Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün MİDA-nın güzəştli mənzil layihələri mühüm imkanlardan biridir. Lakin bu mənzilləri almaq hüququ hamıya şamil edilmir. Qanunvericilikdə konkret peşə sahibləri, müəyyən iş stajı olan şəxslər, şəhid ailələrinin üzvləri, hərbçilər, müəllimlər, jurnalistlər və digər kateqoriyalar üçün xüsusi şərtlər müəyyən edilib.
Azərbaycanda güzəştli mənzil almaq hüququ kimlərə verilir? Gənc ailə hansı tələblərə cavab verməlidir? Jurnalistlər, müəllimlər və dövlət qulluqçuları neçə il işlədikdən sonra bu imkandan yararlana bilərlər?
Güzəştli mənzil almaq hüququ olan şəxslər kimlərdir?
MİDA-nın sərəncamında olan mənzilləri güzəştli qiymətlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən müəyyənləşdirilir. Bu hüquq əsasən iki böyük qrupa şamil olunur: yaşı 35-dən çox olmayan gənc ailələrin üzvləri və yaşından, ailə vəziyyətindən asılı olmayaraq müəyyən edilmiş kateqoriyalara aid şəxslər.
1. Yaşı 35-dən çox olmayan gənc ailələrin üzvləri
Gənc ailə dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, həmçinin himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur.
Bu kateqoriyaya aid gənc ailələrin üzvləri aşağıdakı hallarda güzəştli mənzil almaq hüququ əldə edə bilərlər:
-Şəhidin övladları;
-Azərbaycanın Milli Qəhrəmanının özü, həyat yoldaşı və övladları;
-Məcburi köçkün və ya ona bərabər tutulan şəxslər;
-Ən azı 3 il dövlət qulluğunda çalışan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;
-Ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər;
-Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər;
-İdman sahəsində xüsusi xidmətləri olan şəxslər;
-Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər.
Burada vacib məqam odur ki, sadəcə 35 yaşdan aşağı olmaq və ya ailə qurmaq güzəştli mənzil hüququ yaratmır. Gənc ailənin üzvü qanunvericilikdə sadalanan kateqoriyalardan birinə uyğun gəlməlidir.
2. Yaşından və ailə vəziyyətindən asılı olmayaraq mənzil ala bilənlər
Qanunvericilik bəzi kateqoriyalara aid şəxslərə yaş və ailə vəziyyəti məhdudiyyəti qoymadan güzəştli mənzil almaq hüququ verir.
Bunlara aşağıdakılar daxildir:
-Elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
-Ən azı 15 il dövlət qulluğunda çalışan şəxslər;
-Ən azı 3 il hərbi xidmətdə olan, habelə qanunvericilikdə göstərilən əsaslarla ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular;
-Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçmiş xüsusi rütbəsi olan şəxslər;
-Ən azı 3 il elmi vəzifədə çalışan elmi işçilər;
-Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər;
-Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər;
-Şəhid ailəsinin üzvləri – ər və ya arvad;
-Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı, onun həyat yoldaşı;
-Azərbaycanın Milli Qəhrəmanı, onun həyat yoldaşı;
-Ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələrinin hakimləri.
Məsələn, 15 il dövlət məktəbində müəllim işləyən vətəndaşın güzəştli mənzil hüququndan istifadə etməsi üçün mütləq gənc ailə üzvü olması tələb edilmir.
Jurnalistlər güzəştli mənzil ala bilərmi?
Jurnalistlər üçün güzəştli mənzil hüququ 2022-ci ildə qanunvericiliyə edilən dəyişikliklərlə müəyyənləşdirilib və 2023-cü ildən MİDA sistemində tətbiq olunur.
Bu hüquq iki fərqli şərtlə nəzərdə tutulur:
-Yaşı 35-dən çox olmayan gənc ailənin üzvü olan, ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;
-Yaşından və ailə vəziyyətindən asılı olmayaraq, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Deməli, jurnalist peşəsində işləmək təkbaşına kifayət etmir. Müvafiq iş stajı və Media Reyestrinə daxil olmaq şərti də yerinə yetirilməlidir.
Müəllimlər üçün hansı şərtlər var?
Müəllimlər də güzəştli mənzil hüququndan istifadə edə bilən kateqoriyalardandır.
Burada iki fərqli tələb mövcuddur:
-Gənc ailənin üzvü olan və dövlət ümumi təhsil müəssisəsində ən azı 3 il müəllim işləyən şəxs;
-Yaşından və ailə vəziyyətindən asılı olmayaraq, dövlət ümumi təhsil müəssisəsində ən azı 15 il müəllim işləyən şəxs.
Bu hüquq bütün özəl təhsil müəssisələrinin əməkdaşlarına avtomatik şamil edilmir. Qaydada konkret olaraq dövlət ümumi təhsil müəssisəsində işləmək tələbi göstərilir.
Güzəştli mənzil almaq üçün müraciət necə edilir?
Hüququ olan şəxslər əvvəlcə “Güzəştli mənzil” elektron sistemində qeydiyyatdan keçərək elektron kabinet əldə etməlidirlər. Müraciət my.gov.az portalı üzərindən gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Şəxsin müvafiq kateqoriyaya aid olması təsdiqləndikdən sonra onun elektron kabineti yaradılır.
Müraciətə, bir qayda olaraq, 5 iş günü ərzində baxılır. Əlavə araşdırma tələb olunan hallarda bu müddət 10 iş günü artırıla bilər. Elektron kabinet əldə etmək mənzilin avtomatik verilməsi demək deyil. Bu, vətəndaşa elan edilmiş satış zamanı mənzil seçmək imkanı yaradır. MİDA-nın rəsmi məlumatına əsasən, elektron kabinetə sahib olan vətəndaşlar mənzil seçimində qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq bərabər hüquqa malikdirlər.
Mənzili ipoteka ilə almaq mümkündürmü?
MİDA mənzillərini üç əsas ödəniş üsulu ilə əldə etmək mümkündür:
-Güzəştli ipoteka krediti hesabına;
-Şəxsi vəsait hesabına;
-Digər kredit təşkilatından cəlb edilən kredit hesabına.
Güzəştli ipoteka ilə mənzil almaq istəyən şəxs əvvəlcə agent banka müraciət edərək ilkin razılıq qərarı əldə etməlidir. Bu qərar elektron kabinetdə yerləşdirilməli və mənzil seçimi zamanı qüvvədə olmalıdır.
MİDA-nın açıqladığı şərtlərə əsasən, güzəştli ipoteka 30 ilədək müddətə, illik 4 faizlə verilə bilər. İlkin ödəniş mənzilin satış qiymətinin ən azı 10 faizini təşkil edir. Kreditin verilməsi isə bankın ödəmə qabiliyyəti və digər tələblərinin yoxlanılmasından asılıdır.
Güzəştli mənzili neçə dəfə almaq olar?
Qanunvericiliyə görə, güzəştli mənzil əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Bundan başqa, MİDA-dan güzəştlə alınmış mənzilin üç il müddətində satılmasına, başqa şəxsə keçirilməsinə və kirayəyə və ya icarəyə verilməsinə məhdudiyyət tətbiq olunur. Bu səbəbdən mənzil almaq istəyənlər yalnız öz kateqoriyalarına uyğunluğu deyil, sonrakı mülkiyyət və istifadə məhdudiyyətlərini də nəzərə almalıdırlar.
Azərbaycanda güzəştli mənzil almaq imkanı geniş vətəndaş qruplarına deyil, qanunvericiliklə müəyyən edilmiş xüsusi kateqoriyalara verilir. Ən vacib şərt isə həmin kateqoriyaya uyğunluğu təsdiqləmək, elektron kabinet əldə etmək və satış zamanı mənzili seçməkdir.
Samir Abdulla
