Mütəxəssislərin sözlərinə görə, trombun əlamətləri onun yerləşdiyi nahiyədən asılıdır. Dərinin səthinə yaxın damarlarda yaranan trombları çox vaxt adi gözlə görmək mümkün olur. Dərin venalarda əmələ gələn tromb isə uzun müddət heç bir əlamət vermədən qala bilər.
Trombu necə tanımaq olar?
Dərinin müəyyən nahiyəsində göyümtül və ya qırmızımtıl rəng dəyişikliyi, ətraflarda, xüsusilə də ayaqlarda şişkinlik, əzələ qıcolmaları ilə müqayisə edilə bilən ağrılar müşahidə olunarsa, buna ciddi yanaşmaq lazımdır. Tromb yaranan nahiyədə dəri bədənin digər hissələri ilə müqayisədə daha isti ola bilər. Bu, həmin sahədə baş verən yerli iltihabi proseslə əlaqədardır.
Bundan başqa, aşağıdakı əlamətlərə də diqqət yetirmək lazımdır:
-Ayaqda və ya qolda keyimə, yaxud qarışqa gəzməsinə bənzər hiss;
-Ətraflarda ağırlıq hissi;
-Hərəkət zamanı ağrının güclənməsi;
-Nəfəs darlığı və sinə ağrısı (tromb ağciyərlərə çatdıqda).
Tromblar niyə yaranır?
Tromb yaranmasının ən geniş yayılmış səbəblərindən biri qanın damarlarda durğunlaşmasıdır. Bu, azhərəkətli həyat tərzi, uzun müddət eyni vəziyyətdə qalmaq (məsələn, oturaq iş və ya uzunmüddətli təyyarə səfərləri), əməliyyatlardan və travmalardan sonra baş verə bilər.
Digər risk faktorları bunlardır:
-Varikoz damar genişlənməsi;
-Uzun müddət yataq rejimində qalmaq;
-Orqanizmin susuzlaşması;
-Piylənmə;
-Siqaret çəkmək;
-Hormonal preparatların, o cümlədən oral kontraseptivlərin həkim nəzarəti olmadan qəbulu;
-Qanın laxtalanma pozuntularına genetik meyillilik.
Trombun əsas təhlükəsi qoparaq həyati əhəmiyyətli damarı tıxaya bilməsidir. Xüsusilə ağciyər arteriyasının tromboemboliyası təhlükəlidir. Bu zaman dərin venalarda yaranan tromb qan dövranı vasitəsilə ağciyərlərə çatır. Vaxtında tibbi yardım göstərilmədikdə bu vəziyyət kəskin tənəffüs çatışmazlığına, hətta ölümə səbəb ola bilər.
Tromboemboliyadan şübhələndikdə ilk yardım
Özünüzdə və ya yaxınınızda təhlükəli əlamətlər müşahidə etdikdə vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır. Həkimlər gələnədək:
-Şəxsi sərt və düz səthdə uzandırın;
-Hər hansı fiziki fəaliyyəti dayandırın;
-Təmiz havanın daxil olmasını təmin edin;
-Həkim təyinatı olmadan heç bir dərman verməyin.
Tromb yaranmasının qarşısını necə almaq olar?
Həkimlər gündəlik qidalanmada təbii antikoaqulyant xüsusiyyətləri olduğu iddia edilən məhsullara yer verməyi tövsiyə edirlər. Bunlara daxildir:
Sarımsaq – tərkibindəki allisin maddəsi qanın laxtalanmasına təsir göstərə bilər;
Kətan toxumu – Omeqa-3 yağ turşuları ilə zəngindir;
Sarıkök – iltihabəleyhinə xüsusiyyətlərə malikdir;
Kayen bibəri – qan dövranını yaxşılaşdırdığı və qanın özlülüyünü azaltdığı iddia olunur.
Bundan başqa, aşağıdakı məhsullar da faydalı hesab edilir:
-Yaşıl çay;
-Zəncəfil;
-Giləmeyvələr (xüsusilə mərcanı, moruq və qaragilə);
-Kakao tərkibi yüksək olan tünd şokolad.
Vacib tövsiyələr
-Uzun müddət hərəkətsiz vəziyyətdə qalmayın;
–Oturaq iş zamanı fasilələr verərək hərəkət edin;
-Orqanizmin su balansına diqqət yetirin – susuzlaşma qanın qatılaşmasına səbəb ola bilər;
-Bədən çəkisinə və xolesterin səviyyəsinə nəzarət edin;
-Siqaretdən imtina edin.
Unutmayın ki, damarların sağlamlığı uzun və aktiv həyatın vacib şərtlərindən biridir. Müntəzəm tibbi müayinələr, bədənin verdiyi siqnallara diqqət və profilaktik tədbirlər həyatınızı xilas edə bilər.
