ABŞ Belarus xalqının hədəflərini dəstəkləyir. Bu sözləri ABŞ dövlət katibi Mike Pompeo Varşavada keçirilən mətbuat konfransında səsləndirib. O, ABŞ-ın Belarusdakı vəziyyəti yaxından izlədiyini və Avropalı tərəfdaşlarla mümkün addımları müzakirə etdiyini söyləyib.
Pompeonun fikrincə, bu məsləhətləşmələrin məqsədi “Belarus xalqına kömək etməyə çalışmaqdır”. Pompeo Vaşinqtonun Belarusda keçirilən seçkiləri azad və ədalətli hesab etmədiyini təkrarlayıb və Belarus xalqının tələblərini – azadlıq və suverenliyi dəstəklədiyini vurğulayıb. Dövlət katibi Belarus hakimiyyətinə müraciət edərək onları vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb.
Pompeo aksiyada həbs olunanların bəzilərinin sərbəst buraxılmasını doğru addım hesab etsə də bunun yetərli olmadığını deyib. Pompeo ilə keçirdiyi mətbuat konfransında Polşanın xarici işlər naziri Jacek Czaputovich Avropa Birliyinin Belarusdakı hadisələrlə əlaqədar sanksiyaları müzakirə etdiyini, ancaq bunun seçki saxtakarlığı və zorakılığa görə məsul olan yüksək vəzifəli şəxslərə şamil ediləcəyini, ölkə iqtisadiyyatına təsir göstərməyəcəyini söyləyib.