“ABŞ Cənubi Qafqazı prioritet kimi görmür” –Qərb ekspertlərindən Tovuz döyüşlərinə ŞƏRH  

Ötən həftə Azərbaycan-Ermənistan sərhədində, Tovuz rayonu istiqamətində baş vermiş toqquşmalar Qərb mediasında təhlil olunmaqdadır.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Paul Stronski münaqişənin pərdəarxasından yazır. Müəllifin fikrincə, hər iki ölkə hazırda bayraq ətrafında birləşməkdədir. Müxalifətçilər fikir ayrılıqlarını bir kənara qoyaraq əsgərləri dəstəkləyiblər.

Ancaq Bakıda iyulun 14-də orduya dəstək yürüşünə toxunan müəllif bu aksiyanı son vaxtlar Azərbaycanda aşağıların ən böyük narazılığı adlandırır, “müharibənin proqnozlaşdırılmayan fəsadlar törədə biləcəyini” ortaya qoyduğunu vurğulayır.

Müharibə heç bir ölkəyə lazım deyil

Müəllif Ermənistanda siyasi qütbləşmənin yüksək olduğunu, Baş nazir Nikol Paşinyanın hökumətinin koronavirusa reaksiyasının ciddi tənqid olunduğunu yazır. Sərhəd toqquşmaları isə bu məsələləri arxa plana keçirib, azından parlamentdəki müxalifət fraksiyası üçün.

“Hazırda bu ölkələrin heç birinə hərbi münaqişə lazım deyil. Həm Ermənistan, həm də Azərbaycan koronavirus pandemiyası ilə mübarizə aparır. Münaqişənin qızışmasının heç bir ölkəyə faydası yoxdur. Döyüş regionda onsuz da həssas humanitar vəziyyəti daha da mürəkkəbləşdrir. Rusiya, İran, Orta Asiya koronavirus yoluxmaları, işsizliyin artması, çabalayan iqtisadiyyatın öhdəsindən gəlməyə çalışır”, – məqalədə deyilir.

Müəllif Rusiyanın indiyədək özünü daha fəal vasitəçi kimi göstərdiyini, Türkiyənin Azərbaycanı açıq dəstəklədiyini vurğulayır. Birləşmiş Ştatlarda isə aparıcı hökumət rəsmiləri məsələyə yetərincə diqqət ayırmırlar.

“Dövlət katibi Mayk Pompeo iyulun 13-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ilə telefon söhbətində bu məsələni qaldırmayıb, iki gün sonra mətbuat konfransında məsələni şərh edib. Dörd ildir hakimiyyətdə olmasına baxmayaraq, Prezident Donald Tramp administrasiyası hələ Cənubi Qafqazla bağlı siyasət açıqlamayıb və bu da İran və Rusiyanın həvəslə doldurmağa çalışdığı boşluğa yol açıb. Son toqquşmalara yüksək səviyyədə reaksiyanın olmaması bir daha onu göstərir ki, Vaşinqton Qafqazı prioritet kimi görmür”, – müəllif vurğulayır.

 ABŞ neyləsin?

ABŞ və Rusiyanın sülh sazişi üzərində işləməsindən ötrü nadir fürsət yaranıb. Bunu isə “The Washington Post” qəzetində David Ignatius yazır. Bu iki ölkənin sülh prosesinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olduğunu vurğulayır.

Birləşmiş Ştatların regionda bir-birinə zidd məqsədləri olduğunu yazan müəllif Rusiyayla münasibətlərin “soyuq müharibə” səviyyəsinə düşdüyünü qeyd edir. “Prezident Tramp 2016-cı ildən deyir ki, münasibətləri yaxşılaşdırmaq istəyir. Ancaq Rusiyaya qarşı hər hansı birbaşa açılım ziddiyyətli olar və Trump çətin ki siyasi bədəl yüksək olarsa buna getsin. Amma Minsk qrupu marşrutu siyasi baxımdan məqbul görünə bilər”, – məqalədə deyilir.

“Bu oyunda proqnozlaşdırılmayan tərəf Türkiyədir. Prezident Recep Tayip Ərdoğan yenidən müsəlman dünyasının lideri roluna iddia edir, Suriya, İraq, Liviyaya müdaxilələr edir. Onun yeni Osmanlı strategiyası bir sıra simvolik hərəkətlər, məsələn, Aya Sofyanın yenidən məscidə çevrilməsi ilə də özünü büruzə verir… Ərdoğan Türkiyənin Egey dənizində neft çıxarma hüquqlarından dəm vurmaqla Yunanıstanı da qəzəbləndirir”, – yazan müəlif Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə əlaqələri pozmamasına, Moskvadan hərbi texnika almasına da diqqət çəkir. Eyni zamanda iki ölkə Suriya və Liviyada proksi müharibəsi aparır.

“Birləşmiş Ştatlar bu qarmaqarışıq vəziyyəti daha da pisləşdirməmək üçün neyləsin? Rusiya-Türkiyə qarşıdurmasını daha da gücləndirməməkdən ötrü daha yaxşı ideya Minsk qrupu çərçivəsində diplomatik fəaliyyətdir… Ermənistan və Azərbaycan rəsmiləri böyük dövlətlərin bu cür vasitəçiliyinə həvəsli görünürlər. Bu kiçik müharibənin irinləyərək böyük münaqişəyə çevrilməsinə imkan vermək yanlış olardı. Belə ədavətlərin həllinə cəhd qədirbilməz iş sayılsa da, bu halda cəhd etməyə dəyər”, – müəllif yazır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məktəbləri açmaq barədə danışmaq tezdir” –

Sonrakı məqalə

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı –