalıq, diqqət və səmimiyyət üçün Hacıismayıllı kəndinin sakinlərinə də ürəkdən minnətdaram. İnanıram ki, filmdə bu və ya digər formada iştirak edən hər kəsin səmimi yanaşması sayəsində maraqlı, mənalı və yaddaqalan bir sənədli film ərsəyə gətiriləcək. Bu film 50 illik ömrümün və 30 illik sənət yolumun hekayəsini danışarkən məni yetişdirən insanları, mühiti, böyüdən ocağı və həyatımın təməlində dayanan dəyərləri də yaşadacaq və gələcək nəsillərə bəlli edəcək.

O, eyni zamanda film üçün Türkiyədə həyata keçirilən işlərin, klip və digər çəkilişlərin təşkilinə, yeni layihələrin hazırlanmasına verdiyi töhfələrə görə dəyərli rejissor Natiq Novruzovun əməyini ayrıca vurğulayır.

Bu təşəkkürlər eyni zamanda filmdə iştirak edərək onun barəsində həqiqətləri dilə gətirib bölüşən sənətkarlara və dostlara, musiqiçilərə, müğənnilərə, bütün NiEl kollektivinə və NiEl Orkestrinə də ünvanlanır. Onların məşqlərdə, ifalarda və layihələrin hazırlanmasında çəkdikləri zəhmətləri yüksək qiymətləndirir.

Layihələrin mediada işıqlandırılması, məlumatların yayılması və geniş auditoriyaya çatdırılmasındakı əməyinə görə dəyərli jurnalist Zəminə Rüstəmovaya da minnətdarlığını bildirir.

Elçinin arzusu hazırlanan kitab və filmdə keçdiyi yolun, ailəsindən aldığı güc-qüvvətin, dəyərlərin zamanlarla yaşaması və gələcək nəsillərə çatdırılmasıdır:

     -Və sonda  “50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ” film-layihəsi haradan gəldiyimin, kimlərdən örnək aldığımın və bu günə qədər keçdiyim yolun hekayəsidir.

      50 il… Bir ömür yolu.

      30 il… Bir sənət yolu.

 

         MUSİQİYƏ, SÖZƏ EHTİRAMLA TÜKƏNMƏYƏN ARZULAR…

“Mahnılar səviyyəli, ifadəli, mənalı sözdən yaranır” deyimini sənətdə və həyata münasibətdə təsdiqləyən Elçin Hüseynov mahnıların söz müəllifi və bəstəkarlarına da eyni prizmadan sayğılarla yanaşır. Arzuları – bitib-tükənməyən yeni-yeni layihələrin intişarı, qorxusu – tamaşaçı rəğbətini itirməkdir. Ona görə yaratdığı mahnıların, bu mahnıları ehtiva edən dəyərli sözlərin, musiqi çalarlarını qoruyan hər bir notun, ladın üstündə nanə yarpağı kimi əsir, onları öz doğma övladları kimi qorumağa çalışır.

50 yaş Elçin Hüseynov üçün yeni planların üzərində düşünmək, növbəti perspektivlərə doğru istiqamətlənmək zamanıdır. O, tamaşaçı qarşısına yeni mahnılar və proqramlarla çıxmağı yaradıcılığının əsas prioritetlərindən sayır. Mahnı seçimində sözün mənasına, musiqinin ifadəsinə və öz səsinə uyarlılığına xüsusi diqqət yetirir. Qazandığı dinləyici münasibətini qorumağın davamlı çalışma tələb etdiyini dərindən anlayır.

Solo konsertlər və tamaşaçı qarşısında yaradıcılıq hesabatı ilə çıxış etməyi fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Müxtəlif illərdə təşkil olunan solo konsertlərinin böyük tamaşaçı marağı ilə qarşılanmasından xüsusi zövq alır.

Sənətdə və həyatda ciddiyyətsə onun əsas amalıdır. Fəaliyyət çevrəsi boyu bütün sahələrdə ona göstərilən etimadı doğrultduğunu əks etdirən faktlardan fərəh hissi ilə söhbət açır. Azərbaycan musiqisinin təbliği və milli mədəniyyətimizin inkişafına xidmət etməyi birmənalı olaraq başlıca məqsədi hesab edir.

Hacıismayıllıda mahnı oxumağa həvəs göstərən uşağın səsi illər ərzində konsert salonlarına, televiziya və radio efirlərinə, müxtəlif ölkələrin səhnələrinə qədər gedib çatıb. Həmin yolun yaddaşında ilk müəlliminin sözü də, ustadın qarşısında oxuduğu qəzəl də, ata-anasının qayğısı da, çəkdiyi əziyyətlər də, gördüyü sevgilər də yanaşı yaşayır.

Elçin Hüseynov bu gün həmin xatirələrlə yeni tamaşaçı görüşlərinə hazırlaşır. Oxuyacağı mahnılar, həyata keçirəcəyi layihələr və övladları ilə bölüşəcəyi yeni-yeni xatirələr də bu həyat və sənət hekayələrinə əlavə olunacaq.

      50 yaşlı sənətçi perspektiv üçün yaxın zamanlara planlaşdırdığı möhtəşəm bir proje barədə fikrini dilə gətirməklə söhbətimizə nöqtə qoydu: Çingiz Kurtoğlu ilə birgə “Türkiyə-Azərbaycan” adlı duet yazdırıb o mahnıya azad Qarabağ torpaqlarında klip çəkdirmək! Bu niyyət onun yaradıcılığında dostluqla Vətən duyğusunun bir araya gəldiyi yeni səhifə ola bilər.

    Gözəl arzudu!

    Allah yardımçınız olsun!

 

 

AzPost.az

Post navigation

Previous: Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

Oxşar xəbərlər

Anar
  • Mədəniyyət

“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR

User 13 Noyabr 2026 - 16:25
aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03

xƏBƏR

e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Nəzirməmməd Zöhrablı  Jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab tanınmış sənətçi, NiEl...
Read more about 50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.