İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 17-də İslam Respublikasının Vaşinqtonda kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə KİV-də yayılan məlumatları təkzib edib və bu iddiaları cəfəngiyat adlandırıb.
“Son 72 saat ərzində İsrailyönlü media İranın guya Vaşinqtonda kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı, eyni zamanda bəndlərin altında raket bazaları tikdiyi barədə məlumatlar yayıb. Bu, cəfəngiyatdır”, – deyə o, X sosial şəbəkəsində yazıb.
Əraqçi bu məlumatları İraq müharibəsi dövründə aparılan təbliğatla müqayisə edib və yayılan iddiaların arxasında “açıq-aydın İsrail izinin” olduğunu bildirib.
Mehr agentliyinin məlumatına görə, bununla paralel olaraq mediada İranın su infrastrukturu ilə raket proqramı arasında guya əlaqənin olması barədə ehtimallar yayılıb. İddialara əsasən, ölkədəki geniş bəndlər şəbəkəsindən “raket istehsalı güclərini gizlətmək” üçün istifadə oluna bilər.
CNN telekanalı noyabrın 16-da İranın ABŞ rəsmilərinə qarşı kimyəvi silahdan istifadə etməklə hücum hazırladığı barədə məlumat yayıb.
Breitbart News nəşrinin istinad etdiyi sənədlərdə qeyd olunub ki, kəşfiyyat orqanları İranın mümkün hücumunun konkret məkanları və hədəfləri barədə məlumat əldə edib. Bundan başqa, partlayıcı qurğunun hazırlanması üçün nəzərdə tutulan materialların əvvəlcədən yerləşdirildiyinə işarə edə biləcək məlumatlar da ələ keçirilib.
N.Talıblı
