Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
İcra başçısı və müavini saxlanılaraq Bakıya gətirilib.
Qeyd edək ki, icra başçısı Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
BakuPost əməliyyatla bağlı bəzi məlumatlar əldə edib.
Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.
Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb.
Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir. “Naxçıvan” universitetini bitirib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb.Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.
2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09. 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.
08.09.2006 – 26.04.2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
26 aprel 2011-ci il tarixdə ölkə başçısının sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.