Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə təyinatından sonra ilk açıqlamasını yayıb.
O, sosial şəbəkə hesabında paylaşdığı statusda göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və bu təyinatı özü üçün böyük şərəf adlandırıb.
Məleykə Abbaszadə bildirib ki, dünən Dövlət İmtahan Mərkəzində (DİM) doğma kollektivi ilə sağollaşıb. O, qurumda çalışdığı illəri xatırlayaraq imtahan sisteminin yaradılması və inkişafı prosesində komanda ilə birlikdə ciddi əmək sərf etdiklərini vurğulayıb.
Onun sözlərinə görə, 1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırılması həmin dövr üçün həm yenilik, həm də çətin iş olub. Əsas məqsəd ölkənin hansı bölgəsində yaşamasından asılı olmayaraq, hər kəsin imtahan qaydaları barədə aydın məlumat əldə etməsi və nəticələrə etibar edə bilməsi idi.
Yeni vəzifəsi ilə bağlı danışan Abbaszadə böyük vədlərlə çıxış etmək istəmədiyini bildirib. İlk mərhələdə universitetdə mövcud vəziyyətin dərindən öyrənilməsini, kollektivlə açıq və peşəkar dialoqun qurulmasını, tələbələrin fikirlərinə diqqətlə yanaşılmasını vacib saydığını qeyd edib.
Yeni rektor universitetdə əldə edilmiş nailiyyətlərin qorunaraq inkişaf etdirilməli olduğunu vurğulayıb. Onun fikrincə, müasir universitet elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri müstəqil qərarlar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.
Məleykə Abbaszadə tələbələrin universitetdə suallarını sərbəst verməsini, fikirlərini açıq ifadə etməsini və gələcəkləri barədə müstəqil qərarlar qəbul etməsini istədiyini bildirib.
