Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ və Avropa ölkələri təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada öz hərbi qüvvələrini və bazalarını yerləşdirməlidir.
Azpost.info bildirir ki, onun sözlərinə görə, Vaşinqtonun təklif etdiyi zəmanətlər NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər olmalıdır.
“Fikrimcə, 5-ci maddə nümunəsində real təhlükəsizlik zəmanətlərinin bir hissəsi ABŞ və Avropa tərəfdaşlarının hərbi qüvvələrinin və bazalarının Ukraynada mövcudluğu olmalıdır. Bunlar olmadan 5-ci maddədən və ya ona bənzər mexanizmdən danışmaq çətin olacaq”, – Zelenski Berlində jurnalistlərə bildirib.
O vurğulayıb ki, Ukrayna ABŞ hərbçilərinin öz ərazisində fiziki mövcudluğunda maraqlıdır. Prezident bunu ABŞ-ın hərbi bazalarının yerləşdiyi Yaxın Şərq ölkələrindəki vəziyyətlə müqayisə edib.
Zelenskinin sözlərinə görə, hazırda NATO üzvlüyü olmadan Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin konkret olaraq nəyi ehtiva edəcəyi ilə bağlı vahid anlayış yoxdur. “Rusiya yenidən hücuma keçməyə cəhd edərsə, tərəfdaşlarımız nə edəcəklər? Hətta “əgər” yox, “nə vaxt” sualı ortaya çıxır. Bu, təkcə tərəfdaşlar üçün deyil, Ukrayna cəmiyyətinə və ölkəyə investisiya yatıracaq investorlar üçün də aydın olmalıdır. Onların konkret cavablara ehtiyacı var”, – Ukrayna prezidenti qeyd edib.
Zelenski ABŞ-ın 11 sentyabr terror aktlarına verdiyi reaksiyanı nümunə göstərərək, Ukraynaya qarşı yeni təcavüz halında cavabın da eyni dərəcədə qəti və aydın olmalı olduğunu bildirib.
“Söhbət eyni prinsipdən gedir: biz tərəfdaşlarımızla birlikdə dəyərlərimizi və azadlığımızı müdafiə edəcəyik. Putin və ya başqa biri yenidən bizə hücum edərsə, cavab həqiqətən güclü olmalıdır”, – Zelenski deyib.
N.Talıblı
