Ukraynanı dəstəkləyən ölkələrin liderləri Berlində bir araya gəliblər.
Bu görüş Çin lideri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Çindəki danışıqlarının başa çatmasından bir neçə saat sonra keçirilib.
Azpost.info bildirir ki, bu barədə “Euronews” məlumat yayıb.
Avropa liderləri Ukraynadakı müharibəyə son qoymaq və qitəni təsir dairələrinə bölmək məqsədilə “Yalta konfransı formatının yenidən yaradılması” cəhdlərini qətiyyətlə rədd ediblər.
Bu barədə Kiyevin müttəfiqlərini birləşdirən “Könüllülər koalisiyası”nın cümə axşamı Berlində keçirilən görüşündə bəyan edilib. Görüş Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpinin Çində tarixi üçtərəfli görüşündən bir neçə saat sonra baş tutub. Bəzi şərhçilər bu görüşü 1945-ci ildə SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin iştirak etdiyi Yalta konfransına işarə edərək “ikinci Yalta” adlandırıblar.
Tramp, Putin və Si Ukrayna məsələsini müzakirə etsələr də, “Sülhə doğru yolda Bəyannamə” adlanan birgə bəyanatda Ukraynanın adı çəkilməyib.
Almaniya kansleri Fridrix Merts bildirib ki, Yalta formatı sülh gətirməyəcək: “Yalta formatı sülh gətirməyəcək. Yaltada Avropanı böldülər, onu parçalara ayırdılar. Biz belə bir hadisənin yenidən baş verməsinə imkan verməyəcəyik”. Merts 1945-ci ildə təsir dairələrinin bölüşdürülməsinin nəticələrinə işarə olaraq “Könüllülər koalisiyası”nın iştirakçılarına Berlin divarının bir parçasını hədiyyə edib.
Fransa prezidenti Emmanuel Makron isə Si, Putin və Trampın görüşünü tarixi hadisə hesab etmədiyini bildirib. “Düşünmürəm ki, bu, dünyanın yenidən qurulması deməkdir. Əgər Avropanın və onun təhlükəsizliyinin yenidən formalaşmasında əsas məqam varsa, bu, bu gün Berlində keçirilən görüşdür”, – Makron deyib.
Fransa prezidenti vurğulayıb ki, Ukraynada müharibənin başa çatması ilə bağlı danışıqlarda Ukraynanın özü, eləcə də Avropa, ABŞ və Rusiya eyni masa arxasında iştirak etməlidir. “Avropalılar öz talelərini özləri müəyyənləşdirmək qərarına gəliblər. Avropa müzakirə masasının üzərinə qoyulan bir predmet deyil, öz gələcəyini qurmaq istəyən dövlətlərin birliyidir”, – Makron qeyd edib.
Ukrayna prezidenti Volodimir Zelenski isə Berlində keçirilən görüşün Rusiyanın Avropa müttəfiqləri arasında parçalanma yaratmaq cəhdlərinin uğursuzluğunu göstərdiyini bildirib.
Berlində olan ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də Rusiyanı Avropanın danışıqlarda iştirakına imkan verməyə çağırıblar.
Avropa mümkün növbəti danışıqlar raundunda iştirak etmək üçün artıq yeddi nümayəndədən ibarət birgə qrup formalaşdırıb. Qrupa Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, eləcə də Avropa İttifaqı və NATO institutlarının nümayəndələri daxildir.
Nadir
