ABB-nin “süni intellekt” paradoksu- Daimi müştəri kreditdən niyə kənarda qalır?

Beynəlxalq bank
Beynəlxalq bank

Uzun illər bankla problemsiz əməkdaşlıq edən və maliyyə intizamı ilə seçilən bir vətəndaş bu dəfə ABB-nin qərarı ilə üzləşərək narazılığını ictimaiyyətlə bölüşüb.

AzPost xəbər verir ki, sözügedən şəxs ABB-dən dəfələrlə kredit götürdüyünü, bütün ödənişləri vaxtından əvvəl və gecikməsiz bağladığını bildirir. Onun sözlərinə görə, hazırda 5 ildən artıqdır dövlət qurumunda çalışır və aylıq net əməkhaqqısı 1850 manatdır. Mükafatlarla birlikdə aylıq gəlirin orta hesabla 2300 manata çatdığı qeyd olunur.

Vətəndaş bildirir ki, 2025-ci ilin oktyabr ayında ABB-yə kredit üçün müraciət etsə də, bank tərəfindən imtina cavabı alıb. İmtinanın səbəbi kimi aktiv ipoteka krediti və yalnız net əməkhaqqının əsas götürülməsi göstərilib. Bu səbəbdən o, məcbur qalaraq başqa bankdan daha yüksək faizlə kredit götürüb. Maraqlısı isə bundan sonra başlayıb.
Şikayətçinin sözlərinə görə, ABB əməkdaşları dəfələrlə onunla əlaqə saxlayaraq digər bankdakı kreditin ABB-yə daha aşağı faizlə daşınmasını təklif ediblər. Lakin yoxlamalar aparıldıqdan sonra bank yenidən eyni mövqeni sərgiləyib. ABB mükafatları daimi gəlir kimi qəbul etmədiyini və yalnız net əməkhaqqını nəzərə aldığını bildirib. Vətəndaş isə son 6 ayda iki dəfə 3000 manat mükafat aldığını, bunun real və qanuni gəlir olduğunu vurğulayır.
Onun fikrincə, gəlirin hansı dövrdə əldə olunmasının fərqi yoxdur, əsas olan ümumi məbləğ və ödəniş qabiliyyətidir. Şikayətçi qeyd edir ki, bank əməkdaşları bu qərarın “süni intellekt sistemi” tərəfindən avtomatik verildiyini deyiblər. Bu isə narazılığı daha da artırıb. Vətəndaş hesab edir ki, insan faktorunun nəzərə alınmaması və çevik yanaşmanın olmaması daimi müştərilərin itirilməsinə səbəb olur.

Nəticə olaraq, şikayətçi ABB-yə müraciət edərək süni intellekt əsaslı kredit qiymətləndirmə mexanizminə yenidən baxılmasını istəyir. Onun sözlərinə görə, bu cür yanaşma bankın müştəri məmnuniyyətinə və ümumi reputasiyasına mənfi təsir göstərir. Məsələ sosial şəbəkələrdə də müzakirələrə səbəb olub və bir çox istifadəçi oxşar hallarla üzləşdiklərini bildirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.