ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına icazə verən güzəştin müddətini daha 90 gün uzatmaq qərarına gəlib.
Bu barədə “Bloomberg” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin yazdığına görə, Tramp ABŞ-da təxminən bir əsrdir qüvvədə olan Cons qanununa (Jones Act) tətbiq edilən istisnanı 90 gün müddətinə uzadıb.
Həmin qanuna əsasən, ABŞ limanları arasında yüklər yalnız Amerika şirkətlərinə məxsus, ABŞ bayrağı altında üzən və amerikalı operatorlar tərəfindən idarə olunan gəmilərlə daşına bilər.
Yeni qərar Vaşinqton vaxtı ilə bazar ertəsi gecə saat 00:00-da qüvvəyə minəcək. Bu isə əvvəlki güzəştin müddətinin başa çatmasına iki gün qalmış onun fasiləsiz davam etməsinə imkan verəcək.
Güzəşt benzin, aviasiya yanacağı, xam neft, nafta, mayeləşdirilmiş təbii qaz, soya yağı və gübrələrin daşınmasına şamil olunur.
Bununla belə, Tramp güzəştin əhatə dairəsini genişləndirməyib. Avqust ayında tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır. Belə ki, bu yükləri daşıyan hər reysdən əvvəl ABŞ hakimiyyəti həmin marşrut üzrə istifadə oluna biləcək boş Amerika gəmilərinin olub-olmadığını yoxlamalıdır.
Ağ Ev xarici gəmilər üçün ilk dəfə 60 günlük güzəşti martın 17-də tətbiq etmişdi. Bu qərar fevralın sonunda ABŞ və İsrailin İrana qarşı başlatdığı “Epik qəzəb” adlı hərbi əməliyyat fonunda verilmişdi.
Məqsəd Hörmüz boğazında gəmiçiliyin faktiki dayanmasından sonra ABŞ-ın yanacaq bazarında mümkün fasilələrin qarşısını almaq idi.
