ABŞ-da daha 1,3 milyon işçi işsizliyə görə müavinət üçün müraciət edib

10 İyul 2020 - 15:44

ABŞ-ın Əmək Nazirliyi ölkənin daha 1,3 milyon işçisinin işsizliyə görə müavinət üçün müraciət etdiyi barədə məlumat yayıb.

Azərtac xəbər verir ki, işsizliyə görə müavinət üçün yeni müraciətlərin sayının azalmasına baxmayaraq, – martın sonlarında bu rəqəm 6,9 milyona çatmışdı, – göstərici hələ də yüksək hesab olunur. Üç aydan çox müddətdə hər həftə ərzində azı 1 milyon müraciət olunub. COVID-19 pandemiyasına qədər işsizliyə görə müavinət üçün nazirliyə 1982-ci ildə olan 695 min müraciət həftəlik müraciətlərin sayının son rekord göstəricisidir.

ABŞ Əmək Nazirliyinin son göstəriciləri sübut edir ki, bəzi müəssisələr pandemiya məhdudiyyətlərinin yumşaldılması ilə bağlı öz fəaliyyətlərini bərpa etməyə başlayıblar. Lakin buna baxmayaraq, ABŞ-da təqribən 18 milyon nəfər hələ də işsizliyə görə müavinət alır. Pandemiyanın başlanması ilə 45 milyondan artıq amerikalı işini itirib.

Əmək Nazirliyinin statistik məlumatına müvafiq olaraq, işsizlərin rəsmi sayı iyun ayında 11,1 faiz təşkil edib. Böhran nəticəsində daha çox əziyyət çəkən sahələrə mehmanxana biznesini, pərakəndə ticarəti, qida və turizm sahələrini aid etmək olar.