ABB-nin müştərisi sosial şəbəkədə bankın köçürmələr zamanı komissiya və vergi barədə düzgün məlumat vermədiyini iddia edərək narazılığını bildirib. AzPost xəbər verir ki, şikayətçi Səyyad Babayevin sözlərinə görə, o, digər karta köçürmə edərkən tətbiqdə komissiya və ya əlavə tutulacaq vergi barədə heç bir məlumat göstərilməyib.
Onun bildirdiyinə görə, köçürmə başa çatdıqdan sonra balansından 29,08 manat vergi tutulub, lakin bu məbləğ əvvəlcədən heç bir yerdə əks olunmayıb.
“Mən həmin 29 manatı görsəydim, köçürməni etməzdim. Bu, yeni taktika deyil? Komissiya hissəsində boş göstərilir, amma əməliyyatdan sonra 29,08 manat çıxılır. Bunun adı saxtakarlıqdır”, — deyə şikayətçi bildirib.
Səyyad Babayev ABB-yə müraciət etdiyini, bankın isə bunu “texniki məsələ” kimi izah etdiyini qeyd edib. O, vəsaitin geri qaytarılmasını tələb edir və məsələnin qısa müddətdə həll olunmasını istəyir.
Müştəri digər istifadəçilərə də köçürmə edərkən diqqətli olmağı tövsiyə edir.
