Koronavirus və Aşura –Təziyə mərasimi necə keçiriləcək?

Dünyanı başına almış pandemiya dövlətləri öz rəvan həyatından ayırıb, insanların yaşam tərzini dəyişdirib, mənəviyyata, inama söykənən ənənələrə yeni yanaşma gətirib.

Virusun yaratdığı sosial problemləri həll etməyə çalışan dövlətlər məcburi məhdudiyyətlərin gətirdiyi çətinlikləri aradan qaldırmaq üçün var qüvvələri ilə çalışırlar.

Dünya pandemiya səbəbindən daha bir gözlənilməz situasiya ilə üzləşməli oldu. Min illərin dini inancına söykənən kütləvi mərasimləri necə yönləndirməli?

İnsanlar indiyə qədər görünməmiş addımların şahidi oldular: Müqəddəs məkanlar, kütləvi ziyarət yerləri qapandı. Hər il milyonlarla zəvvarın ziyarətə gəldiyi Kəbə evi koronavirus səbəbindən mömünləri qəbul edə bilmədi.

İnsanlar Pandemiya dalğasının gətirdiyi bu sosial narahatlığı anlayışla qarşılıq verdilər.

Azərbaycan da bu sırada oldu. Pandemiya səbəbindən dini ritualların, mərasimlərin keçirilməsinə qoyulan məhdudiyyətlər ölkənin inanclı insanlarını daha sabit mövqe nümayişinə imkan yaratdı: Onlar dövlətin bu bəlaya qarşı apardığı mübarizəsində önəmli yer aldılar.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin bu çətin günlərdə verdiyi dəstəyi qeyd etmək lazımdır. Dini cameəni “kənar səs”lərdən ayırmaq, bu ağır günlərdə mərasimləri təxirə salmağın səbəblərini izah etmək üçün QMİ sədri özünün bütün arsenalını işə saldı. Məscidlərdə deyil, evdə oturmaq, dövlətin bu virusla bağlı qoyduğu qaydalara əməl etmək çağırışlarını əsas məsələyə çevirərək çətin günlərdə mürəkkəb situasiyaların həllində dövlətə dəstək verdi. Yas mərasimlərində kütləvi yoluxma təhlükəsinin mövcudluğu orada insanların az iştirakını tələb edirdi. Bununyas sahiblərinə izahı, iştirakçıların dəfndə iştirakını tənzimləmək üçün QMİ bütün lazımi addımları atdı.

İndi qarşıdan müsəlmanlar üçün ağır ay sayılan Məhərrəm ayı gəlir. İmam Hüseyn təziyəsi və Aşura mərasimləri Azərbaycanda həmişə öz izdihamı ilə seçilib. Məscidlərə toplaşan minlərlə mömün imam Hüseynin qətli ilə bağlı yas saxlayıb, əzadarlıq mərasiminin iştirakçısı olub. Yüksək intizamı ilə diqqəti çəkən bu mərasimlər ölkənin inanclı kəsiminin kədərini ifadə etmək üçün imkan olub.

Bu il Pandemiya səbəbindən Aşura mərasimi keçirilməyəcək.

Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumatda məscidlərin açılması ilə bağlı vətəndaşların narahatlığı təbii qarşılansa da qeyd edilib ki, bu gün vəziyyət tamamilə başqadır. Bütün dünya pandemiya dövrünü yaşayır. Hazırda istər İslam, istərsə də qeyri-müsəlman dövlətləri təkcə dini sahədə deyil, bütün sahələrdə insanları bir yerə toplayan tədbirləri təxirə salıblar.

Hazırda bütün ölkələr pandemiya ilə bağlı yaradılan qərargahların qərarlarını əsas tuturlar. Bu qərarların əsas prinsipi isə insanların sağlamlığıdır.

“Bu gün biz əvvəlki dövrlərdən fərqli olaraq, internet, sosial şəbəkələr vasitəsilə alimləri dinləyib öz ailəmizin yanında da matəm mərasimi qura bilirik. Sovet dövründə belə dini mərasimlərin keçirilməsi ümumiyyətlə qadağan olunmuşdu. Bu gün isə bunun üçün hər bir şərait var. Sadəcə olaraq, pandemiyanın törədə biləcəyi mənfi nəticələri nəzərə almaq və Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək lazımdır”, – deyə QMİ-nin nümayəndəsi Ağasəid Yaqubov bildirib.

Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada da qeyd olunur ki, insanların dini etiqad azadlığına dərin hörmətlərini ifadə edirlər: “Tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.

Aşurada ənənəvi qanvermə aksiyası da bu il yeni qaydada keçiriləcək. Hazırda TƏBİB bunu Qafqaz Müsəlmanları İdarəsi ilə də müzakirə edir. Bu il vətəndaşlar Mərkəzi Qan Bankında Hemotologiya və Transfiziologiya Mərkəzinə yaxınlaşaraq qan verə biləcəklər.

Vətəndaşlar bütün sosial məsafə qaydalarına riayət edərək, maska taxaraq qanvermə aksiyalarında iştirak edə bilər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinində bununla bağlı şöbələr ayrılacaq və burada qanvermə aksiyaları keçiriləcək.

Bütün bu prosesdə Şeyxülislam Allahşükür Paşazadənin tutduğu mövqe diqqəti cəlb edir. QMİ sədri həmişə dini mərasimlərdə innovativ yanaşma sərgiləyərək bu tədbirlərdə xurafatın əleyhinə olan təklifləri ilə yadda qalıb. Elə yuxarıda xatırlatdığımız qanvermə aksiyası da A.Paşazadənin birbaşa təşəbbüsü ilə meydana gəlib.

Pandemiya zamanında da QMİ sədri çox həssas məsələ olan dini mərasimlərin idarə olunmasında öz töhfələrini verdi. İnanclı kəsimə dövlətin qoyduğu məhdudiyyətləri səbrlə izah edən və bununla bağlı Şeyxülislamlıq məqamının verdiyi səlahiyyətdən istifadə edən A.Paşazadə sağlam cəmiyyətdə mənəvi və ruhi salamatlığın daha vacib olduğunu təlqin edə bildi.

Mərasimlər üçün QMİ rəhbəri internetin imkanlarından istifadəni də vacib detal kimi göstərib.

Göründüyü kimi Aşura mərasiminin keçirilməsi üçün yeni media platformasından yararlanmaq mümkündür. Onlayn şəkildə təşkil ediləcək moizələr insanlara evdə oturub dini mərasimdə iştirak etmək imkanı verəcək. Məlum olduğu kimi hər il Aşura günü ilə bağlı məscidlərdə ehsanlar verilirdi. Bu il belə ehsanların ev-ev paylanması praktikasından istifadə etmək olar.

Bəşəriyyət tarixinin müxtəlif dövrlərində baş vermiş pandemiyalar, kütləvi yolxucu xəstəliklər milyonlarla insanın ölümü ilə müşayət olunub. Bu bəlalara qarşı səmavi dinlər həmişə ön sırada olublar. Bu gün bəşəriyyətin yaşadığı texnoloji inqilab səhiyyə sahəsinə ağlagəlməz yeniliklər gətirib, ölkələrdə sağlam cəmiyyət formulunu ön cərgəyə çıxarıb. İnsan sağlamlığının qorunmasını özünün ən vacib məsələsi elan edən dövlətlərin sırasında Azərbaycan da var. Bu məsələdə uğura nail olmaq üçün cəmiyyətin mütəşəkkilliyi mühüm məsələdir. QMİ bunun üçün səy göstərir. Pandemiya zamanı sosial problemlərin həllində, cəmiyyətin ruhi harmoniyasının saxlanması üçün mənəvi gücün böyük rolu var. Din xadimlərinin dövlətlə çiyin-çiyinə bu bəlaya qarşı mübarizədə iştirakı bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Emin ABBASOV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ Belarus xalqını dəstəkləyir” –

Sonrakı məqalə

“Paşinyanın uğursuz müsahibəsi…” –