ABB bankdan onlayn şəkildə kart sifariş edən vətəndaş Fuad Kərimov xidmətlə bağlı ciddi narazılıq yaşadığını bildirir. O deyir ki, 16.11.2025 tarixində sifariş etdiyi kartın ünvana çatdırılması barədə əvvəlcədən heç bir məlumat verilməyib.
AzPost xəbər verir ki, şikayətçinin sözlərinə görə, sifariş zamanı nə tətbiqdə, nə də rəsmiləşdirmə prosesində kartın 5 iş günü ərzində çatdırılacağı barədə hər hansı qeyd olmayıb. Məhz buna görə Fuad Kərimov bildirdiyi ünvanda həmin günlərdə olmaya biləcəyini əvvəlcədən bilmədiyini vurğulayıb.
Sifarişdən dərhal sonra canlı çatla əlaqə saxlayan vətəndaşa operator Nəzrin xanımın münasibəti isə narazılığın əsas səbəblərindən biri olub:
“Mümkün deyil, sizə uyğun deyilsə öncədən fikirləşməli idiniz” – operatorun bu cavabı şikayətçini təəccübləndirib.
Fuad Kərimov qeyd edir ki, operator əvvəlcə iddia edib ki, tətbiqdə 5 iş günü barədə qeyd var. Daha sonra isə özü etiraf edib ki, tətbiqdə belə bir məlumat göstərilmir:
“Mən hansı məlumata əsasən öncədən fikirləşməli idim? Heç yerdə göstərilməyən müddətə görə müştəri niyə günahlandırılmalıdır?” – deyə o sual edir.
Şikayətçi bildirir ki, 16.11.2025 tarixində verilmiş sifariş 21.11.2025 tarixinə qədər çatdırılmalı idi. Lakin kart gətirilməyib. 24.11.2025 tarixində isə yalnız sorğu qeydə alınıb. Sorğu nömrəsi: 100491656.
Həmin sorğu ilə bağlı göndərilən bildirişdə icra müddətinin 1 iş günü olduğu qeyd olunub. Amma artıq 27.11.2025 olmasına baxmayaraq, nə cavab verilib, nə də kart çatdırılıb. Operatorlarla əlaqə saxlayanda isə yalnız “qısa zamanda əlaqə saxlanılacaq” deyə cavablandırılır.
Fuad Kərimov bildirir ki, hələ ABB bankın müştərisi deyil, yalnız kart almaq istəyir:
“Sadəcə kart sifariş etmişəm, hələ müştəri olmamış məni incidir, vaxtımı alır və əsəblərimi pozurlar. Bu, doğrudanmı ABB bankın müştəri məmnuniyyəti göstəricisidir?”



